Orxan Pamuk
Dostoyevskinin birinci romanı “Yoxsul insanlar” ədəbiyyat tarixinin qəribə hadisələrindən biridir. Bu romana olan reaksiyalar, əsərin oyatdığı maraq və sonradan haqqında yazılan, eləcə də danışanların yaratdığı əfsanələr bu bəsit, ancaq insanın daxili aləminə nüfuz edən kitabın özündən çox-çox məşhur və diqqətəlayiqdir.Dostoyevski “Yoxsul insanlar”ı iyirmi dörd yaşında yazıb.
Məktəbi qurtarıb hərb mühəndisi olan iyirmi üç yaşlı gənc Dostoyevskinin əməlli-başlı ağlı başından çıxır, ədəbiyyat eşqi ilə cəsarətli bir addım atıb yazıçı olmaq üçün öz peşəsindən uzaqlaşır. Balzakın əsərini tərcümə etdiyi, Şillerin kitablarını nəşr etməyi düşündüyü, ədəbiyyat sevgisi ilə alışıb-yandığı vaxtlarından sonra o, “Yoxsul insanlar”ı bir kənara çəkilərək özü üçün yazmışdı, əlyazmasını da ədəbiyyatçı dostu Qriqoryeviçə vermişdi. Qriqoryeviç kitabı oxuyub bəyənən kimi onu başqa bir yazıçıya – Nekrasova ötürmüşdü. Hər iki yazıçı Dostoyevskinin qəhrəmanlarından – orta yaşlı bir katib ilə uzaq qohumu olan gənc, tənha qadının həyatından bəhs edən əsərdən elə təsirlənmişdilər ki, duyğularını bölüşmək üçün gecənin bir aləmində Dostoyevskinin evinə tələsmiş (xatırladaq ki, hələ telefon icad edilməmişdi), onu oyandırmağı qərar verib gənc yazıçının qapısını döymüşdülər. Hələ yuxudan tam oyanmamış gənc yazıçı səhərin açılmasına az qalmış bu iki həyəcanlı heyranını qarşısında görəndə əsərinin nə qədər çox bəyənildiyini başa düşüb xoşbəxtlikdən əl-ayağı yerdən üzülmüşdü.
Dostoyevskini qəfil qoynuna alan bu möhtəşəm uğurun ikinci pərdəsini o illərdə Rusiya ədəbiyyatının yönləndiricisi, böyük düşüncə adamı və tənqidçi Belinski açacaqdı. Nekrasovun rəy bildirməsi üçün Belinskiyə verdiyi “Yoxsul insanlar”ı oxuyan bir qədər solçu və qərbmeylli böyük tənqidçi də həddindən artıq həyəcana qapılır, hələ çap olunmamış bu “ictimai roman”ın (halbuki, bu gün “Yoxsul insanlar”ı heç də ictimai roman hesab edə bilmərik) müəllifini hər yerdə tərifləyir, onun haqqında həm haqlı səbəblərlə, həm də müxtəlif təsadüfi səhvlərlə fikir yürüdür. Bu gün biz “Yoxsul insanlar”ın Dostoyevskinin ən parlaq romanları arasında yer almadığını xatırlayanda, ya da bu romanı, əsasən, Dostoyevskinin haqqında hər şeylə maraqlandığımız üçün oxumaq fikrinə düşəndə, Belinskinin bu tərifləri bizə daha da qəribə görsənir. Belinski belə deyir: “İki gündür bu kitabdan ayrıla bilmirəm. Bu yeni yazıçının, təzə bir istedadın qələmidir: onu tanımıram, kimdir, kimə bənzəyir, bunu da bilmirəm. Amma bu roman bizə Rusiyada həyatın görünməz məqamlarını elə ustalıqla nəql edir ki, bundan əvvəl heç bir yazıçı bu nöqtəyə çatmağı xəyalına belə gətirə bilməzdi”. Halbuki, Belinski də “Yoxsul insanlar”da özünün də heyranı olduğu Qoqolun (sonralar Qoqolun nihilist mistikası və slavyançılığı onun ümidlərini puça çıxartmışdı) təsiri olduğunu çox yaxşı bilirdi. Bizə aynaların əksini xatırladan, daha da qəribə olan cəhət isə bu hədsiz təriflərlə Dostoyevskinin əlindən tutub ədəbiyyat aləminə tanıdan, romanının çap olunmasına vasitəçi olan və bir müddət gənc yazarı, sanki, nağıl dünyasına apararaq qanadlandıran Belinskinin çox sonralar Dostoyevskinin əslində, birinci dəyərli romanı sayılan “Oxşarlar”ı meydana çıxanda arxasını ona çevirib üzünü turşutmasıdır. Bu jest, eyni zamanda qəfil məşhurlaşan və ədəbi uğurlardan yaranmış nağıl dünyasında şıltaqlıq edən Dostoyevskiyə daxilən qısqanclıq edənlərin əlində əvəzsiz fürsətə çevrildi ki, yazarın aqibətini pis istiqamətə yönləndirə bilsinlər.Peterburq ədəbi aləmi uğurlarıyla açıq-aşkar qürurlanan bu məğrur, sonradan şöhrət tapan və başdan-ayağa saf olan yazıçıdan qisasını tez aldı. Dostoyevski də eynən Qoqol kimi gənclik illərində solçu-liberal baxışlara meylli olsa da, müdriklik yaşına dolduqca, yaşlı vaxtlarında ideya yönünü dəyişdi. Amma Dostoyevski iyirmi dörd yaşında əldə edib, qısa müddətə dadını çıxardıb az sonra itirdiyi həmin şöhrətə, ad-sana və ictimai marağa bir də iyirmi il sonra qovuşa biləcəkdi.
Dilimizə uyğunlaşdırdı: Fərid HüseynANN.Az