"Bu il Azərbaycan üçün ağır il olacaq" - AÇIQLAMA

13:02 | 16.02.2015

"Bu il Azərbaycan üçün ağır il olacaq" - AÇIQLAMA

Mərkəzi Bankın sədri Elman Rüstəmov dünən "Finansial Times" qəzetinə açıqlamasında bildirib ki, manatın məzənnəsi dollarla müqayisədə yumşalacaq. Elman Rüstəmov bu prosesin dəqiq vaxtını açıqlamasa da,   manatın məzənnəsinin  birdən-birə yox, tədricən aşağı düşəcəyini, əhalinin maraqlarının nəzərə alınacağını vurğulayıb. ANN.Az məsələ ilə əlaqədar İqtisadçı-ekspert Oqtay Haqverdiyevin fikirlərini öyrənib.  

"Neftin qiymətinin düşdüyü bir vaxta Mərkəzi Bank uzun müddət manatın məzənnəsini stabil saxlaya bilməyəcək və buna görə də, bu il Azərbaycan üçün ağır il olacaq". 
 
Bu sözləri iqtisadçı - ekspert Oqtay Haqverdiyev ANN.Az-a açıqlamasında bildirib. 
 
"Elman Rüstəmov yanvarın əvvəlində bildirmişdi ki, manatın məzənnəsi stabil qalacaq və ölkədə inflyasiya 3-4%-dən çox olmayacaq. Bu məqsədə çatmaq üçün xeyli maliyyə vəsaiti lazımdır. Çünki dünyada gedən iqtisadi proseslər - xüsusilə də neftin qiymətinin aşağı düşməsi Azərbaycana da təsir edəcək.  Son iki – üç ayda Mərkəzi Bankın ehtiyatları 1, 2 milyard azalıb. Bu da valyuta bazarına intervensiya edir ki, manatın məzənnəsi stabil qalsın. Bu nöqteyi nəzərdən hələ ilin sonuna çox vaxt var. Elman Rüsmətov 2015-ci ilin kritik illərdən biri olması ilə onu demək istəyib ki,  neftin qiymətinin düşdüyü bir vaxta Mərkəzi Bank çox uzun müddət manatın məzənnəsini stabil saxlaya bilməyəcək. Yəni bu il Azərbaycan üçün ağır illərdən biri olacaq" - bu sözləri Oqtay Haqverdiyev deyib.
 
Ekspert əlavə edib: "İqtisadi tərəfdən Mərkəzi Bankın bu siyasətinə baxsaq, bu heç də düzgün siyasət deyil. Valyuta hansı ölkədə olursa olsun, onun qiyməti birjada bilinməlidir. Yəni bu valyuta bazarlarında müəyyən olunmalıdır. Bütün iqtisadi göstəricilər məsələn, neftin, pul vahidinin, qiymətini bazar özü müəyyən etməlidir. Amma bir çox ölkələr bu məzənnəni tənzimləmək üçün ayrı-ayrı tədbirlər görürlər. Bu qayda həmçinin bizdə də tətbiq olunur. Dünyanın bir çox inkişaf etmiş ölkələri isə öz valyutalarını buraxıblar. Yəni ölkənin valyutasının qiymətini birjalar müəyyən edir. Məsələn, dolların məzənnəsini  ölkə tənzimləmir.  Dünya bazarında artıq dolların real qiyməti, yeri müəyyən olunub. Dolların özü də stabil qalmır, iqtisadi bazar göstəricilərinə görə gah düşür, gah qalxır. Bu da dünya iqtisadiyyatında gedən proseslərdən asılıdır.
 
Mərkəzi Bank rəhbərinin "Financial Times"-a verdiyi açıqlamada manatın məzənnəsinin  birdən-birə yox, tədricən aşağı düşməsi fikrini ekspert belə şərh edib: 

"Bununla o bildirmək istəyib ki, əgər manat birdən birə düşsə, təbii ki, bu ölkə iqtisadiyyatına çox böyük təsir göstərər. Yox əgər Mərkəzi Bank manatı stabil saxlaya bilmirsə, bu artıq ölkədə inflyasiyanın qalxması, ölkədə xoşa gəlməz proseslərlə nəticələnə bilər. Ümumiyyətlə, Azərbaycanda əhalinin çox hissəsinin həyat səviyyəsi aşağı olduğu üçün hələ ki, manatın məzənnəsini buraxmaq olmaz. Amma gec-tez əlbəttə manatı tənzimləmək mümkün olmayacaq. Bu proses 1-2 il arasında baş verə bilər. Bundan başqa, bütün sahibkarlar, ticarətlə məğul olanlar bilirlər ki, manatın məzənnəsi  hələlik stabildir və ona görə də rahat öz işlərini görə bilirlər. Amma manatın məzənnəsi aşağı düşən kimi, əhali artıq digər valyutalara da üstünlük verməyə başlayacaq. İqtisadi göstəricilər də onu göstərir ki, artıq dollar valyutasının məzənnəsi yavaş-yavaş artmağa başlayır. Çox güman ki, əhali manatla yanaşı, bu valyutadan daha çox istifadə etməyə başlayacaq. Amma hələ ki, əhalinin banklarda olan depozitlərinin əksəriyyəti manatladır".
 
Manatın məzənnəsindən danışan ekspert qeyd edib ki, manatın məzənnəsi düşüb-qalxsa, bu, əhali arasında böyük çətinliklər yaradacaq. Çünki əhali artıq bu duruma öyrənib və belə bir iqtisadi dəyişlikliyə hazır deyil. Və bunun nəticəsində əhalinin həyat səviyyəsi çox aşağı düşəcək. Buna misal olaraq, Rusiyada rublun məzənnəsinin aşağı düşməsini göstərmək olar. Rublun dəyəri aşağı düşən kimi, əhali də təşvişə düşdü və əhalinin real pul gəlirləri 0.8% azaldı. Bu hal bizdə də baş verə bilər. Bu da infilyasiyanın ilkin göstəricilərindən biridir. Bu proses, yəni manatın məzənəsinin aşağı düşməsi nə qədər gec olarsa, bir o qədər yaxşıdır. Çünki ölkənin qarşıdakı illərdə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunda bir çox iri layihə planları var, onlar həyata keçsin, gəlirlər əldə olunsun, daha sora məzənnədə hər hansı dəyişikliklər ola bilər. Çünki bizim rəqabət qabiliyyətli iqtisadiyyatımız hələ yoxdur. Biz yalnız xammal satmaqla məşğuluq. İqtisadi bazarımızı böyüdüb digər məhsullar satışa çıxarıldıqdan sonra, hər hansı rəqabət barəsində danışmaq olar. Düzdür, hökumət bu barədə işlər görür, amma biraz bu işləri tezləşdirsə, daha yaxşı olar. Bu proselər həyata keçdikdən sonra əhalinin həyat səviyyəsi artar və bundan sonra manatın məzənnəsində dəyişiklik olsa da, əhali bunu çox az hiss edəcək".
 
Neftin qiymətindən söz açan ekspert bildirdi ki, neftin qiymətinin aşağı düşüb, ya qalxmasının, yəni bu prosesin  Azərbaycandan asılılığı yoxdur:  "Çünki dünya bazarında bizdən də nəhəng neft satan ölkələr var. Həmin ölkələr neftin qiymətini tənzimləyir. Dünya bazarında nə proses baş verirsə, biz ona təsir edə bilmərik. Bununla razılaşmaq lazımdır ki, elə nəhəng ölkələrin yanında bizim bu qədər neft satmağımızın özü də böyük qələbədir. Bu bizdən asılı bir proses olmadığına görə, manatın məzənnəsinin neftin qiymətinə heç bir təsiri olmayacaq".  
 
Orxan Aslanlı
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb