Böyükşor gölündə yeni fekal çirklənmə aşkarlanmayıb
2 fevral 2026-cı il tarixində Böyükşor gölündən götürülmüş su nümunələrinin analizinə əsasən, göldə yeni fekal çirklənmə, yəni kanalizasiya sularının axıdılması faktı təsdiqlənməyib. Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin məlumatına görə, ammonium ionunun aşağı miqdarı yeni fekal çirklənmənin olmadığını göstərir.
Analizlər həmçinin göstərib ki, göl suyunun qələvi reaksiyası və səthi aktiv maddələrin mövcudluğu yuyucu vasitələrdən (detergentlər) qaynaqlanır. Küləkli hava şəraitində mexaniki qarışma nəticəsində səthi aktiv maddələr səthdə köpüklənmə effekti yaradır ki, bu ani çirklənmə hesab edilmir.
Xidmət qeyd edib ki, Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan və digər kollektor xətləri üzrə tikinti işləri, həmçinin sutəchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsi 2026–2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək. Bu tədbirlər nəticəsində ətraf ərazilərdə tullantı sularının idarə olunması təmin ediləcək və Böyükşor gölünün ekoloji vəziyyəti yaxşılaşacaq.
Gülnar