FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır

Bakının Badamdar qəsəbəsində sürüşmə prosesi aktiv fazadadır.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar sürüşmə sahəsində (Badamdar şosesi) keçirilən növbəti vizual baxış zamanı sürüşmə prosesinin hazırda aktiv fazada olduğu müəyyən edilib.
FHN qeyd edib ki, sürüşmə prosesinin dinamikası və aktivliyinin artması ehtimalı nəzərə alınaraq, ərazidə insanların təhlükəsiz yerə təxliyə edilməsi və yaxınlıqdakı obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması məqsədilə aidiyyəti dövlət qurumlarına rəsmi müraciət olunub.
Müraciət FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən edilib.
























