Vergilər Nazirliyinin dərzilər, sənətkarlar, repetitorluqla məşğul olan müəllimlər, eləcə də tərcüməçilərlə bağlı vergiqoyma problemləri var və qurum bu fərdi peşə sahiblərini vergiyə cəlb etmək istəyir.
Qanunda fərdi peşə sahiblərinin vergi ödəməsinə dair müddəalar olsa da, indiyə kimi dayə, dərzi, repetitor və başqalarının vergi ödəməsi haqqında fakt olmayıb. Vergilər Nazirliyinin belə bir addım atmasına səbəb nədir?
Oqtay Haqverdiyev
İqtisadçı ekspert Oqtay Haqverdiyev də əvvəllər fərdi peşə sahiblərinin vergiyə cəlb edilmədiklərini xatırladıb: "Qanun belə bir müddəanı əxz etsə də, incəsənət nümayəndələrinin, eyni zamanda digər fərqli sənətlərlə məşğul olan şəxslərin vergi ödəməmələrinə göz yumulub. Onların qazancları haqqında Vergilər Nazirliyində həmişə məlumat olub, amma nədənsə onların vergi ödəməməsinə heç bir irad tutulmayıb. Hesab edirəm ki, hökumət 2016-ci ildə yaşana biləcək iqtisadi böhran və iqtisadi durğunluğu nəzərə alıb, belə bir addım atıb. Yəni yaxın gələcəkdə baş verə biləcək vəziyyətin ağırlığını nəzərə alıb, bütün peşə sahiblərini vergilərə cəlb ediblər”.
O.Haqverdiyev daha sonra əlavə edib ki, əvvəllər vergilər belə verilirdi: "Yəni hansısa şou-biznes nümayəndəsi 10 min manat qazanmasına baxmayaraq o, qazancını 2000-3000 manat göstərərək daha az vergi verirdi. Məndə olan məlumata görə, Vergilər Nazirliyi bu kimi neqativ halları aradan qaldırmaq üçün işlər aparır. Bundan sonra həmin şəxs qazanılan qazancın ümumi məbləğinə uyğun sadələşdirilmiş vergisini ödəyə biləcək”.
Nazim Məmmədov
İqtisadçı-ekspert Nazim Məmmədov bir neçə il öncə prezident İlham Əliyevin Vergilər Nazirliyinə dövlətin cari xərclərinin vergilər vasitəsilə toplanması tapşırığı verdiyini xatırladıb: "Bu prosesi həyata keçirmək üçün ilk növbədə vergi bazası möhkəmləndirilməlidir. Vergi bazasının artırılması yollarından biri də vergiyə cəlb olunmayan, sahibkarlıq subyektləri və yaxud fərdi əməklə məşğul olan insanların gəlirlərini tam deklorasiya etmələrindən, bəyannamə vermələrindən keçir. Ancaq heç kəsə sirr deyil ki, azalan neft gəlirləri fonunda hökumət daha çox vergilərə üstünlük verəcək. Bununla isə inzibatçılıq artır. İnzibatçılıq dedikdə daha çox bu və ya digər formada cəza xassələri üstünlük təşkil edir, cərimələr daha da çoxalır. Digər tərəfdən maarifləndirmə işini artırmaq vacibdir. Tövsiyyə edərdim ki, Vergilər Nazirliyi vətəndaşın necə vergi ödəmək lazım olduğunu vətəndaşlara çatdırsın”.
Sabiq millət vəkili sonda əlavə edib ki, 2016-ci ildə gəlirlərimiz nisbətən azalacağını nəzərə almaq lazımdır: "İqtisadi böhrandan sonra bağlanan bir çox müəssisələr var. Yəni tək qeyri-neft sektorundan vergi toplamaq mümkün deyil. O baxımdan vergi bazasını artırmaq üçün təbii ki, Vergilər Nazirliyinin bu addımını müsbət qiymətləndirirəm”.
Fikrət Yusifov
Sabiq maliyyə naziri Fikrət Yusifov qanunla ölkə ərazisində fəaliyyət göstərən bütün hüquqi şəxslərin, rezident və qeyri- rezidentlərin vergi ödəyicisi hesab olunduğunu qeyd edib: "Bu gün Azərbaycanda vergi bazasının genişləndirilməsi istiqamətində ciddi işlər görülür. Məqsəd indiyə qədər müxtəlif növ xidmətlər təklif etməklə fəaliyyət göstərən, lakin əldə etdikləri gəlirlərindən vergi ödəməyən peşə sahiblərinin vergiyə cəlb olunmasından ibarətdir. Bu işin iqtisadi böhranla hər hansı bir əlaqəsi yoxdur. Azərbaycan Respublikasının Kostitutsiyasının 73-cü maddəsində deyilir: "Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur". Təbii ki, Vergilər Nazirliyi çox haqlı olaraq hər kəsi öz Konustitutsiya borcunu yerinə yetirməyə dəvət edir. Bu çox normal və təqdirəlayiq bir işdir”.
Vüqar Bayramov
İqtisadçı ekspert Vüqar Bayramov bu vergilərin toplanmasının büdcə ehtiyatının daha çox möhkəmləndirəcəyini düşünür: "Qanunvericilik bütün xidmət növləri üzrə peşə sahiblərinin vergiyə cəlb edilməsini nəzərdə tutur. Əvvəllərdə bu şəxslər vergi verməli idi, amma bu prosesin üzərinə çox ciddi şəkildə düşmürdülər. Çünki həmin dövrlərdə neftin qiyməti yüksək idi, iqtisadi böhran təhlükəsi çox az idi. İndi isə bu vergini yığılmasına, həmçinin büdcənin artmasına dəstək kimi qiymətləndirilir. Çünki bu vergi yığılarsa, bir neçə min yox, bir neçə milyon manat edəcək. Bu da öz növbəsində büdcə ehtiyatının daha da möhkəmləndirilməsinə səbəb olacaq”.
İqtisadçının sözlərinə görə, 2015-ci ildə sadələşdirilmiş vergidən dövlət büdcəsinə 145 milyon manat vəsait cəlb olunacağı proqnozlaşdırılır: "Güman olunur ki, əgər gələn il sözü gedən peşə sahiblərini vergiyə cəlb etmək mümkün olarsa, il ərzində bu təxminən əlavə 5 milyon manata yaxın vəsaitin büdcəyə daxil olmasına imkan yaradacaq”.
Ekspert daha sonra vergiyə cəlbolunmanın aktuallaşmasının əsas səbəblərini izah edib: "Neftin qiymətinin aşağı düşməsi ilə büdcə gəlirlərinin azalması, bütün növ vergilərin büdcəyə cəlb edilməsini daha da aktuallaşdırıb. Burada əsas məqsəd bütün növ vergilərin büdcəyə daxil edilməsidir. Xüsusən söhbət büdcənin qeyri- neft sektorundan gələn gəlirlərini artırmaqdan ibarətdir. Baxmayaraq ki, cəlb ediləcək məbləğ azdı, amma bu qeyri-neft sektorudur. Və təbii ki, hökümət bu məbləğin büdcəyə daxil edilməsində maraqlıdır”.
Qeyd edək ki, noyabrın 17-də vergilər nazirinin birinci müavini Natiq Əmirov bəzi sahələrdə vergidən yayınma hallarının mövcud olmasından danışıb. Onun sözlərinə görə, bəzi sahələrdə vergiqoyma zəifdir, çoxlu vergidən yayınma halları var: "Dayələr, repetitorlar, şou-biznes nümayəndələri və digər sahələrdə gəlir və xərclərin uçotundan yaranan vergiqoyma problemləri mövcuddur”.
Orxan Aslanlı
Bizi sosial şəbəkələrdə izləyin !