Əmək müqaviləsi niyə bağlanmalıdır? - HÜQUQİ MAARİFLƏNDİRMƏ

08:34 | 31.07.2024
Əmək müqaviləsi niyə bağlanmalıdır? - HÜQUQİ MAARİFLƏNDİRMƏ

Əmək müqaviləsi niyə bağlanmalıdır? - HÜQUQİ MAARİFLƏNDİRMƏ

Hansı ölkədə yaşamağımızdan asılı olmayaraq əgər əmək münasibətlərinə girirsinizsə, yəni işə düzəlirsinizsə mütləq işəgötürənlə əmək müqaviləsi bağlamalısız. 

Əmək müqaviləsi əmək münasibətlərində ən mühüm elementdir. Əmək müqaviləsi bağlamadan əmək münasibətlərinə daxil olma və ya bu münasibətlərin yaranması qanunsuzdur. Bu, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada məsuliyyət yaradır.

Azərbaycan Respublikasında əmək müqaviləsinin bağlanması ölkənin Əmək Məcəlləsi ilə tənzimlənir. 

İşəgötürənlə İşçilər arasında bu barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun Əmək müqaviləsinin bağlanmasının hansı üstünlükləri, qanuni əsasları, müsbət halları və məsuliyyəti var?

Əmək müqaviləsi nədir? 

Əmək müqaviləsi (kontraktı)–işəgötürənlə işçilər arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin (işəgötürən və işçi) hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

Əmək münasibətləri nədir? 

Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə Azərbaycan Respublikası Əmək Məcəlləsinin prinsiplərinə əsaslanan münasibətlərdir.

Əmək müqaviləsi necə bağlanır?

Əmək müqaviləsi tərəflər arasında könüllü bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

Əmək müqaviləsi kimlər arasında bağlanır?

Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

Hər kəs əmək müqaviləsi bağlaya bilərmi?

On beş yaşına çatan hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəflərindən biri ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilən şəxslərlə işçi kimi əmək müqaviləsi bağlana bilməz.

Hər kəs işəgötürən ola bilərmi?

Tam fəaliyyət qabiliyyəti olmayan şəxslər - işəgötürən ola bilməz.

Əmək müqaviləsi məzmunu necə olmalıdır?

Tərəflər arasında bağlanmış Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı imüəyyən edilir və yazılı formada bağlanır. 

Əmək müqaviləsinin forması necə olmalıdır?

Tərəflərin razılığı ilə əmək müqavilələri Azərbaycan Respublikası Əmək Məcəlləsinə əlavə edilən nümunəvi formaya uyğun da tərtib edilə bilər.

Əmək müqaviləsi neççə nüsxədə olmalıdır?

Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.

Əmək müqaviləsi onu bağlayan tərəflərə nə verir?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olmayan Əmək müqaviləsinin bağlanmaması tərəflər üçün bir sıra imkanlar yaradır - müvafiq qaydada intizam, maddi, inzibati və cinayət məsuliyyətinə-işəgötürənər üçün, işçinin sığorta stajının olmamasına, onunla baç vermiş bədbəxt hadisələrin qeydə alınmaması və qanunvericiliklə nəzərdə tutulmuş qaydada sığorta pulunun və digər dəymiş ziyanın ödənilməmısi, ən azı ildə bir dəfə ödənişli məzuniyyət hüququ olmaması, xəstəlik vərəqəsi almaması və bununla əlaqədar müavinətlərin verilməməsi, pensiya və ya güzəştli şərtlərlə əmık pensiyasına çıxmaq üçün sığorta stajının az olması, müəssisənin gəlirindən pay almaması və s. 

Əmək müqaviləsinin bağlanmasında əsas problemlər nədir? 

Hal hazırda İşəgötürənlə İşçi arasında bağlanmış əmək müqaviləsində olan əsas problemlərə işçilərin Əmək müqaviləsinin məzmunu ilə tanış olmaması, işçilərə bu müqavilə ilı tanış olma imkanının verilməməsi, Əmək müqaviləsinin bir nüsxəsinin işçiyə verilməməsi, müddətli əmək müqaviləsinin bağlanması, əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun pozulmaması, əmək müqaviləsinin ləğv edilməsi barədə İşəgötürənin əmrinin işçiyə verilməməsi, əmək müqaviləsi bağlanarkən diskriminasiya hallarına yol verilməsi, işçilərin əmık müqaviləsində nəzərdə tutulmayan işlırə cəlb edilməsi və s daxildir.

Əmək müqaviləsi bağlanarkən hansı sənədlər tələb olunur? 

Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir.

İşçinin harada qeydiyyatda olması məhdudiyyət yaradırmı?

Əmək müqaviləsinin bağlanması işçinin müvafiq yaşayış məntəqəsində qeydiyyatının olub-olmaması ilə şərtləndirilə bilməz.

İşçinin sosial statisiəmək müqaviləsinin bağlanmasını əngəlləyə bilərmi?

Məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər.

Əmək müqaviləsi bağlayarkən təhsil haqqında sənəd istənilə bilərmi?

Əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təhsili barədə müvafiq sənəd təqdim edilir.

Hansı hallarda sağlamlıq haqqında arayış tələb olunur?

İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər. Belə əmək şəraitli peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

İşçidən hansı hallarda əlavə sənəd tələb edilə bilməz?

Əmək münasibətlərinə girən işçidən bu Məcəllədə nəzərdə tutulmayan, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır.

Əmək müqaviləsinə xitam verilməsi necə qüvvəyə minir?

Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən əmək müqaviləsi bildirişinin həmin elektron informasiya qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini hansı qurum həyata keçirir? 

İşəgötürənlər, işçilər, icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin, eləcə də bütövlükdə əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların dürüst və eyni cür tətbiq edilməsinə, onların tələblərinin düzgün yerinə yetirilməsinə nəzarəti öz səlahiyyətləri daxilində prokurorluq orqanları və Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirir.

Əmək qanunvericiliyinə əməl olunmasına ictimai nəzarətini hansı qurum həyata keçirir? 

İşçilərin və işəgötürənlərin əmək, sosial və iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarəti «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq həmkarlar ittifaqları orqanları, habelə işəgötürənlərin nümayəndəli orqanları tərəfindən həyata keçirilir.

İşəgötürən və əmək münasibətlərinin digər iştirakçıları tərəfindən həmkarlar ittifaqlarının Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər normativ hüquqi aktlara əsaslanmış ictimai nəzarətinin həyata keçirilməsinə mane olunması, habelə onların qanuni və əsaslı tələblərinə əməl edilməməsi yolverilməzdir.

Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq Əmək müqaviləsinin bağlanmaması hansı məsuliyyətə səbıb olur? 

İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Əmək müqaviləsi olmadan fiziki şəxsi işə cəlb edənləri nə gözləyir?
 
Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Əmək müqaviləsi olmadan xeyli sayda fiziki şəxsi işə cəlb edənləri nə gözləyir?

Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi — yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
"Xeyli sayda” dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur. 

Eyni əməllər təkrar törədildikdə həmin  şəxsləri nə gözləyir?

Eyni əməllər təkrar törədildikdə —üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının ekspert qrupu

P.S. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı (NHMT) İctimai Birliyi 1996-cı ildə Azərbaycanın neft və qaz sektorunda çalışan insanların hüquqlarının müdafiəsi və ölkənin enerji sektorunda reallaşdırılan layihələr üzərində vətəndaş cəmiyyətinin nəzarətinin bərqərar olunması məqsədilə neft sektorunda çalışan bir qrup mütəxəssis tərəfindən yaradılıb. Təşkilatın fəaliyyət sahələrinə ictimai nəzarət-monitorinq, tədqiqat, insan hüquqlarının müdafiəsi, hüquqi yardım, maarifləndirmə,lobbiçilik, regionlarda icma ilə iş, icma  üzvlərini fəallaşdırmaq, KİV-dən istifadə və ictimai məlumatlandırma daxildir.Təşkilat Bakı, Azərbaycan, Balakişiyev 15,mənzil 6 ünvanda yerləşir.  Tel: (+994 12) 520 34 59. 
 
Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi  ilə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı" İctimai Birliyi tərəfindən "Əmək münasibətlərində şəffaflığın təmin edilməsində əmək müqaviləsinin əhəmiyyəti” layihəsi çərçivəsində hazılanıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM