Ədliyyə Nazirliyinə üzvlərinin qeydiyyatı ilə bağlı müraciət edən siyasi partiyalardan Azərbaycan Xalq Cəbhəsi, REAL Partiyası və Müsavat Partiyasına mənfi cavab verilib. Bu barədə partiya sədrləri öz sosial şəbəkə hesablarında məlumat verib.
2022-ci il dekabrın 16-da Azərbaycan parlamenti "Siyasi partiyalar haqqında" 100 dəyişiklik edib və bu qanun Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin yanvarın 11-də imzalanıb. Həmin qanuna əsasən Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar yenidən qeydiyyatdan keçməlidi və bunun üçün Ədliyyə Nazirliyinə ən azı 5 min üzvü haqqında məlumat təqdim etməlidirlər.
"Müsavat" partiyasının təmsilçisi Gülağa Aslanlı partiyanın bir daha müraciət edəcəyini və rədd cavabı alacağı təqdirdə hüquq müstəvisində tədbirlər görməyə hazırlaşdığını bildirib.
"Əvvəla biz Ədliyyə nazirliyinin göstərdiyi o mənasız tələblərin hamısını yerinə yetirməyə hazırıq. Müsavat Partiyasının üzvlərinin siyahısı genişdir və biz bunu yerinə yetirəcəyik. Əgər növbəti dəfə də maneçilik yaradacaqlarsa bunun hüquqi və məhkəmə yolu var. Biz bu yollara başlayacağıq və hakimiyyət bunu da qəbul etməsə siyasi yollara əl atacağıq. Biz beynəlxalq arenaya çıxacağıq və bütün imkanlardan istifadə edib Müsavat Partiyasının qeydiyyatına nail olacağıq”, - Gülağa Aslanlı bildirib.
AĞ Partiyasının sədri Tural Abbaslı isə partiyasına hələlik cavab verilmədiyini deyir.
"Biz bütün məlumatları göndərmişik və bizə hələ də heç bir cavab gəlməyib. Məndə olan məlumata görə 27 partiya məlumatlarını Ədliyyə nazirliyinə verib və hələlik 4 partiyaya cavab gəlib. Mənfi cavab qeydiyyata alınmama demək deyil. Çünkü onların hələ göstərilən qüsurları düzəltmək üçün 1 ay vaxtları var. Proses davam edir və qanunun göstərdiyinə görə, bu məsələlər sentyabrın sonuna kimi də davam edə bilər”, - AĞ Partiyasının Sədri Tural Abbaslı deyib.
O həmçinin bildirib ki, cavablar çıxandan sonra hakimiyyətin tutduğu xətt təxmini bilinəcək.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi isə partiyanın Xalq Cəbhəsi Partiyasının qeydiyyatının ləğv olunması ilə barışmayacağını bildirib.
"Mən deyə bilərəm ki, biz Xalq Cəbhəsi Partiyasının qeydiyyatının ləğv olunması ilə barışmayacayıq. Bütün hüquqi və siyası imkanlardan istifadə edib müzakirə aparacağıq. Kollektiv siyasi şüurla fəaliyyət göstərəcəyik və bunun nümünələrini ortaya qoyacağıq. Cəmiyyət də bunu görəcək. Beynəlxalq aləm və ictimaiyyət bütün qüvvələri səfərbər edib siyasi mühitin məhv olunmasının qarşısında durmağa çalışacayıq. Hazırda bu Xalq Cəbhəsinin qeydiyyatını qorumaq mübarizəsindən daha çox ölkədə siyasi müstəvinin qorunmasının mübarizəsidir”, - Seymur Həzi vurğulayıb.
İyulun 21-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının bu məsələ ilə bağlı iclası olacaq.
"Partiyanın toplantısı olacaq və addımlar dəqiqləşəcək. Yəni biz hələ ki addımları dəqiqləşdirməmişik amma sabah partiyanın iclasında yol xəritəsini dəqiqləşdirəcəyik”, - Həzi söyləyib.
Partiyasınınhələlik cavab almadığını deyən Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa siyasi partiya rəhbərlərini gilylənmək yerinə öz qüsurlarını düzəltməyə çağırıb.
"Ədliyyə Nazirliyinə bizim tərəfimizdən də partiyanın üzvlərinin tələb olunan siyahısı təqdim olunub. Amma hələlik bizim də üzvlər bildirirlər ki, verilən məlumatlar telefon vasitəsilə yoxlanılır. Bu da normal prosedurdu. Siyasi partiyalar qanununun tələbinə uyğundur. Hələlik rəsmi cavab almamışıq. Bu proses hələ yekunlaşmayıb, biz bir qədər gec müddətdə təqdim eləmişik. İndi bu partiyaların qanunun tələbinə uyğun olaraq bu cür qeydiyyatının yenidən həyata keçirilməsi normal bir prosedurdur. Çünkü partiyalar ciddi qurumlardır və bu da hər hansı bir şəkildə dəqiq üzvlüyün müəyyən olunması partiyaların həm də məsuliyyətini artıran amillərdəndir. Ona görə də, bu məsələdə hər hansı bir şəkildə gileylənmək yerinə daha dəqiq üzvlük və daha ciddi partiya quruculuğunu gerçəkləştirmək lazımdır”, - Fazil Mustafa bildirib.
Onun dediklərinə görə, Böyük Qurtuluş Partiyası Ədliyyə nazirliyinə 8415 imza təqdim edib.
"İndi biz cavabları alandan sonra, məsələylə bağlı yəqinki fikirlərimizi bildirəcəyik. Burada bəzi mühalifat partiya təmsilçilərinin tək partiyalı sistemdən danıması absurd məsələdir. Çünkü bu partiyaların əksər hissələri illərdir döşlərini döyürlər ki, onların çox sayılı üzvləri var, onlar böyük monolid bit partiya quruculuğuna malikdirlər və bütün imkanları da kifayət qədər bu istiqamətdə səfərbər olunub. Amma bu zaman göstərir ki, bu məsələ şişirtdiyi kimi deyil, ona görə də, özlərinə aid olan məsələdə həqiqətlər üzə çıxanda dərhal tək-partiyalı sistemdən danışmağa başlayırlar. Mən inanıram ki, Azərbaycanda həralda kifayət qədər ciddi partiyalar istər müxalifət istər iqtidar fəaliyyətini davam etdirəcəkdir və qeydiyyatdan keçərək Azərbaycan cəmiyyətinin gələcəyində partiya demokratiyasının inkişafı üçün oz töhfələrini verəcəklər. Ona görə də, bu nöqsanların düzəldilməsi əvəzinə, verilən vaxtı doğru dəyərləndirmək əvəzinə, bütövlükdə partiyaların bu fəaliyyətinin sanki məhdudlaşdırılmasından danışmaq, tək partiyalı sistemdən danışmaq həsab edirəm ki, absurddur. Hamı üzərinə düşən tələbləri yerinə yetirsə daha doğru olardı”, - Fazil Mustafa deyib.
"Siyasi Partiyalar haqqında" qanun 6 fəsil, 30 maddədən ibarətdir. Qanunda Venesiya Komissiyasının 233 tövsiyəsindən seçki prosesi ilə bağlı olmayan və sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid 132 tövsiyəsindən 112-si nəzərə alınıb.
"Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul olunub.
Rabia Hale Seferoğlu
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !