Deputat: ehtiyatda olan hərbçilərin mənzil növbəsi açıqlanmalıdır

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev şəhid ailələri, müharibə əlilləri və ehtiyatda olan hərbçilərin mənzil növbəsindəki sayı, eləcə də onların mənzillə təmin olunma müddətləri barədə hökumətin dəqiq məlumat açıqlamasını istəyib.
Deputat parlamentdə çıxışı zamanı bildirib ki, büdcə zərfində və rəsmi statistikada mənzil növbəsində olan şəhid ailələrinin və müharibə əlillərinin ümumi sayı, son altı ildə onlardan neçəsinin mənzillə təmin edilməsi barədə məlumat yoxdur.
“2027-ci ildə bu məqsədlə ayrılmış vəsait neçə mənzilin tikintisinə imkan verəcək? Nə qədər insan təmin olunacaq və nə qədər insan bundan sonra hələ gözləməli olacaq?” - o bildirib.
Həsənquliyev 20 Yanvar əlilləri arasında indiyədək mənzillə təmin olunmayan şəxslərin də olduğunu bildirib. Onun sözlərinə görə, həmin şəxslər bu məsələ ilə bağlı ona da müraciət edirlər.
Deputat ehtiyata buraxılan hərbçilərin mənzil təminatı məsələsinə də toxunub. O qeyd edib ki, bu məqsədlə 30 milyon manat vəsait ayrılması, o cümlədən mənzil kirayəsi xərclərinin qarşılanması üçün nəzərdə tutulan məbləğ kifayət qədər azdır.
“Hazırda nə qədər ehtiyatda olan hərbçimiz mənzil növbəsindədir, hər il onlardan neçəsi mənzillə təmin olunur, bu siyahı hansı sürətlə böyüyür və biz bu problemi hansı müddətə həll edə biləcəyik? Bu məsələlər, düşünürəm ki, ciddi şəkildə hökumətin müzakirə mövzusu olmalıdır”, – deputat vurğulayıb.

Son xəbərlər 
Daha çox 























