AEM bir ayda 48 aptekdə yoxlama aparıb, 7-də nöqsan aşkarlanıb
Yanvarda Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) ölkə üzrə 48 əczaçılıq müəssisəsində yoxlamalar aparıb. Bu barədə AEM məlumat yayıb.
Məlumata görə, yoxlamalardan 10-u Bakı şəhərində, 38-i isə regionlarda yerləşən apteklərdə həyata keçirilib. Aparılan yoxlamaların 32-si planlı, 16-sı plandankənar olub.
Yoxlamaların nəticələrinə əsasən, 7 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin 452.1, 452.2 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.
AEM bildirir ki, yoxlamalar əhalinin dərman təminatında təhlükəsizliyin və qanunvericiliyə uyğunluğun təmin edilməsi məqsədi daşıyır və bu istiqamətdə nəzarət tədbirləri davam etdiriləcək.
Aytac Zeynalova