Azərbaycan və Türkmənistan iqtisadi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Azərbaycan və Türkmənistan iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası çərçivəsində ticarət, enerji, nəqliyyat və investisiyalar üzrə əməkdaşlığın dərinləşdirilməsinə dair razılığa gəliblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyevin həmsədrliyi ilə keçirilən iclasda sənaye, kənd təsərrüfatı, biznes və sərmayə qoyuluşu kimi sahələrdə birgə layihələr və perspektivlər müzakirə olunub.
Cabbarov bildirib ki, iki ölkə arasında münasibətlər qardaşlıq və yüksək siyasi etimada əsaslanır. O, hazırda Azərbaycanda Türkmənistan kapitallı 75 şirkətin fəaliyyət göstərdiyini xatırladıb.
Tərəflər enerji əməkdaşlığının genişləndirilməsi və “Şərq–Qərb” nəqliyyat dəhlizi ilə yanaşı Orta dəhlizin səmərəliliyinin artırılması üzrə birgə fəaliyyətin vacibliyini vurğulayıblar.
2023-cü ildə tranzit daşımaların həcmi 2 milyon tonu keçib, 2024-cü ilin ilk yarısında isə bu göstərici 1 milyon tonu ötüb.
İclasda Azərbaycanın iqtisadi imkanları, əlverişli investisiya mühiti və Zəngəzur dəhlizinin perspektivləri barədə də təqdimat olub.
Türkmənistan tərəfi qarşılıqlı maraqlar əsasında əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını bəyan edib.
İclasın sonunda iqtisadi, energetika, nəqliyyat və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan yekun protokol imzalanıb.
N.Təbrizli