Azərbaycanda özəl pensiya fondları ilə bağlı qanun layihəsi 2026-cı ildə qəbul edilə bilər

Azərbaycanda gələn il özəl pensiya fondlarının yaradılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi və qəbulunun gözlənildiyi bildirilib. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Onun sözlərinə görə, vətəndaşlar könüllü əsaslarla sığorta şirkətləri vasitəsilə pensiya kapitalı formalaşdıra biləcəklər.
Bu kapital vətəndaşla sığortaçı arasında imzalanacaq müqaviləyə uyğun olaraq biznes layihələrinə yatırılacaq, dividend şəklində hissə-hissə və ya birdəfəlik ödəniləcək, yaxud vəsait pensiya yaşına çatdıqda aylarla bölünərək verilə, həmçinin varisə ötürülə biləcək.
Quliyev əlavə edib ki, Azərbaycanda demoqrafik göstəricilərdə mənfi tendensiyalar müşahidə olunur – doğum səviyyəsi azalır, ömür uzunluğu artır, yaşlı əhali çoxalır. Bu prosesin qarşıdakı 15 il ərzində əmək bazarı və pensiya sisteminə mənfi təsir göstərəcəyi gözlənilir.
Hazırkı pensiya sistemi 2006-cı ildən tətbiq olunur və sosial sığorta ödənişləri əsasında qurulub.
Vətəndaşın pensiya almaq hüququ üçün üç əsas şərt mövcuddur: 65 yaş, 25 illik əmək stajı və pensiya kapitalı.
N.Təbrizli
Son xəbərlər
