Bu gün Milli Məclisin deputatlarının qış tətili yekunlaşdı və millət vəkilləri rəsmən işdə sayılırlar.
Bəs Milli Məclisin deputatları qış tətilini necə keçirdilər? Yeni ildə işə hansı yeni ideyalarla qayıdırlar?
Modern.az saytı bu suallarla deputatlara müraciət edib.
Kamilə Əliyeva bildirib ki, qış tətilini Azərbaycanda keçirib: "Yeni il bayramını ailəmlə bərabər evdə keçirdikdən sonra Azərbaycanın müxtəlif bölgələrinə səfər etdik, dincəldik. Mən də demək olar, bütün yorğunluq hissini öz üzərimdən ata bildim. Və tam sağlam, xoş əhval-ruhiyyə ilə bu gün yaz sessiyamızın ilk gününə başlayıram”.
Kamilə Əliyeva qış tətili günlərində də vaxt tapıb seçicilərlə ünsiyyətdə olub, problemlərini dinləyib:
"Zaqatala və Balakən rayonlarında olarkən istirahət etməklə yanaşı, seçicilərimlə görüşmək mənim üçün çox xoş oldu. Onların problemləri ilə maraqlandım, şəxsi, ümumi, kəndlə bağlı problemlərini mənimlə bölüşdülər. Mən də yeni yaz sessiyası başlandıqda, hansı məsələ ilə müraciət ediblərsə, yazılı və ya şifahi formada müvafiq orqanlarla əlaqə saxlayıb bu məsələlərin həllinə çalışacağam”.
Eldar İbrahimov isə məzuniyyətə getmədiyini deyib: "Ümumiyyətlə, mən məzuniyyətə getmədim, istirahət günlərimdə də işə gedib-gəlirdim”.
Tahir Kərimli də ölkədən kənara çıxmayıb. Deputat bir sıra təkliflərə işə qayıdıb.
"Milli Məclisdə sonuncu çıxışımda yeni təklif irəli sürdüm. Müstəqillik dövrünə qədər olan əmanətlər xalqa ödənmişdi, amma ondan sonra olan dövr üçün o qədər də çox olmayan məbləğ var ki, insanlar əmanət qoyublar, amma hələ ödənməyib. Milli Məclisdə əmanətlərin qaytarılması məsələsini qaldırdım. Bundan başqa, da bir sıra təkliflərim var.
Qanun layihələri hazırlamağa gəlincə, çalışıram ki, bu haqda mümkün qədər az düşünəm, çünki olduqca çətin prosesdir. Deputatın qanunvericilik təşəbbüsü irəli sürməsi çox vaxt alan məsələdir. Ona görə, əsasən təkliflərimizi, variantlarımızı deyirik”.
Fazil Mustafa qeyd edib ki, qış tətilində dincəlməyə vaxtı olmayıb: "Yeni kitabımın nəşri və bəzi başqa problemlərin həlli ilə məşğul olduğum üçün istirahət etməyə demək olar ki, vaxtım olmadı. O ki qaldı yeni qanun layihəsi hazırlamağa, indi belə bir ixtiyarımız yoxdur. Bunun üçün ekspert rəyi olmalıdır”.
Fəzail İbrahimli qış tətili boyunca Bakı şəhərində olduğunu deyib: "Bu müddət ərzində vətəndaşların şikayət və ərizələrini qəbul etmişəm. Demək olar ki, istirahətə çox vaxtım olmayıb. Keçən illərdə necə olubsa, bu il də elə. Amma yeni qanunvericilik təşəbbüsü haqda hələ fikirləşməmişəm. Ancaq buna baxmayaraq bir neçə məsələ ilə bağlı icra başçıları ilə görüşmüşəm, həmin məsələlər tezliklə həll edilməlidir”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !