“İpoteka Fondu fürsətdən istifadə edir” - AÇIQLAMALAR

15:18 | 29.03.2016
“İpoteka Fondu fürsətdən istifadə edir” - AÇIQLAMALAR

“İpoteka Fondu fürsətdən istifadə edir” - AÇIQLAMALAR

Azərbaycanda bəzi banklar ipoteka krediti almaq üçün ailənin hər bir üzvünə düşən yaşayış minimumunun məbləğini artırıb. Bu addım "2016-cı il üçün yaşayış minimumu haqqında” qanunun təsdiq edilməsi ilə bağlıdır.

Bankların bu məbləği artırması nə dərəcədə düzgündür? Hazırda yaşayış minimumun məbləği real qiymətlə göstərilirmi?  Dünya praktikasında İpoteka Fondunun  maliyyələşməsi ilə bağlı vəziyyət necədir?  Ümumiyyətlə, ipoteka şərtlərinin sadələşdirilməsi bundan sonra gözlənilirmi?

Bu suallara ANN.Az-a açıqlamasında millət vəkili Vahid Əhmədov, iqtisadçı Fikrət Yusifov və ekspert Qalib Toğrul aydınlıq gətirib.
 
"Bankların bu hərəkəti qanuna ziddir” – Vahid Əhmədov
 
 

Vahid Əhmədovun sözlərinə görə, bu məsələ ilə əlaqədar Milli Məclisdə qanun qəbul olunub: "Qanunda ilkin ödəniş, faiz dərəcələrinin nə qədər olması göstərilib. Amma buna baxmayaraq banklar bu rəqəmləri dəyişirlər. Biz başa düşürük ki, bankların vəziyyəti indi yaxşı deyil, onların da problemi var. Ancaq birdən - birə niyə məbləği bu qədər artırırlar? Bankların bu hərəkəti qanuna ziddir və onların bu cür hərəkət etməsi başa düşülməzdir. Banklar haqqında qanun qəbul edilib. Buna görə də qanundan kənara çıxmaq olmaz”. 

Deputat qeyd edib ki, yaşayış minimumunun məbləğ həqiqəti əks etdirməyə bilər: "Yaş məsələsinə uyğun olaraq, yaşayış minimumunun da məbləğində dəyişikliyi ola bilər” 
   
"İddia edirəm ki, bizdə yaşayış minimumu hesablanmır, təyin edilir” – Qalib Toğrul
 
 

İqtisadçı ekspert bildirib ki, İpotek Fondu dövlət büdcəsindən maliyyələşir: "Dünya təcrübəsinə görə də fond ilkin olaraq dövlət büdcəsindən maliyyələşir. Daha sonra fond özü-özünü maliyyələşdirməlidir və o vəsaitdə getdikcə artmalıdır. Dünya praktikasında tikinti ipoteka fondları var ki, bu qurum öz işi ilə yanaşı həm də tikinti ilə məşğul olur. Nəticədə fond dövlət büdcəsindən asılı olmur. Bizdə isə dövlətdən asılılıq yaranan gündən indiyə kimi qalıb. Bundan sonra da İpoteka Fondunun fəaliyyətinin genişləndirməsi ilə bağlı tədbirlərin görüləcəyini (şərtlərin sadələşdirilməsi, fazilərin azaldılmasını və s.) düşünmürəm. Çünki ölkənin iqtisadi durum buna imkan vermir”.  

İqtisadçı yaşayış minimumu ilə bağlı tələblərə də toxunub: "Reallıqda yaşayış minimumu müəyyən normalar əsasında hesablanmış bir məbləğdir. Yəni bura ərzaq, geyim, xidmət daxildir.  Amma bizdə yaşayış minimumu dövlət büdcəsi ilə birlikdə ildə bir dəfə qəbul olunur. Və o məbləğ ildə bir dəfə təsdiq olunur. O, məbləğ necə, nəyin əsasında hesablanır, bu haqda məlumat yoxdur. Hətta iddia edirəm ki, o məbləğ heç hesablanmır, sadəcə təyin olunur. Hər il bir az onu 3 və ya 5 manat miqdarında artırırlar. Təkcə ipoteka krediti verən banklar deyil, eləcə də digər banklar da kredit verərkən həmişə yaşayış minimumunu yüksək  məbləğdə götürürlər”.  

Q.Toğrul vurğulayıb ki, yaşayış minimumunun məbləği real olmalıdır ki, banklar da ondan düzgün istifadə edə bilsin: "Əgər yaşayış minimumu reallığı əks etdirmirsə, ildə bir təyin olunursa, ayda bir dəfə normal əsasında hesablanmırsa, o zamanda banklar tərəfindən yaşayış minimumu düzgün istifadə olunmayacaq”. 

"Banklar bu boşluqlardan istifadə edərək maksimum qazanc götürürlər” - Fikrət Yusifov
 
 

Sabiq maliyyə naziri Fikrət Yusifov hesab edir ki, bankların fəaliyyətindəki özfəaliyyət təkcə ipoteka kreditlərinin verilməsi sahəsində deyil: "Bu sahədə kifayət qədər hüquqi boşluqlar mövcuddur. Bu boşluqlardan isə banklar bir məqsədlə - maksimum qazanc götürmək məqsədilə istifadə edirlər. Bu gün banklarla münasibətdə olan müştərilərin hüququ praktik olaraq qorunmur. Onların kredit vermək, əmanət yerləşdirmək üçün yazdıqları "şərtləri"ni isə özlərindən başqa heç kim təsdiq etmir. Kredit müqaviləsini bir vərəqədə müştəriyə təqdim edən bank, çox kiçik şriftlərlə yazılmış, eynəklə belə oxunması çətin olan15-20 səhifədə tərtib edilmiş "şərtləri" müştəriyə oxumadan qol çəkdirirlər. Mübahisəli məqamlar yetişəndə isə həmin "şərtlərə" istinad edib məsələnin öz xeyirlərinə həll olunmasına nail olurlar. İpoteka kreditlərinin şərtləri çox yüngül olmalıdır. Beynəlxalq təcrübə var. Heç olmasa, ona yaxın getsinlər. Bir sözlə, bizdə bank sisteminin ciddi islahatlara ehtiyacı var”.

Orxan Aslanlı

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb