Azərbaycanda təhsilə ayrılan vəsaitin 95 faizi dövlətin payına düşür - Nazir müavini

Azərbaycan hökuməti hər il təhsilə təxminən 4 milyard manat vəsait ayırır, bu da sahəyə yönələn ümumi investisiyaların 95 faizini təşkil edir. Bunu Elm və Təhsil Nazirliyinin müavini İdris İsayev Bakıda keçirilən "Azərbaycanın Dayanıqlı İnkişaf Naminə Təhsilə İnvestisiya" mövzusunda 7-ci DİM dialoqu forumunda bildirib.
İsayevin sözlərinə görə, təhsilə böyük həcmdə dövlət sərmayəsi yatıran ölkələr uzunmüddətli dövrdə müsbət nəticələr əldə edir və Azərbaycan da həmin ölkələr sırasındadır.
“Bizim əsas məqsədimiz təhsilin əlçatanlığını artırmaq, müəllimlərin peşəkarlığını gücləndirmək və nəticəyönümlü investisiya siyasəti həyata keçirməkdir,” – nazir müavini qeyd edib.
İsayev bildirib ki, investisiyaların böyük qismi əməkhaqlarının maliyyələşdirilməsinə, eləcə də yeni məktəblərin tikintisi və bərpasına yönəldilir.
Nazir müavini əlavə edib ki, ilin sonunadək məktəbəqədər təhsilin əhatə dairəsini 40 faizə çatdırmaq planlaşdırılır. Müqayisə üçün, inkişaf etmiş ölkələrdə bu göstərici təxminən 95 faiz səviyyəsindədir.
Onun sözlərinə görə, təhsil investisiyalarının 15–16 faizi ali təhsil sektoruna, təxminən 50 faizi isə ödənişli təhsil seqmentinə yönəlir.
“Əhatəlilik baxımından göstəricilərimiz artıq inkişaf etmiş ölkələrlə müqayisə oluna biləcək səviyyədədir. Görəcəyimiz işlər çoxdur, amma istiqamət doğrudur,” – İsayev vurğulayıb.
Gülnar Nazimqızı