Azərbaycanın xarici işlər naziri Nazir Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim ilə telefon danışığı aparıb, onu Ermənistanın təxribatları barədə məlumatlandırıb.
Nazirlikdən verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq gündəliyi, Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən irəli gələn məsələlər və bölgədə vəziyyət müzakirə olunub.
Ceyhun Bayramov Ermənistanın bölgədə qəsdən vəziyyəti gərginləşdirdiyi, müxtəlif bəhanələrlə, habelə bölgədə "blokada” və "humanitar böhran” kimi iddialar yaymaqla sülh prosesinə maneə törətdiyini bildirib. Bununla yanaşı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialarının, Azərbaycan ərazilərindən hələ də tam olaraq erməni silahlı qüvvələrini çıxarmaqdan imtina etməsinin və ölkəmizin daxili işlərinə qarışmasının qəbuledilməz olduğunu vurğulayıb.
Nazir qeyd edib ki, Azərbaycan tərəfindən yüklərin daşınması üçün Ağdam-Xankəndi və digər alternativ yolların təklif olunmasına baxmayaraq, erməni tərəfinin yüklərin daşınması üçün yollarda maneələr yaratmasının və bu yollarla yüklərin daşınmasına qarşı çıxmasının "blokada” və "humanitar vəziyyət” barədə iddiaların siyasi manipulyasiya olduğunu bir daha sübut edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !