Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci il üçün illik inflyasiya proqnozunu 5,7%, 2026-cı il üçün isə 5,3% səviyyəsində müəyyən edib. Bu, əvvəlki proqnozla müqayisədə müvafiq olaraq 0,4 və 1 faiz bəndi artım deməkdir.
AMB-nin bəyanatında bildirilir ki, inflyasiyanın hədəfdə qalması və valyuta bazarındakı sabitlik monetar siyasətin yumşaldılması üçün imkan yaradır. Faiz dəhlizinə dair qərarlar inflyasiyanın real və proqnozlaşdırılan göstəriciləri, həmçinin daxili və xarici risklər nəzərə alınmaqla veriləcək.
Rəsmi məlumatlara görə, 2025-ci ilin iyununda 12 aylıq inflyasiya 6% təşkil edib. Qiymət artımı əsasən qida və alkoqollu içkilər üzrə 7%, ödənişli xidmətlər üzrə 7,2%, qeyri-qida məhsulları üzrə isə 2,8% səviyyəsində qeydə alınıb. Baza inflyasiya 4,8% olub.
AMB-nin qiymətləndirməsinə görə, xarici inflyasiya təzyiqləri məhdud olaraq qalır. Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən, 2025-ci ilin iyununda əmtəə qiymətləri indeksi illik 0,6%, ərzaq qiymətləri indeksi isə 4,2% azalıb.
Qurum bildirir ki, ortamüddətli dövrdə dövlət xərclərinin və istehlak kreditlərinin artımı daxili tələbi və qiymətləri yüksəldə biləcək əsas risk faktorları kimi diqqətdə saxlanılmalıdır.
Aytac