“Wizz Air Abu Dhabi” Qəbələyə ilk uçuşunu həyata keçirib- VİDEO

İyunun 19-da “Wizz Air Abu Dhabi” Qəbələ Beynəlxalq Hava Limanına ilk uçuşunu həyata keçirib.
"Bu gün həm Wizz Air Abu Dhabi, həm də Azərbaycan üçün əlamətdar bir gündür. Pandemiya dövründən sonra ilk dəfə olaraq Qəbələ hava limanında kommersiya uçuşu həyata keçirilib və bu reysi yerinə yetirən ilk aviaşirkət məhz Wizz Air Abu Dhabi olub", - Wizz air şirkətinin kommersiya direktoru Tamara Vallouis bildirib.
Onun sözlərinə görə, hər bir hava əlaqəsi iqtisadiyyata və turizmə töhfə verir, bu isə bölgənin rifahı deməkdir.
"Ümid edirik ki, Əbu-Dabi ilə Qəbələni birləşdirən bu marşrut regionun iqtisadiyyatına və turizminə təkan verəcək,” – o vurğulayıb.
Təyyarə bu gün Qəbələyə təxminən 200 sərnişinlə eniş edib və uçuşun yüksək maraqla qarşılandığı bildirilib. Qayıdan reysin də tam dolduğu qeyd edilib.
Wizz Air Abu Dhabi nümayəndəsi bildirib ki, azərbaycanlılar üçün Əbu-Dabinin zəngin mədəni irsini kəşf etmək üçün birbaşa hava əlaqəsi yaradılıb. Eyni zamanda, BƏƏ və Əbu-Dabi sakinləri artıq cəmi üç saatlıq uçuşla Azərbaycanın şimal bölgəsinin yaşıllıqlarını, təbiətini və xizək kurortlarını ziyarət edə biləcəklər.
Şirkət bu münasibətlə bu gün rəsmi saytında bütün reyslərə 20%-dək endirim elan edib və bu əməkdaşlığın daha geniş tərəfdaşlığın başlanğıcı olacağına ümid etdiklərini bildirib.
Nümayəndə həmçinin Azərbaycanın Dövlət Turizm Agentliyinə Qəbələ Hava Limanının rəhbərliyinə və dəstək göstərən tərəfdaşlara təşəkkür edib. O, eyni zamanda BƏƏ hakimiyyətinə də hər mərhələdə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.
Reyslər həftədə 3 dəfə – çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Gələcəkdə isə tələbatdan asılı olaraq uçuşların sayının artırılması planlaşdırılır.
Biletlərin qiyməti 45,99 ABŞ dollarından başlayır.
Qəbələ Hava Limanı 2011-ci ildən fəaliyyət göstərir.
Gülnar Nazimqızı
Gülnar
Son xəbərlər
Daha çox 