bp Azərbaycanda istedadlı gənclərə dəstək layihəsinin üçüncü mərhələsini bitirib

bp bu gün Azərbaycanda yüksək ixtisaslı yerli mütəxəssislərin hazırlanmasına yönəlmiş sosial sərmayə layihəsinin üçüncü mərhələsinin uğurla başa çatdığını bildirib.
Layihə aztəminatlı ailələrdən olan 30 gənci əhatə edib və onlara SAT və IELTS imtahanlarına hazırlıq, qəbul prosesinə dəstək göstərilib. İştirakçıların hamısı Kembric, London İmperial Kolleci, Kolumbiya, Berkli, Cons Hopkins, KAIST və digər nüfuzlu ali məktəblərə qəbul olunublar.
Onlardan 10-u bakalavr, 20-si magistr pilləsinə müraciət edib. 24 nəfər artıq təqaüd qazanıb, 6 nəfərin müraciəti isə nəzərdən keçirilir.
“ROOF Academic Training” tərəfindən icra olunan layihə 2024-cü ilin avqustundan 2025-ci ilin iyuluna qədər davam edib, dəyəri 150 000 manat (88 235 ABŞ dolları) olub.
“Bu təşəbbüsün uğurlarını görmək bizi çox sevindirir. Layihə istedadlı gənclərə dəstək olmaqla Azərbaycanın dayanıqlı gələcəyinə töhfə verir,” – bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
bp 33 ildir Azərbaycanda fəaliyyət göstərir, neft-qaz layihələrinə 87 milyard dollardan çox sərmayə yatırıb və sosial layihələrə 111 milyon dollardan çox vəsait ayırıb. Azərbaycandakı 2395 bp işçisinin 90%-dən çoxu yerli vətəndaşdır.
N.Təbrizli
Son xəbərlər
Daha çox 