DSMF-nin vəsaitləri investisiyalara yönəldiləcək - ekspertdən AÇIQLAMA

15:07 | 22.02.2023
DSMF-nin vəsaitləri investisiyalara yönəldiləcək - ekspertdən AÇIQLAMA

DSMF-nin vəsaitləri investisiyalara yönəldiləcək - ekspertdən AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sərbəst vəsaitləri və investisiya gəlirlərinin Mərkəzi Bankda saxlanması barədə layihə Milli Məclisdə ilk oxunuşda qəbul olunub.
 
Layihədə investisiyaya yönəldilən sərbəst vəsaitin, investisiya gəlirlərinin və onun istifadə olunmamış qalığının istənilən bankda deyil, məhz Azərbaycan Mərkəzi Bankında açılmış hesaba toplanacağı və uçotunun ayrıca aparılacağı xüsusi olaraq vurğulanır. Habelə həmin vəsaitlərin növbəti büdcə ilinə keçirilmə forması açıqlanır. Bu isə fonda ayrılan maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etməklə yanaşı, sərbəst vəsaitlərin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunub saxlanılması və əlavə gəlir mənbəyinin formalaşdırılması vasitəsilə pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də, sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan verəcək.
 
Belə ki, fonda yığılan sərbəst pullar Mərkəzi Bankda açılmış xüsusi hesaba qoyulacaq və Mərkəzi Bankda özü harasa yerləşdirib ordan pul qazanacaq və  fonda verəcək. 
 
DSMF-nin sərbəst vəsaitləri və gəlirlərinin MB-də saxlanmasına dair qanun layihəsi deputatlar arasında fikir ayrılığına səbəb olub.
 
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev söyləyir ki, dövlət büdcəsinin vəsaiti ilə formalaşdırılan bir quruma biznes fəaliyyəti ilə məşğul olmağa icazə verilir və bu konstitusiyaya ziddir.

"Dövlət Sosial Müdafiə Fondunun (DSMF) investisiya kimi qoyduğu vəsait sabah bata bilər. Yaxud inflyasiya ilə bağlı sabah DSMF-yə büdcədən əlavə vəsait ayıra bilərik. Çünki hər hansı investisiyanın 1 ildən tez qaytarılacağı gözlənilmir. Bu halda necə olacaq?”,- deputat bildirib.
 
Deputatın fikrincə, DSMF-də, İşsizlikdən Sığorta Fondunda artıq vəsait varsa, müharibədə əlil olmuş insanlara, pensiyasının artırılmasına ehtiyacı olanlara sərf olunsun.
 
"Artıq vəsait investisiya kimi qoyulmamalı, ehtiyacı olanlara verilməlidir. Dövlət qurumlarının xidmətlər müqabilində xidmət haqqı alması da anlaşılmazdır. Belə çıxır ki, dövlət bizneslə məşğuldur. Bu da yolverilməzdir”,- deputat vurğulayıb.

Deputat Azay Quliyev isə həmin vəsaitlərin Mərkəzi Bankda olmasında bir narahatlığın olmadığını bildirib.
 
"Əgər hər hansı narahatlıq olarsa, bu vəsaitlərin investisiya kimi qoyulmasına nəzarət üçün Müşahidə Şurası yaradıla, Müşahidə Şurasında vətəndaş cəmiyyəti, media nümayəndələri təmsil oluna bilər. Eyni zamanda investisiya kimi qoyulacaq bu vəsaitlərdən əldə edilən gəlir bütün şəxslərə deyil, sosial yardıma ehtiyacı olanlara xərclənsə, daha yaxşı olar”,- deputat əlavə edib.

Deputat Fazil Mustafa isə investisiya məsələsini özəl sektora həvalə edilməsinin tərəfdarıdır.
 
"İnvestisiya məsələsinin dövlət qurumlarında problem yaratdığını nəzərə almalıyıq. Bir məqam da var. Adi bir xəstəxanaya direktor təyin olunur, 30 il işləyəni işdən çıxarır. Bu halda belə vasitələr necə effektiv idarə edilə bilər? Bu investisiyalar özünü doğrultmayanda heç kimin məsuliyyət daşımadığı bir halla qarşılaşırıq. Həm də sərbəst vəsaitlər haradan ortaya çıxıb, yanımıza çoxlu sayda ehtiyacı olan insanlar gəlir. Biz bu sosial vəsaitləri ehtiyacı olan insanlar üçün xərcləməliyik”,- deputat vurğulayıb.

Deputat Aydın Hüseynov isə vəsaitlərin investisiya qoyulmasında heç bir riskin olmadığını vurğulayıb.
 
''2022-ci ilin yekunlarına görə 1 milyard manat sərbəst vəsait olub. Bu vəsait Mərkəzi Bankda cəmləşəcək. Mərkəzi Bankın ehtiyatı 7 milyard dollardır. Digər tərəfdən, DSMF-nin Əsasnaməsinə görə onsuz da gəlir gətirən fəaliyyətlə məşğul olmaq hüququ vardı. İndi sadəcə, bu, qanun çərçivəsinə salınır”,- Aydın Hüseynov əlavə edib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev da narahatlığa əsas görmədiyini vurğulayıb.
 
"Deputatlar arasında iqtisadçılar DSMF-nin sərbəst vəsaitlərinin investisiya kimi qoyulmasını dəstəklədi, hüquqşünaslar narahat olduğunu dedilər. Narahat olmayın. Prezidentin sərəncamı olacaq, sərəncamda vəsaitin necə saxlanacağı, şəffaflığın necə təmin olunacağı əksini tapacaq. Norveç, Kanada, Yaponiya kimi ölkələrin bu sahədə təcrübəsi uzun müddət öyrənilib. Bu vəsait Mərkəzi Banka qoyulacaq, risksiz əldə olunan gəlirlər pensiyaların artmasına xərclənəcək. Biz bir neçə il sonra bu qanunun əyani şəkildə nə dərəcədə faydalı olacağının şahidi olacağıq”,- komitə sədri əlavə edib.
 
Deputat Zahid Orucun fikrincə, işsizlikdən əziyyət çəkən şəxslərin həmin resursdan faydalanması ümumi gəlirlərin 80 faizini təşkil etmədikcə,  effektiv sosial siyasətdən danışıla bilməz.
 
"DSMF-nin vəsaitlərində əhəmiyyətli artım olsa da, qanunla siyahısı müəyyənləşən icra orqanlarının Fondun gəlirlərindən maliyyələşsinlər, çünki müxtəlif strukturların saxlanmasına vəsait gərəkdir, lakin işsizlikdən əziyyət çəkən şəxslərin həmin resursdan faydalanması ümumi gəlirlərin 80 faizini təşkil etmədikcə, biz effektiv sosial siyasətdən danışa bilmərik. 
 
"4 il ərzində Fondun vəsaitlərində əhəmiyyətli artım olmasına baxmayaraq, büdcədə "İşsizliyə görə sığorta" ödənişləri 2018-ci ildə 33 478 000 manat, 2019-cu ildə bu vəsait 11 000 000 manat və 2020-ci ildə 5 000 000 manat  təşkil edərək, 2017-ci il səviyyəsinə gətirilib. 2018-ci il üçün 2449 nəfərə işsizlikdən sığorta, 6331 nəfərə işsizlik müavinəti ödənilib. Qanunla siyahısı müəyyənləşən icra orqanlarının Fondun gəlirlərindən maliyyələşsinlər, çünki müxtəlif strukturların saxlanmasına vəsait gərəkdir, lakin işsizlikdən əziyyət çəkən şəxslərin həmin resursdan faydalanması ümumi gəlirlərin 80 faizini təşkil etmədikcə, biz effektiv sosial siyasətdən danışa bilmərik. Əslində bizim gözlədiyimiz konseptual yanaşma nə ola bilərdi-əlbəttə, dəyişiklikləri alqışlayırıq ki,  vəsaitələrdən investisiya məqsədilə istifadə edilməsi doğru strategiyadır, lakin belə kazusun, sərt reallığın yaranmasının səbəbi odur ki, ya dövlət orqanı ləğv edilməli, ya işçi ixtisara düşməli, ya da müəssisə ləğv edilməlidir ki, bizim vətəndaşlar o hüquqdan yararlana bilsinlər. Bu kateqoriyaya  düşənlərsə, əgər siyasətidəyişməsə, yəqin 2100-cü ilədək heç 100 minə çatmayacaq," - deputat vurğulayıb. 
 
İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, bu qanunun qəbul olunmasında DSMF və Mərkəzi bank qazanc əldə edəcək. 
 
"Bu prosesdə DSMF mərkəzi banka sərbəst vəsaiti faizlə verəcək və Mərkəzi Bankda operator bank kimi həmin vəsaitlərin idarə olunmasından əldə edilən gəlirdən əməliyyat xərclərini çıxıb, geri qalanını sosial müdafiə fonduna ötürəcək. Ancaq bu xalqın vəsaitidir. Sosial müdafiə fondu komersiya qurumu deyil ki, özü qazansın. Sosial müdafiə fondu əlavə pul qazanacaqsa, xalq hesabına qazanacaq. Həmin vəsaitdən Azərbaycan vətəndaşlarına hər hansısa bir ödəniş olunacaqmı? Əsas məsələ budur. Bununla bağlı hələki işıq üzü görünmür. Bu qanun ancaq Mərkəzi Bankın kredit imkanlarını artıracaq. Bu qanunun qəbul olunması ancaq DSMF və Mərkəzi Bank qazanc əldə edəcək. Bu məcburiyyətdən doğan bir addımdır. Çünki sosial müdafiə fondu özü yatırım mərkəzinə çevrilə bilmədiyindən sərbəst vəsaitlərin mərkəzi banka ötürülməsi ilə bağlı qərar qəbul edilib.
 
İqtisadçının fikrincə, Azərbaycanda iqtisadi sistem çoxşaxəli modelə keçməlidir.
 
"Azərbaycanda yatırım fondları yaradılmalıdır. Amma çox təssüf ki, bizim iqtisadi model həddindən artıq bəsitdir və bəsit olduğu üçündə bu modelə keçid olmur. Azərbaycanda özəl təqaüd fondları yaradılmalıdır. Bundan sonra vətəndaş özü seçim etməlidir. Təssüf ki, bu məsələlərdə Azərbaycanda keçid etmək mümükün olmur",- ekspert əlavə edib.
 
Bankçılıq üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirir ki, DSMF gəlir əldə etmək üçün bu addımı atır.
 
"Bizim hesabımıza yığılan o vəsaiti qanunvericiliyə görə, fond başqa yerə yerləşdirib, pul qazana bilmir. Fond bu imkandan yararlanmaq üçün belə bir addım atır. Qanuna edilən dəyişikliyə əsasən, yığlan sərbəst pullar Mərkəzi Bankda açılmış xüsusi hesaba qoyulacaq və Mərkəzi Bankda özü harasa yerləşdirib ordan pul qazanıb fonda verəcək. Mərkəzi Bank öz ehtiyatlarını xaricdə və s. yerləşdirərək pul qazanacaq. Bunu etməkdə səbəb dövlət  büdcəsini üzərinə artım olsun və fondun pulu gələcək üçün artsın. Bunun nəticəsi yaxın illərdə görülməsə də, iş düzgün qurulsa, fondun pulu arta bilər və nəticədə pensiyalarda artıma səbəb ola bilər",- hüquqşünas vurğulayıb.
 
"Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliklə Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi təklif olunaraq I oxunuşda qəbul olunub.
 
Rəsmi statistikalara görə, 2018-ci ildə gəlirlər 89  milyon manat, 2019-cu ildə 98 milyon manat, 2020-ci il büdcəsinin gəlirləri 128 milyon manat,  2021-ci il büdcəsinin gəlirləri 157 milyon manat təşkil edib.
 
2023-cü ildə dövlət büdcəsindən ayrılmaların məbləğinin proqnozu 1467,77 milyon manat nəzərdə tutulur ki, bu da 2022-ci ilin təsdiq olunmuş proqnozundan 235,80 milyon manat və ya 19,4 faiz çoxdur.

Fondun 2023-cü ildə xərcləri 6263,97 milyon manat proqnozlaşdırılır ki, bu da 2022-ci ilin təsdiqlənmiş proqnoz göstəricisinə nisbətən 657,7 milyon manat və ya 11,73 faiz çoxdur.

Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb