Tokayev Türkiyəyə yeni neft kəməri tikməyi təklif edəcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev iyulun 29-da Ankaraya rəsmi səfər edəcək. Səfər zamanı Qazaxıstan neftinin Rusiya ərazisini keçmədən Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri ilə ixracının artırılması müzakirə olunacaq. Bu barədə ekspertlər bildirib.
"Kaşaqan" və "Tenqiz2 yataqlarının səhmdarları ildə 12–20 milyon ton gücə malik, Xəzər dənizi dibindən keçəcək yeni boru kəmərinin tikintisini nəzərdən keçirirlər.
Bu kəmər xüsusilə "Kaşaqan"ın ikinci fazası işə düşdükdə KTK (Xəzər Boru Kəməri Konsorsiumu) üzrə ixrac imkanlarının yetərsizliyi fonunda əlavə marşrut kimi baxıla bilər.
Bundan əlavə, Kalamkas-Xəzər, Taysoyqan və Karaton-Yarımtikili layihələrindən də əlavə həcmlər gözlənilir.
Lakin BTC ilə Qazax CPC Blend neftinin həcminin artması, Azeri Light markalı Azərbaycan neftinin keyfiyyətini aşağı sala və qiymətinə təsir edə bilər. Hazırda Bakı keyfiyyəti qorumaq üçün BTC vasitəsilə ildə maksimum 1,5 milyon ton Qazaxstan neftinin ixracına icazə verir.
Sənaye ekspertlərinin sözlərinə görə, Xəzər dənizində boru kəməri tikintisi üçün Rusiya və İranın razılığı tələb olunmur.
Bununla belə, İran Qazaxıstanla neftin svop tədarükü üzrə əməkdaşlığa hazır olduğunu bildirib.
N.Təbrizli