Əhalinin yanacaq xərcləri 7 %-ə qədər artıb

2025-ci ilin yanvar-iyulunda ölkədə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 101,6 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 % çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ötən 7 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 6 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Cari ilin yeddi ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,1 milyard manatlıq, o cümlədən 19,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.
Hazırda Azərbaycanın daxili bazarında "Premium Euro-95” markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün 2 manat, "Super Euro-98” markalı benzinin pərakəndə satış qiyməti 2,3 manat, Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti 0,8 manatdır.
2023-cü ildə Azərbaycanda yanacaq istehlakçıları ümumilikdə 3 milyard 63,4 milyon manatlıq (indiki məzənnə ilə 1 milyard 802 milyon ABŞ dolları) avtomobil benzini və dizel yanacağı alıblar ki, bu da 2022-ci illə müqayisədə 8,1% çoxdur.
Aytac Zeynalova