İqtisadçı ekspert Vüqar Bayramov ANN.Az-ın əməkdaşının suallarının cavablandırarkən bildirib ki, dolların məzənnəsinin artması ilə əlaqədar avtomobil bazarında da qiymət artımı hiss olunub: "Nəzərə alsaq ki, ölkəyə gətirilən avtomobillər dollar və avro ilə alınır. Bu zaman artımın olması da təbiidir. Ölkəyə əvvəllər Avropadan, Amerikadan maşın gətirilirdisə, həmin avtomobillər ordan ucuz qiymətə alınır və burada həmin satıcı özü istədiyi kimi qiyməti tənzimləyə bilirdi. Amma indi dünyadakı iqtisadi prosesləri və ölkədəki vəziyyəti nəzərə alanda, həmin satıcının avtomobili satmaqda işi bir az da çətinləşəcək. Belə proseslərin baş verdiyi vaxt avtomobil bazarında alıcı qıtlığı daha çox yaşanacaq".
Qiymət artımının avtomobil bazarına ciddi fəsadlar yaradacağından söz açan iqtisadçı qeyd edib ki, bu hal bazarda həm tələb, həm də təklifin azalması ilə müşahidə olunacaq. Beləliklə, avtmobil bazarında ciddi durğunluq yaşanacaq.
Ekspert bu prosesi avtomobil satıcıları üçün keçid dövrü hesab edir: "Yəni bu dövr nə qədər çətin olsa da, bütün satıcılar üçün bir keçid dövrüdür. Satıcılar belə məqamda xaricdən avtomobil gətirməkdə bir az fasilə verəcəklər".
Eyni zamanda ekspert vurğulayıb ki, istifadə olunmuş ikinci əl avtomobillərinin qiymətində isə dəyişiklik edilməyəcək: "Çünki köhnə avtomobillər xarici ölkədən dollarla alınıb, ölkədə də dollarla satılırdı. Amma bu yeni avtomobillərə aid deyil. Çünki həmin avtomobillər xarici ölkədən dollarla alınıb, ölkəmizdə manatla satılırdı. Məhz ən çox da qiymət artımı yeni avtomobillərdə hiss ediləcək. Ölkəyə ən çox avtomobil Rusiya, Gürcüstan, Almaniya kimi ölkələrdən gətirilir. Rusiya avtomobilləri nəzərə alsaq ki, ölkəmizdə daha çoxdu və bu çoxluq yenə də ölkəmizdə hiss olunacaq. Çünki Rusiya istehsalı olan yeni avtomobillər digər ölkələrdən gətirilən avtomobillərdən daha ucuzdu".
Qiymət artımından sonra ölkəyə bahalı qiymətə avtomobillər gətirilməsindən danışan iqtisadçı deyib: "İnanmıram ki, bu hallardan sonra ölkəyə bahalı avtomobillər gətirilsin. Çünki yanvar ayında qəbul olunmuş aksiz vergilərinin artırılması və dolların məzənnəsinin artmasının qiymət artımına təsir etməsi hallarından sonra, heç bir satıcı bahalı və yaxud mühərrik həcmi daha böyük olan avtomobilləri ölkəyə gətirməyəcək. Çünki bu onlar üçün heç də sərfəli olmayacaq".
Orxan Aslanlı
ANN.Az