Orxan Pamuk
“Bəyaz gecələr” Dostoyevskinin ən zərif, ən təmiz, ən lirik kitabıdır. Qeyd etmək istəyirəm ki, bu əsər saf və aydın bir kitabdır. "Kitab" sözü oxucuları çaşdırmasın: Dostoyevski “Bəyaz gecələr”i qəzetdə çap etdirmək, adi oxucuların marağına səbəb olmaq üçün planlaşdırmışdı. Əsərin məsumluğunun, təmizliyinin qaynağı bütün qəhrəmanların eyni bezin qırağı olmasından irəli gəlir. Qəhrəmanlara, onların dilə gətirdikləri sözlərə tez inanırıq. Bu kitabda nəyəsə inanan, sonra eyni güclə həmin nəsnənin tam əksi olan başqa bir şeyə tapınan tipik Dostoyevski qəhrəmanları yoxdur. Bu baxımdan “Bəyaz gecələr” onun ən qeyri-adi, ən fərqli romanıdır. Burda bizi təsirləndirən məsələ, kitabın və qəhrəmanların saflığından yaranan zəriflik, bir növ uşaqcasına dürüstlük və bizi yormayan melodramlara xas sevinc hissidir. On səkkiz yaşımda “Bəyaz gecələr”i ilk dəfə oxuyanda əsərin saflığını, insanın ürəyinə sirayət etmə gücünü zəiflik əlaməti kimi qiymətləndirmişdim. Buna görə də bu əsərdə mənim başa düşmədiyim, üstündən biganəliklə keçdiyim çox məsələ var deyə, narahat olmuşdum. Düşünmüşdüm ki, “Şeytanlar”, “Karamazov qardaşları” kimi sarsıdıcı romanlar müəllifi bu qədər bəsit bir əsər yazmaz. Bəlkə bunun bir səbəbi mənim o vaxtlar iddialı intellektual olmağa səy göstərməyimlə bağlı idi. Amma, “Bəyaz gecələr” və ardınca da “Gizlindən qeydlər”də Dostoyevskinin kitablarla yatıb, kitablarla qalxmasının həqiqətə uyğun olmadığına eyham etməyinə diqqət eləməmişdim. Dostoyevski birinci dəfə qəzetdə çap etdirdiyi bu əsəri illər sonra kitab şəklinə salanda təzədən müxtəlif hissələrinə əlavələr edib. Bu əlavələrdən birində xəyalpərvər qəhrəmanın nələr düşündüyünü uzun bir cədvəldə sıralayıb. Burada qəhrəmanların ikiləşmə problemi haqda əsərlər yazan alman yazıçısı Hofmana, İngiltərənin tarixi romançısı Volter Skota, “Karmen”in yazarı Merimeyə və bir çox tarixi hadisəyə də işarələr etdiyinin fərqinə varırıq. Bu gün, otuz il sonra “Bəyaz gecələr”i təkrar oxuyanda insanların bu bəsit kitabı niyə bu qədər çox xoşladıqlarını lap yaxşı başa düşürəm. Bu mənim peşəkarlaşmağımdan, ağılla hərəkət edərək, xəyalpərəstlikdən uzaqlaşmağımdan gəlir? Bilmirəm... Bəlkə də... Amma, bilirəm ki, on səkkiz yaşımda ikən oxuduğum “Bəyaz gecələr”i yaxşı anlamadığıma görə həyatda çox şey itirmişəm: bir sıra türk filmlərinin emosional səhnələri, Orxan Kamalın bəzi romanları, gəncliyimin ilk çağlarında çox yayılmış və heç vaxt iki səhifədən artıq oxumadığım italyan foto-romanları, onların yerli təqlidləri, “Karmen”, Dostoyevskini də təsirləndirmiş melodramatik ədəbiyyat, kinolardakı cənazə səhnələrində camaatla və aktyorlara birgə göz yaşı axıtmaq ləzzəti, “Romeo və Cülyetta” və s. Dostoyevski “Bəyaz gecələr”i 1848-ci ildə 27 yaşında yazıb və Peterburq qəzetlərinin birində dərc etdirib. Ondan iki il əvvəl, yenə də qəzetlərin birində dərc olunan birinci romanı “Yoxsul insanlar”ı məşhur tənqidçi Belinski ilə ətrafındakı adamlar heyranlıqla qarşılamışdı. Sonra yazdığı əsərlərin həmin uğuru qazana bilməməsi yazıçını bərk pəjmürdə eləmişdi. “Bəyaz gecələr” o illərdə rus yazıçı və aydınlarını məşğul edən “romantik” və xəyalpərəst qəhrəmanların dünyagörüşündən irəli gəlir. Bu, bizim ədəbiyyatımızda – Rəşad Nuri və Orxan Kamal yaradıcılığında “Bəyaz gecələr”ə yaxın ustalıqla işlənən mövzudur. Ağlı başından çıxmış, “romantik” xəyallarla yaşayan cavanın vətən həqiqətlərilə qarşılaşması! Dostoyevski bu romanda vətən həqiqətlərinin əvəzinə sevgi və ürəkdən gələn hisslərlə danışdığı və daha əvvəl qəzet məqalələrində də təsvir etdiyi Peterburqun ilin on ən uzun gününə təsadüf edən ulduzlu bahar gecələrini təsvir edib. “Bəyaz gecələr” romanındakı saf eşq duyğusu, sevgiliyə inam gücü, sevgiylə birlikdə yeni bir dünya barədə düşünə bilmək zövqü kitabı birinci dəfə oxuyanda lazımi qədər tanış gəlmir. “Eşq” kəlməsinin çox da dilə gətirilmədiyi bir ailədə böyüdüyümə, eşqi bir növ adilik və ələ salınası bir şey kimi görən media, məhəllə və məktəblə əhatəli olduğuma görə, mənə bu əsərdəki eşqə inam gücü vaxtilə bir növ sadəlövhlük kimi görsənmişdü. Üstəlik, daha sonrakı romanlarında insanın inanmaq üçün nəyəsə tapınmaq əzmi ilə yanaşı, inandığına heç vaxt tam inanmamaq problemləri üzərində quran Dostoyevskinin bu əsərində özlərini xəyalların ixtiyarına buraxan qəhrəman obrazını başa düşə bilmirdim. Melodramın birinci şərti qəhrəmanların bir-birinə və öz istəklərinə asanlıqla inana bilməsidir. Dərin isbata ehtiyac duymadan aşkara çıxan bu inanc melodram qəhrəmanlarını asanlıqla bir-birinə bağlayır. Belə olan halda, oxucu da qəhrəmanlara tez inanır. Oxucuların və qəhrəmanların bir növ düşüncəsizlik baxımından birləşdiyi bu nöqtədə yazar “duyğuların musiqisi”ni azad şəkildə və öz üslubuna uyğun ifa edir. Amma, daha vacib ikinci şərt, bir müddət sonra qəhrəmanların və oxucuların aldadıldıqlarını başa düşmək məsələsidir. “Qız, əslində, səmimi deyilmiş, oğlan qızı pul üçün sevirmiş”, sonra bu cür söhbətlər meydana çıxır. Qəhrəmanlar da, oxucular da bu vəziyyətə düşməmişdən əvvəl əsərə davam etmək üçün bir müddət sonra təzədən ona inam yarada biləcək bir şey tapa bilməlidirlər. Bu, göz yaşları ilə öpüşüb-barışdıqları sevgililəri də ola bilər, əvvəl inandıqları, sonra aldanacaqları başqa biri də. Əsl şərt bir müddət sonra qəhrəmanın təkrarən aldadılmağıdır. Sevgililərin yerinə “siyasi düşüncə”li bir adam qoysanız, ölkəmizdə kifayət qədər yazılan melodramatik romanların qəlibini, Şərqdən, yaxud Qərbdən olan bir adam qoysanız daha dərin “mədəniyyət” romanlarının qəlibini əldə edərik. Dostoyevski melodramı həmişə xoşlayıb, digər müəmmalı romanlarında qəhrəmanlarını bu melodramatik axmaqlıqdan inancsızlıqları ilə qoruyub. “Bəyaz gecələr”də isə mövzunun sayalığı və qısalığı əsəri daha da zərif edir. İyirmi yaşında hansı tənha və xoşbəxt olmayan kişi ulduzlu bir bahar gecəsi şəhərin küçələrindən keçərkən hansısa körpünün yanında göz yaşları tökən gənc bir qızı arzulamaz ki?! Bəlkə də, qızın tale tarixçəsi ilə xəyalpərəst gəncin həyatı arasında bir neçə oxşarlıq vardır. “Bəyaz gecələr”i - göz yaşlarının diktəsinə qapılmadan bir zəriflik və bahar xoşbəxtliyi, eləcə də ab-havası ilə insana sirayət edən, melodrama yaxın bu həssas mövzunu şişirtmələrinə görə çox xoşlayıram. Dilimizə uyğunlaşdırdı: Fərid HüseynANN.Az