DTX rəisinin babası kim olub?

08:56 | 28.10.2017
DTX rəisinin babası kim olub?

DTX rəisinin babası kim olub?

Gəncənin məşhur Balabağman məhəlləsində öz müqəddəs əməlləri ilə insanların xətir-hörmətini qazanmış, Allah adamı olan Məşədi Kərimin evində göz açmışdı dünyaya. Atası və dünyalar qədər sevdiyi anası Məsumə xanım onu uşaqlıqdan haqq-ədalət tərəfdarı, xeyirxah, cəsur bir oğul kimi tərbiyə etmişdilər. İlk təhsilini Gəncə şəhər gimnaziyasında almışdı.

Xalqını,Vətənini çox sevirdi Mədət Quliyev. 1918-ci ildə müstəqil milli dövlətimiz yarananda buna ilk sevinənlərdən biri olmuş və onun xidmətinə can atmışdı.1919-cu ildə Gəncə şəhər polisində baş nəzarətçi (baş əməliyyat müvəkkili-İ.Ə.) vəzifəsində xidmətə başlamış, bir müddətdən sonra isə həbsxana sistemində məsul işə keçmişdi.

Amma Azərbaycan Cümhuriyyətinin ömrü uzun olmadı. Bolşeviklər hakimiyyəti ələ aldılar. İlk vaxtlar təcrübəli kadrlar sarıdan ehtiyac duyduqları üçün Mədət kimi peşəkara dəymədilər. Mədət işini mükəmməl bildiyi üçün tezliklə ona etibar edib irəli çəkdilər, məsul vəzifə tapşırdılar. 1921-25-ci illərdə əvvəlcə Gəncə şəhərindəki milis şöbəsinə, sonra isə Qasım İsmayılov (indiki Goranboy-İ.Ə.) və Samux rayonlarına rəis təyin etdilər.1925-ci ildə yenidən Gəncəyə rəis təyin olundu.

Gəlini Zanbaq Nəcəf qızının dediklərindən :

– Bunlar qayınanam Xədicə xanımdan eşitdiklərimdir. Çox gülərüz, söhbətcil, eyni zamanda, zəhimli bir adam imiş. Zəhməti çox sevər, işləməkdən doymazmış. Hamıya kömək əlini uzadarmış, çox da qorxmaz və namuslu insan olub, rəhmətlik.

Əlbəttə, beləsini gözü götürməyənlər, paxıllığını çəkənlər də tapılırdı. Bir də ki, onun Cümhuriyyət polisində xidmət etdiyini unuda bilmirdilər. Nəhayət, ona böhtan atıb həbs etdilər. Bakıda xüsusi xidmət orqanının zirzəmisində bir neçə ay saxlayıb sorğu-sual etdikdən sonra işini baxılması üçün Gəncə Dairə Məhkəməsinə göndərdilər. Onu günahsız olduğu aydınlaşandan sonra azad etməyə məcbur oldular. Bu hadisə 1925 ildə baş vermişdi. Lakin 1927-ci ildə onu yenidən həbs etdilər. Bu dəfə güya Karapet Mirzoyan adlı bir şəxsi "öldürdüyünə” görə. Əslində, onu Azərbaycan Dövlət Siyasi İdarəsinin (DSİ) məsul işçisi, milliyyətcə erməni olan Davud Asaturov (Asaturyan-İ.Ə.) həbs etdirmişdi. D.Asaturov Mədəti güya "bandit” Morul Məmmədəli oğlu, Pirverdi, Sarı Qafar və başqa milli təəssübkeşlərə silah verməkdə, onlarla dostluq münasibətləri saxlamaqda günahlandırırdı. Doğrudur, bu dəfə də Mədət Quliyevə qarşı irəli sürülən ittiham puça çıxdı və o, yenidən bəraət aldı. Ancaq erməni fitfası,”qırmızı yara” hələ əl çəkən deyildi.
1930-cu il noyabrın 30-da Mədət Quliyevi yenə həbs etdilər. Həmin vaxt oğlu Qəzənfərin 9, qızı Qiyafətin 6, gənc həyat yoldaşı Xədicənin isə vur-tut 24 yaşı vardı…

Dövlət Siyasi İdarəsində saxlanılan və aramsız dindirilən , işgəncələrə də məruz qalan Mədət Quliyevin 497 №-li şəxsi işinin protokollarından məlum olur ki, həbsi də, istintaqı da DSİ-nin əməkdaşı Sarkisov soyadlı şəxs icra etmişdir. Mədət Quliyevin işinin istintaqı 1931-ci il fevral ayının 16-da başa çatmış, bircə gün sonra isə o güllələnmişdir…

Xədicə xanımın dediklərindən :

– Onu üçüncü dəfə həbs edib güllələyəndən sonra qara günlərimiz başlandı. Heç kəs bizi görmək və tanımaq ("xalq düşməni”nin ailəsi kimi-İ.Ə.) istəmirdi. Başa düşürdük, hər kəs özü üçün qorxurdu…

Gəncənin Qaranamazlılar məhəlləsinin qocaman sakini Həsənov Kamil Əli oğlu:

-Mədət Kərim oğlu dövrünün görkəmli şəxsiyyəti idi. Şox sadə, hörmətcil, əqidəli insan idi. Gözəl də atıcı idi. Gülləsi boşa çıxmazdı. Mədət Quliyevin polisdə işləməsi də təsadüfi deyildi. O vaxtlar Gəncədə qarışıqlıq hökm sürürdü, camaat qorxudan küçəyə çıxa bilmirdi. Belə bir vaxtda əhali arasında böyük hörmətə malik olan Mədət Quliyevi polisə qəbul etmişdilər. Bu qoçaq insan gecə-gündüz bilmədən işləyir, xalqın əmin-amanlığını qoruyurdu. Elə bil Allah bu qorxu bilməyən insanı bizim üçün yaratmışdı. Hara gedirdik, onun söhbətini eşidirdik. O, at çapanda sanki yer-göy biri-birinə qarışırdı. Mədətin qara atı dillər əzbəri idi.

Mədət Quliyevin həyat və fəaliyyəti Gəncə tarixinin şərəfli bir hissəsidir…

Bu, doğrudanda belədir. Mədət Quliyev kimi insanlar əbədiyaşardırlar. Onun vaxtıilə yarımçıq qalmış əməllərini bu gün nəvəsi, Azərbaycanın Milli Qəhrəmanı, uzun illər DİN və Ədliyyə Nazirliyi sistemində məsul vəzifələrdə (DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, DİN Baş Mühafizə İdarəsinin rəisi, Ədliyyə nazirinin müavini-Penitensiar Xidmətin rəisi) işləmiş general-leytenant, hazırd AR DTX-nə rəhbərlik edən Mədət Qəzənfər oğlu Quliyev şərəf və ləyaqətlə davam etdirir. Bunun özü də bir xoşbəxtlikdir. Xalqımıza rahatlıq verməyən, cəmiyyətimiz üçün təhlükə törədənlərlə, cinayətkar qruplar və ayrı-ayrı qatı cinayətkarlarla, bir sözlə, günü-gündən qüdrətlənən müstəqil Azərbaycan Respublikasının daxili və xariçi düşmənləri ilə mübarizədə var qüvvəsini əsirgəməyən, Azərbaycan Respublikasının Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyevin tərifə ehtiyacı yoxdur. Təkcə adının əvvəlinə yazılan "Qəhrəman” sözü hər şeyi deyir. O, real əməlləri ilə adını doğruldur. Ən xoş olanı isə budur ki, Azərbaycan xalqının qanı-canı məhz belə ləyaqətli oğulların əməllərində yaşayır.

İltifar ƏLİYARLI,
tarix üzrə fəlsəfə doktoru


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM