Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 mlrd. dolları ötüb
2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 milyard 152.3 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.3% və ya 209.9 milyon ABŞ dolları çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Hesabat dövründə Azərbaycandan Rusiyaya ixrac 0.4% artaraq 975 milyon 883 min dollara, Rusiyadan Azərbaycana ixrac isə 7% artaraq 3 milyard 176.4 milyon dollara bərabər olub.
Bu dövrdə Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında Rusiya birinci yerdə qərarlaşıb. Belə ki, cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan Rusiyaya 968 milyon 946 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Bu dövrdə Azərbaycandan Rusiyaya əsasən meyvə-tərəvəz (pomidor, kartof, alma, meşə fındığı, albalı, çiyələk, xurma və sair) meyvə şirələri, kərə yağı, ilkin formalı propilen sopolimerləri, ilkin formalı polipropilen və başqa məhsullar ixrac edilib.
2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi, ölkənin ümumi ticarət dövriyyəsinin 10.2%-nə bərabər olub.
Cari ilin 10 ayında Azərbaycanın ümumi ixracı 21 milyard 636.8 milyon ABŞ dolları, qeyri-neft ixracı isə 2 milyard 987.8 milyon ABŞ dolları təşkil edib.
Son xəbərlər
Daha çox