Prezidentin kadr islahatlarının arxasında nə durur? - TƏHLİL

18:38 | 23.10.2019
Prezidentin kadr islahatlarının arxasında nə durur? -  TƏHLİL

Prezidentin kadr islahatlarının arxasında nə durur? - TƏHLİL

Bu gün prezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad olunması ilə bağlı sərəncam imzalayıb. 

Eyni zamanda Mikayıl Cabbarov da vergilər naziri vəzifəsindən azad edilərək iqtisadiyyat naziri təyin edilib. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.


Anews.az olaraq, ekspertlərlə son günlər baş verən prosesləri səbəbini araşdırmağa çalışdıq.

Millət vəkili Elman Nəsirov bildirib ki, prezident əslində  artıq andiçmədən sonra islahatlara başlayıb.

Onun sözlərinə görə, prezidentin son andiçməsindəki çıxış proqram xarakterli idi və prezident orda da kadr islahatlarının olacağını bildirib.



"Bilirsiniz, prezident 2018-ci ildə növbəti dəfə prezident seçildikdən sonra, andiçmədə proqram xarakterli çıxış etdi və kadr islahatlarının da anonsunu verdi. Artıq dövr dəyişir, tələblər dəyişir, ona görə də, dövrün tələblərinə uyğun gənc, savadlı kadrlara üstünlük verilir. Sosial, siyasi islahatlarla yanaşı, kadr islahatları da çox önəmlidir. Cənab prezident dəfələrlə vurğulayıb ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində Azərbaycan insanı dayanır”, - deyə millət vəkili Elman Nəsirov bildirib.

Elman Nəsirov Ramiz Mehdiyevin AMEA-nın prezidenti vəzifəsinə gətirilməsinə də toxunub. Onun sözlərinə görə, elmi sahələr digər sahələrdən fərqlidir.

"Bilirsiniz, AMEA-nın rəhbərliyində gənc ola bilməz, çünki onun akademik statusu olmalıdır. Akademik statusu almaq üçün də uzun elmi proseslərdən keçmək lazımdır və bu da elə gətirib çıxardır ki, AMEA prezidenti normal olaraq müəyyən yaş həddinə çatmış insan olur. Çıxarılan məmurlar arasında Ramiz Mehdiyevdən başqa akademik statusu olan yox idi və nəzərə alsaq ki, Ramiz Mehdiyev elə Prezident aparatına da AMEA-dan gəlib, uzun illər dövlət idarəçiliyində çalışıb, düşünürəm ki, bu peşəkarlıqla Azərbaycan elminə də çox ciddi töhvələr verməkdə davam edəcək.

Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə deyir ki, 2015-ci ildən sonra Azərbaycandakı böhan iqtisadi böhran deyildi, birbaşa sistem böhranı idi.

Onun sözlərinə görə, əslində kadr dəyişiklikləri elə 2015-ci ildən sonra başladı.



"Problem onda idi ki, qərarlar verilirdi və necə icra olunurdu, bilinmirdi. Adamlar dövrün tələblərinə uyğun deyildilər, uzlaşa bilmirdilər. Ona görə də hakimiyyət 2015-ci ildən etibarən gənc kadrların sistemə cəlb olunmasına başladı. Artıq bu dövrün tələbi idi. Hakimiyyət bunu çox istədiyindən yox, məcburiyyətdən etdi”, - deyə Turan İnformasiya Agentliyinin rəhbəri bildirib.

Politoloq Zərdüşt Əlizadə isə deyir ki, İlham Əliyev istəyir ki, ümumiyyətlə heç nə dəyişməsin, ona görə də adamları dəyişir.

Onun sözlərinə görə, bu dəyişikliklər hələ heç nə demək deyil.



"Ramiz Mehdiyev ən ziyanlı və yerlibaz adam idi. Çox ciddi problem id, çıxarıldı. Amma Ramiz Mehdiyev gedəcək, Əli Həsənov gələcək, Əli Həsənov gedəcək, Əli Əhmədov gələcək. Hər şey yenə olduğu kimi qalacaq. Təhsil yox, hüquq yox, iqtisadiyyat yox. Hər rayona bir icra başçısı təyin ediblər, onlar da xalqı düşünmür. Çox avtoritar dövlət formalaşdırmışıq. İslahatdan onda danışmaq olar ki, şəffaf və azad seçki olar. Ancaq indi hər şey görüntüyə bənzəyir”, - deyə politoloq bildirib.

Həzi




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb