Deputatlar ölümlərindən sonra orqanlarının bağışlanmasını istəyirmi? - SORĞU

17:46 | 12.01.2022
2022-ci ilin yanvarın 1-dən Azərbaycanda "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun qüvvəyə minib. Qanunda yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli şəxsin sağlığında ölümdən sonra transplantasiya məqsədilə orqanlarının götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtinası nəzərdə tutulub. 
 
Anews.az Azərbaycanın Milli Məclisinin deputatları arasında "Öldükdən sonra orqanlarınızı bağışlayarsınızmı?" sualı ilə sorğu keçirib. Əlaqə yarada bildiyimiz deputatların cavablarını sizə təqdim edirik:
 
Bəhruz Məhərrəmov:  Orqanlarımı bağışlayaram, yəni qanunun lehinəyəm. Bu hüquqi aktı yüksək qiymətləndirirəm və hesab edirəm ki, bəhs etdiyimiz qanun hər bir insan üçün ölümündən sonra da insanlığa xidmət üçün əla şansdır. Həyatdan getdikdən sonra da kiməsə faydalı olmaq, kimisə yaşatmaqdan gözəl nə ola bilər?
İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun 2020-ci ilin payız sessiyasında qəbul edilib və o zaman hamımız qanuna yekdilliklə səs verdik. Elə həmin gün də cənab prezident qanunu təsdiqlədi və normativ hüquqi akt 2022-ci ilin 1 yanvar tarixindən qüvvəyə minib. Qanun Azərbaycanda insan orqanlarının donorluğu və onların transplantasiyası sahədə yaranan münasibətləri tənzimləyir və qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır. Yəni, vətəndaşlar və ümumiyyətlə insanlar üçün hər hansı məcburiyyət nəzərdə tutulmayıb, hər kəsin vicdan və iradəsindən asılı olan mənəvi məsələdir. Bu prosesdə dövlət sadəcə orqan donorluğu prosesinin təşkili və əlaqələndirilməsi vəzifəsini yerinə yetirir. Könüllü müraciətlər əsasında ölümdən sonra donorluğa razılıq vermiş şəxslərin reyestri aparılacaq və iş də bu əsasda qurulacaq. Əlbəttə mürəkkəb bir prosesdir, milli mental  və dini dəyərləri də nəzərə alsaq tam mənada fəaliyyət üçün zamana ehtiyac duyulduğu qənaətindəyəm. İndi, hər birimizin, ictimai xadimlərin, ziyalıların, ələxsus da nüfuzlu din adamlarının üzərinə mənəvi bir öhdəlik düşür ki, məsələnin əsl mahiyyətini cəmiyyətin bütün təbəqələrinə düzgün çatdıraq.
 

 
 
Asim Mollazadə: Mənim hazırda belə bir planım yoxdur. 
 

 

Arzu Nağıyev:  Dünyada sağlamlıqdan vacib ikinci məsələ, nüans yoxdur. Əgər mən vəfat edirəmsə və mənim orqanlarım bir insanın həyatını xilas edəcəksə bağışlayaram. Qanunun lehinəyəm. 
 

 

Fəzail Ağamalı: Orqan bağışlanması zamanı yaş faktoru önəmli rol oynayır. Bir insan yetmişində, səksənində həyatını itirirsə, bu yaşlı insanın daxili orqanları kimin nəyinə lazımdır ki?! Həmin orqanlar artıq işlək deyil, qocalmış orqanlardır. Düşünürəm ki, yaşlı birinin orqanlarının başqasına köçürülməsi məntiqi və tibbi nöqteyi nəzərdən düzgün deyil. 
Bu və ya digər orqanın dəyişilməsi o demək deyil ki, bununla bağlı digər qanunvericilik aktları pozulmalıdır və s. Donorluq bu baxımdan könüllü xarakter daşıyır. Ailənin bir üzvündə hər hansı daxili orqanında problem varsa, ailənin digər üzvü özünün daxili orqanını ona verir ki, onun həyatını xilas etsin. Bu, tamamilə normaldır. Digər tərəfdən, qəza nəticəsində və digər səbəblərdən həyatını itirənlərin daxili orqanları sağlamdırsa, qohumlarının razılığı və ya özünün əvvəlcədən edilmiş razılığı ilə onu başqa insana köçürərək, həyatını xilas etmək olar. Bu dünyada yayılmış tendesiyadır, tibb inkişaf edir və  bunun mahiyyətində humanizm dayanır. 
 

 

Ceyhun Məmmədov: Mən dünyamı dəyişdikdən sonra mənim orqanlarımdan hər hansı biri xəstə bir şəxsin köməyinə çatacaqsa, onun həyatda qalmasına yararlı olacaqsa etiraz etmərəm. Lazım olduğu təqdirdə bu barədə yazılı şəkildə də razılıq verəcəm. Çünki mənim orqanımla xilas edə biləcəyim insanın övladları ola bilər, onun bir müddət yaşamağa ehtiyacı ola bilər. Orqanım o adama köçürüldükdən sonra isə nə qədər insan xoşbəxt olacaq. Buna görə də orqanlarımın bağışlanmasını istəyərəm, xoş niyyətli addımdır və edənləri də yüksək qiymətləndirirəm. 
Hazırda orqan transplantasiyası dünyada geniş tətbiq olunur. Fikrimcə, dünyasını dəyişmiş insanların yaxınlarının razılığı ilə də orqanları yararlıdırsa, başqalarının həyatını xilas etmək olar. Təbii ki, qanun və hüquq çərçivəsində bu məsələnin tərəfdarıyam. Çünki hazırda istər ölkədə, istərsə də dünyada orqan köçürülməsi lazım olan milyonlarla insanlar var və onların sağalması üçün bu vacib və yerində addım olar. İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası geniş mövzudur. Din alimləri də bunu araşdırıb, zənnimcə islam dinində də doğru hesab edilir, zəruri olduğu təqdirdə başqasının yaşamasına töhvə vermək üçün sağlam orqan başqasına köçürülə bilər. 
 


 
Rüfət Quliyev: Hazırda bu barədə fikrim yoxdur. Arqumentlər, statistika, məntiq, mövcud duruma görə qərar verə bilərəm.
Bu qanun layihəsi hələ ilkin mərhələdədir, yalnız səhiyyə komitəsində müzakirə edilib. Qanun layihəsi nə Milli Məclisdə müzakirəyə çıxarılıb, nə də biz ona səs vermişik. Qanun barədə hüquq şöbəsinə tapşırıq verdim, araşdırdılar və etik, eləcə də moral nöqteyi-nəzərdən bilmirəm nə dərəcədə düzgündür. İkinci məsələ, islam dininə ziddir. Üçüncü məsələ, Azərbaycan Avropaya inteqrasiya edir, onların təzyiq və təklifləri ilə bir çox qanunlar bizdə də qəbul edilib. Bu qanun da müzakirəyə çıxarılanda güclü arqumentlər gətirildiyi təqdirdə lehinə səs verib-verməyəcəyimi düşünəcəm. 
 

 
Fazil Mustafa: Mən bu qanunun tərəfdarıyam, indi demək tezdir, amma yəqin ki, orqanlarımın bağışlanması üçün müraciət edə bilərəm. Orqan köçürülməsi bir çox insana sağlamlıq bəxş edəcək, buna görə də yüksək qiymətləndirirəm. Lakin qanunun düzgün tətbiq edilməsi də vacib meyardır. Bu aspektdən ciddi nəzarət edilməlidir.
 

 
Vahid Əhmədov: Öldükdən sonra orqanlarımı heç vaxt bağışlamaram, amma orqan köçürülməsinə normal baxıram. Bu məsələlərə ciddi yanaşmaq lazımdır. Əgər bununla bağlı kimsə vəsiyət edibsə, uyğundursa sağlamlıq cəhətdən olarsa, bunu etmək olar. 
 

 

İlahiyyatçı Hacı Təyyarın sözlərinə görə, İslam dinində fədakarlıq  prinsipləri təbliğ olunur, insan özünə zərər vermədən digər insanların həyatını xilas edə bilməyi yüksək qiymətləndirilir. 

"İslam dini yaşatmaq və yaşamaq  prinsiplərini təbliğ edir. Buna görə də orqan köçürülməsinə İslamda heç bir qadağa yoxdur. Bədən üzvlərinin digər insana köçürülməsi, bağışlanması İslam dininin bəyəndiyi əməllərdən biridir. Bir insan dünyadan köçən zaman orqanının hansısa insana köçürülməsini vəsiyyət edərsə, savab qazanmış olar. Çünki bu, bir insanın həyata qayıtmasına, yəni ölümdən xilas olmasına xidmət edir. İnsan ölümündən sonra bir başqa insanın yaşamasına səbəb olması gözəl addımdır", - deyə o bildirdi. 

 
Tətbiq olunan qanuna əsasən, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.

Meyit donordan isə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürmək mümkündür.

Qanunda yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli şəxsin sağlığında ölümdən sonra transplantasiya məqsədilə orqanlarının götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtinası nəzərdə tutulub.İnsan ölümündən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq və ya orqanlarının götürülməsindən imtina barədə iradə ifadəsini istənilən vaxt dəyişdirə bilər.
 
Orqan donorluğu və transplantasiya sisteminə daxil olan əlaqələndirici qurum, vahid dövlət informasiya bazası, orqan donorluğu və transplantasiyası üzrə etika komissiyasının yaradılmasıdır. Qanunda nəzərdə tutulan mexanizmlər isə Səhiyyə Nazirliyi tərəfindən hazırlanıb Nazirlər Kabinetinə təqdim olunmalıdır.

Qanuna əsasən, yaxın qohum olmayan canlı donorlardan donor orqanın götürülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərkibində psixoloq və hüquqşünas olan Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası yaradılmalıdır. Nazirlikdən bildirilib ki, etika komissiyası gələn ilin yanvar ayında səhiyyə nazirinin əmri əsasında yaradılaraq fəaliyyətə başlayacaq.
 
"Etika komissiyası formalaşdırılarkən "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun 29.3-cü maddəsindəki şərtin (Etika komissiyasının tərkibinə həkim-transplantoloqun və transplantasiyanın təşkilində hər hansı formada iştirak edən şəxslərin daxil edilməsinə yol verilmir) əsas prinsip kimi götürülməsi nəzərdə tutulur. 

Transplantasiya üzrə koordinatorlar olduqları tibb müəssisələrinin baş həkimləri tərəfindən təyin ediləcək. Qeyd edilən şəxslər təyin edilərkən sözügedən qanunun 11-ci maddəsinin (Transplantasiya üzrə koordinator) tələbləri əsas götürülməlidir. 
 
Orqan donorluğu və transplantasiyası üzrə monitorinq ölkə Prezidentinin 8 dekabr 2020-ci il tarixli 1208 nömrəli fərmanına əsasən, Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.
 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, 2022-ci ildən orqan transplantasiyası limitli şəkildə icbari tibbi sığorta çərçivəsində qarşılanmağı nəzərdə tutulur. 
 
Ləman Qasımova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM