Deputat xaricdə təhsil alanların nəticələrini təhlil etməyi təklif edir
Xaricdə dövlət xətti ilə təhsil proqramının ilkin nəticələri artıq təhlil olunmalıdır. Bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib.
Deputatın sözlərinə görə, xaricdə təhsil alan və daha sonra ölkəyə qayıdan məzunların hazırkı vəziyyəti ilə bağlı geniş ictimai dinləməyə ehtiyac var.
“Bu proqramın icrasından artıq 10 il keçib. Məzunlar harada çalışırlar, hansı sahələrdə məşğuldurlar – bunları obyektiv şəkildə qiymətləndirməliyik. Proqrama milyonlarla vəsait ayrılıb və bu pullar əsasən xarici universitetlərin gücləndirilməsinə yönəlib. İlkin nəticələri təhlil etməyin vaxtıdır”, – İsmayılzadə vurğulayıb.
Deputat ikinci əsas problemin ali təhsildə ixtisasların əmək bazarının tələblərinə uyğun gəlməməsi olduğunu bildirib. Onun sözlərinə görə, bəzi universitetlərdə tədris olunan ixtisaslar real iqtisadi ehtiyaclarla uzlaşmır.
“Nə qədər sürətlə yeni ixtisaslar aça bilirik? Bəlkə müəyyən sahələrdə universitetlərə daha geniş muxtariyyət vermək olar. Bu məsələlər üzrə Elm və Təhsil Nazirliyi ilə ictimai dinləmələr keçirməliyik”, – o əlavə edib.
Fariz İsmayılzadə qeyd edib ki, məqsəd dövlət vəsaitinin səmərəliliyinin artırılması, ali təhsilin əmək bazarı ilə əlaqəsinin gücləndirilməsi və təhsil siyasətinin uzunmüddətli nəticələrinin qiymətləndirilməsidir.
Azərbaycanda dövlət səviyyəsində xaricdə təhsil proqramlarının təşkili rəsmi şəkildə ilk dəfə 2007-ci ildə başlayıb.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox