Mehdiabaddan “28 May”a tramvay xətti çəkilməsinə başlanılıb
Bakı şəhəri və ətraf ərazilərdə ictimai nəqliyyatın genişləndirilməsi çərçivəsində Mehdiabad qəsəbəsindən “28 May” metro stansiyasınadək tramvay xəttinin yaradılması üzrə layihələndirmə işlərinə başlanılıb. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev məlumat verib.
Rzayev bildirib ki, layihə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində hazırlanır. Onun sözlərinə görə, tramvay xəttinin tətbiqi ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma (TİƏ) sənədi artıq hazırdır, hazırda isə detallı layihələndirmə mərhələsi icra olunur.
AYNA rəhbəri qeyd edib ki, marşrut üzrə texniki planlaşdırma da aparılıb: tramvay xəttinin keçəcəyi ərazilər nəzərə alınmaqla, “Sea Breeze” ərazisində yolun en kəsiyinin forması razılaşdırılıb.
Dövlət Proqramı 2025–2030-cu illərdə Bakı və Abşeron ərazisində nəqliyyat sıxlığının azaldılması, ictimai nəqliyyatın payının artırılması və alternativ nəqliyyat növlərinin inkişafını nəzərdə tutur. Rəsmi qurumların açıqlamalarına görə, tramvay xətlərinin bərpası avtomobil asılılığının azalması, sərnişin axınının metro ilə inteqrasiyası və ekoloji yükün azaldılması baxımından prioritet layihələr sırasında yer alır.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox