“Ekspertlər Cənubi Qafqazda hərbi büdcələrin artırılmasının yaxşı sonluqla bitəcəyini zənn eləmir. Bir çoxlarının fikrincə, Qafqazda sürətli silahlanma prosesi gedir. Bunun nə ilə nəticələnəcəyini fikirləşmək bir o qədər də çətin deyil. Çünki onlar bilirlər ki, Cənubi Qafqazda olan münaqişələrin sülh yolu ilə nizamlanması mümkün olana oxşamır”.
Bu sözlər Rusiyanın “Vestnik Kavkaza” saytında Cənubi Qafqaz ölkələrinin hərbi güclərinin müqayisəsi zamanı aparılan araşdırmada qeyd olunub. Ekspert və iqtisadçıların rəylərinə əsasən, hazırlanan araşdırma bir çox məqamları üzə çıxarıb.
Həmin hərbi araşdırmanı təqdim edirik:
Azərbaycan
Cənubi Qafqazda hərbi qüdrətinin və hərbi xərclərin miqdarına görə Azərbaycan liderdir. Onun hərbi büdcəsi ötən il 3,7 mlrd. dollar təşkil edib
Azərbaycan ordusunda 67 min əsgər və zabit xidmət edir. Orduda təxminən 700 zirehli döyüş maşını (BBМ) və piyadaların döyüş maşınları (BMP) var. Hazırda isə 340 tank (Т-90SA və Т-72), 14 qırıcı və 30 nəqliyyat-döyüş vertolyotu Мi-8/17 Мi-24/35 МİQ-29 Su-25, hərbi hava qüvvələrinin tərkibində isə - təxminən 40 hərbi vertolyot var. Onlardan 19-u hücum xarakterli hərbi vertolyotlardır. Azərbaycanda olan sovet nümunəli texnika və sursatlar tam olaraq təmir olunaraq modernləşdirilib.
Ekspertlər qeyd edirlər ki, 2007-ci ildən bəri Azərbaycan silah anbarında Rusiyanın payı artmaqdadır. Rusiya 2010-ci ildən bəri rəsmi Bakıya 24 ədəd Mİ-35M tipli, 60 ədəd Mİ-17 tipli vertolyot, 2 ədəd S-300PMU tipli zenit raket kompleksi, 130 ədəd T-90SA tipli tank, 100 ədəd zirehli döyüş maşını (BMP-3), 70 ədəd BTR 80/82 tipli zirehli transpartyor, 450 müxtəlif artilleriya sistemləri və RS30, 300 səyyar zenit-raket kompleksləri və 1500 raket satılıb.
Azərbaycan ilə Rusiya arasında bağlanmış müqavilənin dəyəri artıq 2 milyard dollara yaxınlaşır.
Bundan əlavə, Bakı 45 ədəd T-72 tipli tank, 132 ədəd modernləşdirilmiş BTR-70Di, 14 ədəd modernləşdirilmiş MiQ-29 qırıcı təyyarəsi alıb.
Araşdırmada qeyd olunur ki, Azərbaycan artıq hərbi gücünə görə Belarusiyanı geridə qoyub və əlaqələri genişləndirərək hərbi gücünə İsrail silahları qatmaqdadır. Spike-LR raket sistemləri və pilotsuz “Heron” və “Searcher” təyyarələri alan Azərbaycan ordunun gücləndirilməsində xeyli iş görüb.
Ermənistan
Erməni ordusu bütün göstəricilərinə görə, Azərbaycandan xeyli geri qalır. Ötən il Ermənistanın hərbi büdcəsi 447 milyon dolları ötməyib. Orduda 45 min nəfər heyət, 200 tank, (əsasən, Т-72) təxminən 100 BMP və 140 BBM, 240 artilleriya, 15 ədəd Su-25 tipli qırıcı təyyarə, 10-a yaxın bombardmançı təyyarə, eynilə onun qədər də Мi-8/17 tipli zirehli döyüş maşını var.
Silah alışı üzrə Ermənistan nəinki Azərbaycan, hətta Gürcüstandan da geri qalır.
Ekspertlərin bir qismi iddia edir ki, bu sahədə rəsmi İrəvan gizli alğı-satqıya üstünlük verir. Yalnız o məlumdur ki, Ermənistan ötən il Rusiyadan Т-72 tipli tank, 110 BBМ (BMP-2 və BTR-80), 480 ədəd AK-105 tipli avtomat, 36 ədəd RPK-74M tipli pulemyot, 52 qumbaraatan, az sayda snayper tüfəngi və 603 ədəd tapança alıb.
Bundan əlavə olaraq İrəvan hökuməti Ukraynadan son illər ərzində iki L-39 tipli təlim-məşq təyyarəsi, 230 tapança, 60 tüfəng, 16500 avtomat və 2501 pulemyot alıb. Daha əvvəl isə Ermənistan Slovakiyadan X-29L və X-25ML tipli aviasiya raketləri, 250 snayper tüfəngi, 100 ədəd AQS-17 tipli qumbaraatan alıb. 2007-ci ildə isə Ermənistan Bosniya və Hersoqovinadan 200 ədəd minaatan alıb.
Araşdırmada qeyd olunur ki, Ermənistan silahlanma yarışına Bakı ilə girə bilər. Amma Ermənistan ərazisində 2044-cü ilə qədər 102 Rusiya hərbi bazasının olması vəziyyəti dəyişir. Bu hərbi bazalarda 74 tank, 17 BMP, 148 BTR, 84 ədəd müxtəlif artilleriya sistemləri, 18 ədəd MİQ-29 tipli qırıcı təyyarə var. 5 min rus əsgərinin yerləşdiyi hərbi bazalarda Rusiya dəfələrlə qeyd edib ki, onun əsgər və zabitləri hərbi əməliyyatlara müdaxilə etməyəcək.
Gürcüstan
Mixail Saakaşvilinin hakimiyyətə gəlişindən sonra Tiflis hərbi xərclərini artırmağa başladı. Əgər 2003-ci ildə Tiflis müdafiəyə 30 milyon dollar sərf edirdisə, 2007-ci ildə bu xərclər 24,5 dəfə artaraq milyard dollara yaxınlaşıb.
Araşdırmada bildirilir ki, 5 günlük Gürcüstan-Rusiya müharibəsindən sonra ordu çox zəifləyib. Hazırda Gürcüstan ordusunda şəxsi heyətin sayı 20 min nəfərə yaxındır. 90 ədəd Т-72 tipli tank, 63 BMP və 137 BBМ, 185 artilleriya var. Bundan başqa Su-25 tipli qırıcı təyyarə, Mi-8 tipli vertolyot bu ordunun sıralarında yer alır.
Bir müddət əvvəl isə Kiyev Gürcüstana 110 ədəd T-72 tipli tank, 52 ədəd BMP tipli piyada döyüş maşını, 55 ədəd BTR-70Dİ/BTR-80 tipli transportyor satıb.
Ən son silah alışı isə 2011-ci ildə reallaşıb. Belə ki, Gürcüstan Bolqarıstandan 1500 avtomat, 450 ədəd əl qumbarası, 600 ədəd RPQ-22 tipli birdəfəlik qumbaraatan alıb.
Araşdırmada qeyd olunur ki, bununla belə, Gürcüstan güclü ordu qurmaq cəhdlərindən imtina edib. Bir sözlə demək olar ki, Gürcüstanın hərbi xərcləri, ümumiyyətlə, geosiyasi vəziyyətdən asılı olacaq. Daha doğrusu, Moskva və Vaşinqtonun razılığından./Axar.Az/
Bizi sosial şəbəkələrdə izləyin !