Süni intellekt texnologiyaları 2031-ci ilə qədər bütün bəşəriyyətdən daha ağıllı səviyyəyə çata bilər
Süni intellekt texnologiyaları 2031-ci ilə qədər bütün bəşəriyyətdən daha ağıllı səviyyəyə çata bilər. Bu barədə amerikalı sahibkar İlon Mask Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda bildirib.
Maskın sözlərinə görə, mövcud inkişaf tempi saxlanılarsa, artıq ilin sonuna və ya ən gec gələn il hər bir insandan daha ağıllı süni intellekt sistemlərinin yaradılması mümkün olacaq.
“Bundan sonra, ehtimal ki, 2030 və ya 2031-ci ildə — yəni beş il ərzində — süni intellekt bütün bəşəriyyətdən daha ağıllı olacaq”, — Mask vurğulayıb.
Mask 2023-cü ilin aprelində süni intellektin inkişafı ilə məşğul olan xAI startapını təsis edib. Bir neçə ay sonra şirkət süni intellekt əsaslı Grok adlı çat-botu təqdim edib.
Layihənin yaradıcıları bildirirlər ki, Grok digər analoqlardan senzuranın olmaması və real vaxt rejimində aktual məlumatlara çıxış imkanları ilə fərqlənir.