Ceyhun Bayramov Filemon Yanq ilə Azərbaycan-BMT əməkdaşlığını müzakirə edib

21:40 | 13.11.2024
Ceyhun Bayramov Filemon Yanq ilə Azərbaycan-BMT əməkdaşlığını müzakirə edib

Ceyhun Bayramov Filemon Yanq ilə Azərbaycan-BMT əməkdaşlığını müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov COP29 Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində BMT Baş Assambleyasının 79-cu sessiyasının prezidenti Filemon Yanq ilə görüşüb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan-BMT əməkdaşlığı, habelə ölkəmizin COP29 sədrliyindən irəli gələn məsələlər müzakirə olunub.

İqlim dəyişikliyinin fəsadlarının bölgəmizə, dünyamıza təsirinin ölkəmiz tərəfindən də yaxından müşahidə olunduğu, bu xüsusda, tərəfimizdən milli səviyyədə yaşıl enerjiyə keçid yanaşmasının tətbiq edildiyi, habelə regional və qlobal səviyyədə mövcud çağırışlarla mübarizədə çoxtərəfliliyin təşviq olunduğu qeyd edilib.

Azərbaycan tərəfindən həyata keçirilən bir sıra regional və beynəlxalq layihə və təşəbbüslərdən bəhs olunub, COP29 çərçivəsində bu gün "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalandığı diqqətə çatdırılıb.

COP29 sədrliyimiz və aparılan danışıqlar prosesindən ətraflı bəhs edən nazir Ceyhun Bayramov, iqlim maliyyəsi mövzusunun irəlilədilməsi məqsədilə tərəfimizdən aparılan aktiv fəaliyyət nəticəsində beynəlxalq maliyyə təşkilatlarının iştirakı ilə yeni maliyyə strukturuna keçiddə vacib irəliləyişlərin əldə olunduğunu bildirib.

Prezident Filemon Yanq Azərbaycanı COP29 sədrliyi münasibətilə təbrik edib, sessiyanın yüksək səviyyədə təşkilatçılığına görə təşəkkür edib. BMT-nin iqlim dəyişikliyi ilə mübarizə istiqamətinə xüsusi önəm verdiyi və bu sahədə səyləri dəstəkləməyə hər zaman hazır olduğu qeyd edilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti