Əfqanıstanda insanı öldürə bilən 22 heca - FOTOLAR

16:54 | 20.11.2016
Əfqanıstanda insanı öldürə bilən 22 heca - FOTOLAR

Əfqanıstanda insanı öldürə bilən 22 heca - FOTOLAR

Bir neçə il bundan əvvəl, mənə təhqiqat poeziyası adlandırıdığımız çox qeyri-adi bir layihə üzərində işləmək üçün kinematoqraf və fotoqraf Seamus Murphy ilə Əfqanıstan boyunca səyahət etmək kimi nəhəng bir imtiyaz qismət olmuşdu.

Qaçqın düşərgələrində və ucqar kəndlərdə, toylarda və hətta azı bir at fermasında biz landay adlanan xalq şeirlərini toplayırdıq. Landay pəştular arasında azı min il ağızdan qulağa ötürülən beytlərdir.

Elə ki, bacılar bir yerə yığıldılar, qardaşlarını tərifləyirlər, elə ki qardaşlar bir yerə yığıldılar, bacılarını kiməsə satırlar.

Anonim

Landayların mənşəyini heç kim bilmir, amma belə bir rəvayət var ki, bu sərrast balaca şeirləri min il əvvəl karvanlarla bu əraziyə gəlmiş hind-ari tayfaları ünsiyyət forması kimi yaradıblar.

Bunların tarixi İslamaqədərkli dövrə gedib çıxır. Formaca landaylara ən yaxın olan ikimisralıq slokas adlı şeirlərdir. Bu şeirlər qədim hinduların müqəddəs kitabı Vedalarda yer alıb.

Landayın çox az qaydaları var. Orjinal pəştu dilində onun hər beytində 22 heca olmalıdır: 9 birincidə və 13 ikincidə.

Bu misralar "ma" və ya "na" ilə bitməlidir. Onlar beş əsas mövzudan birində olmalıdır - "Mina" (sevgi), müharibə, vətən, biltun (hicran) və nəhayət ğəm (qəm). Lakin buradakı qəm ümumən kədər mənasında deyil. Bu yalnız pəştu qadınına xas olan məxsusi bi qəmdir.

Elə bizi bu layihəyə gətirən də qəm olub.



Bu, valideynlərinin ona şeir yazmağı qadağan etdiyinə görə özünü öldürmüş bir qadının hekayətidir. Bu hadisə bizim üçün müasir Əfqanıstanda mürəkkəb qadın və poeziya dünyasına bir pəncərə oldu.

Yasaq eşq

Rahilə Muska adının pəştu dilində mənası "sevgi təbəssümü"dür və bu, əslində şairənin təxəllüsüdür. O bu təxəllüslə hələ yeniyetməliyindən müharibənin xaraba qoyduğu Helmand əyalətindəki ucqar Gereşk qəsəbəsində şeirlər yazardı.

Əfqanıstanda qızlar və qadınlar poeziyanı mahnı və rəqsə, bəzən isə fahişəliyə bağlayırlar. Mənim 2015-ci ildə tərtib etdiyim "Mən dünya dilənçisiyiəm" adlı topludakı landayda söhbət "qodardan" yəni qadınların toplaşdığı çay kənarından gedirdi. Kişilər üçün qodara getmək qadağandır, lakin yollarını bu yerdən salan gənc kişilər sevdikləri qızlara oğrun-oğrun baxmağa macal tapırlar.

Qızım, Amerikada çaylardan su axmır ki,

İnternetdən doldururlar qızlar guzəni...



Poeziyanın eyş-işrətlə bağlılığına görə çox vaxt valideynlər qızlarına şeir yazmağı qadağan edirlər. Muska belə qızlardan biri idi. O həm də Əfqanıstanda hər 10 qızdan səkkizi kimi şəhərdə yox, 34 kənd əyalətindən birində yaşayırdı.

Bir gün Muska evdə radioya qulaq asırdı. Radioda Mirman Bahir cəmiyyətindən danışırdılar. Bu Əfqanıstanda qadın haqları uğrunda mübariz siyasətçi Sahirə Şərifin yaratdığı ədəbiyyat cəmiyyətidir. Şərif bu cəmiyyəti yaradıb ki, paytaxt Kabulda müxtəlif peşə sahibi olan qadınlar bir araya gəlib şeir və hekayələrini oxusunlar.

Lakin Mirman Bahirin həqiqi dahiyanəliyi onun Rahilə Muska kimi qızlarla əlaqə yaratmaq yanğısı və yenilikçi cəhdləridir. Bu təşkilat bir növ poeziyanın qaynar xəttidir. Bu mobil xətlə qızlar zəng edə, öz şeir və hekayətlərini pərəstişkarlardan ibarət daha geniş qrupa çatdıra bilərlər. Şərif və başqa üzvlər öz şeirlərini də paylaşır və radioda işləyirlər. Onlar eyni zamanda qaynar xəttin telefon nömrəsini də yayırlar ki, qızlar onları tapa bilsinlər.

Güc birlikdədir

Bu şeirləri radioda eşitdikdən sonra Muska müntəzəm olaraq zəng edib şeirlərini ucadan oxumağa başlayıb. Lakin o bu şeirləri telefona oxuyarkən bunu eşidən qardaşları elə düşünüblər ki, o şeirləri sevgilisinə oxuyur. Halbuki bu şeirləri uzaq paytaxtda qadınlar qrupu dinləyirdi. Qardaşları onu qəddarcasına döyüblər və deyiblər ki, bir də şeir yazsa, onu öldürəcəklər. O isə davam edib. Daha bir döyülmədən sonra intihar edib. Mənə Gereşkdə dedilər ki, valideynləri onu istədiyi adama vermədiklərinə görə özünə od vurub.



Qrupa son telefon zəngində Muska deyib ki, xəstəxana çarpayısındadır. O özünə od vurub yandırmışdı və sağ qalacağına ümid yox idi. Qrup bundan sonra onun barəsində daha heç nə eşitməyib. Onun şeirlərinin çoxu da it-bata düşüb. Axı Murman Bahirin zəngləri və şeirləri yalnız canlı efirdə yayırdı və yazmırdı.

Muskadan qalan bir şeir landay janrında yazılıb.

Çağırıram, dinmirsən, dönmüsən daşa,

Bir gün çıxıb gedərəm, qal mənsiz yaşa...

Bu şeir ona görə salamat qalıb ki, anonim olub. Muskanın atası bütün dəftərləri cırıb yandırıb, lakin landaylara toxunmayıb.



Bu şeirlərin anonim olması, onlardakı qara yumor, misralarının kəskinliyi və gözəlliyidir landaylara qüvvə verən. Bu şeirləri adətən mahnı kimi toylarda, ocaq başında, tarlada keçən uzun iş günündən sonra həm kişilər, həm də qadınlıar əsrlərcə mahnı kimi oxuyublar. Bu şeirlər şifahi ədəbiyyat olduğundan qadınların minlərlə misranı bilməsi üçün savadlı olmalarına ehtiyac yoxdur.

Şeirlərin anonimliyi onların heyrətamiz şəkildə açıq-saçıq olmasına imkan verir. Məsələn seksdən danışaq. Landaylar bəzən abır-həyasız, lakin təbii olmaqla qadın qüdrətinin ifadəsinə çevrilir.

Dünən gecə gəlməyənin yox imiş baxtı,

Mən onunçün düzəltmişdim bu yataq taxtı...

Bu şeirlər öz seksuallığı və çılğınlığı ilə qadının göy burka altında gücsüz bir məxluq olması stereotipini havaya sovurur. Və zaman keçdikcə, müğənnilər arasında ağızdan-ağıza dolaşdıqca bu şeirlər dəyişir. Bəzən bu dəyişmələr əcnəbilərin işğallarını əks etdirir. Məsələn bu landayın imperiyadan-imperiayaya dəyişdiyi kimi:
 
Qadınlar

Sevgilim Britaniya əsgəri olduğu üçün ürəyim yara bağlayıb misrası, dönüb olub:



Sevgilim rus əsgəri olduğu üçün ürəyim yara bağlayıb...

Bu gün isə bu misranı

Sevgilim Amerika əsgəri olduğu üçün ürəyim yara bağlayıb şəklində deyirlər.(bbc)


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM