EBRD Azərbaycandakı əməliyyat aktivlərini artırıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı əməliyyat aktivləri sentyabrın 30-na 703 milyon avro təşkil edib. Bu, avqustla müqayisədə 0,9% və ya 6 milyon avro çoxdur.
Bankın cari kredit portfeli 948 milyon avro dəyərində qiymətləndirilib, onun 37%-i özəl sektorun payına düşür.
Avqustun sonu ilə müqayisədə portfelin dəyəri 0,63% və ya 6 milyon avro azalıb. Hazırda 35 layihə aktivdir.
Cari portfelin 89%-i (842 milyon avro) dayanıqlı infrastrukturun inkişafına, 6%-i (56 milyon avro) maliyyə institutlarına, 5%-i (49 milyon avro) isə korporativ sektora yönəldilib.
Ümumilikdə EBRD Azərbaycanda 200 layihəyə 3,66 milyard avro sərmayə yatırıb.
2024-cü ildə isə bank 8 layihənin maliyyələşdirilməsinə 199 milyon avro ayırıb ki, bu da əvvəlki illə müqayisədə 27,6% çoxdur.
N.Təbrizli