BP rəsmisi: Xəzərdə yeni qaz ehtiyatlarının aşkarlanması üçün seysmik tədqiqatlar aparılır
BP şirkəti Xəzər dənizində yeni qaz ehtiyatlarının aşkar edilməsi məqsədilə aktiv seysmik tədqiqatlar aparır. Bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli bu gün keçirilən mətbuat konfransında bildirib.
O, media üçün keçirilən brifinqdə qeyd edib ki, bu tədqiqatlar Xəzərdə potensial yeni qaz həcmlərinin mövcudluğunu müəyyən etməyə imkan verəcək. Onun sözlərinə görə, nəticələr təsdiqləndikdən sonra növbəti mərhələdə geoloji kəşfiyyat işlərinə başlanacaq.
Birrell vurğulayıb ki, BP bu istiqamətdə həm Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), həm də ölkə rəhbərliyi ilə əməkdaşlıq edir.
“Biz SOCAR və ölkə rəhbərliyi ilə birlikdə işləyirik ki, gələcəkdə yeni layihələrə qoşula bilək”, – o bildirib.
BP rəsmisinin sözlərinə görə, şirkətin qlobal strategiyası neft və qaz hasilatının artırılmasına yönəlib və Xəzər regionu bu strategiyada mühüm yer tutur.
“Şirkətimizin dünya üzrə ümumi strategiyası neft və qaz hasilatını artırmaqdır və biz Xəzər dənizini də bu baxımdan perspektivli region kimi görürük”, – Birrell əlavə edib.
Gülnar Nazimqızı