IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən layihənin məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir. Aksiya erməni vandalları tərəfindən məhv edilmiş meşə sahəsinin bərpası məqsədilə baş tutub. Əraziyə Araz palıdı, şərq çinarı, dağdağan və tut ağacı toxumları səpilib.
1993-cü ilin 29 oktyabrında Zəngilan işğal edilənə qədər burada 12 min hektara yaxın meşə örtüyü olub. Erməni vandalları işğal illərində rayon sakinlərinə, onların evlərinə, infrastruktura göstərdikləri qəddar davranışlarını Zəngilan meşələrinə qarşı da sərgiləyiblər. Bu gün Zəngilanın meşə örtüyü yarıbayarı azalıb, qiymətli ağac növlərindən olan Araz palıdı, şərq çinarı, dağdağan məhv edilib. Kəsdikləri 100-200 illik qiymətli ağacların gövdələrini yandırmaqla məhv edib, cinayətləri ört-basdır etməyə çalışıblar. Ağaclar Ermənistana daşınıb, orada, əsasən, parket istehsalında isifadə edilib.
***
Zəngilanda olmuşkən dostumuz, "Yeni Müsavat” qəzetinin redaktoru, mərhum Zabil Müqabiloğlunu da andıq. Zəngilandan, Babaylıdan idi. Heç vaxt olmadığım rayon haqda - Zəngilan barəsində onun dilindən çox eşitmişdim. Mincivan stansiyasına gələn ermənilərin qatardan düşməyə cürət etmədiklərini, azərbaycanlılardan qorxduqlarını dönə-dönə danışır, "erməni kimdir ki, bizim qabağımıza çıxa, rus olmasaydı, heç zaman torpağımıza ayaq basmağa cürət etməzdilər”, - deyirdi. Zabilin Zəngilanın füsünkar təbiəti haqda söylədikləri dediyi qədər varmış. Heyf ki, Zabil bu günləri görmədi, 2017-ci ildə, işğalın 24-cü ilində Zəngilan yanğısı ilə dünyadan köçdü...
Əlimizdən gələn bu oldu ki, Zəngilanda onun adına 1 ağac əkdik, ruhuna dualar oxuduq, uyuduğu məzara səpmək üçün bir ovuc Zəngilan torpağı götürdük.
***
Meşə sahələrinə qarşı vandal münasibət bu yerlərin əzəli sakinlərinin evlərinə, ictimai təyinatlı binalara qarşı da hər addımda diqqət çəkir. Xarabaya çevrilmiş evlərin təkcə divarları qalıb. Daha dəqiq desək, çaydaşından olan divarlar qalıb, əhəng daşından hörülən evlərin özülləri belə qazılıb, daşınıb aparılıb. Kəndlərdə o qədər yaşayış olmayıb ki, bura o qədər insan ayağı dəyməyib ki, sarmaşıq kolları ağaclara, evlərin eyvanlarına dırmaşıb, cansıxıcı mənzərə yaranıb.
Hər 20-30 evdən birinin dam örtüyü, qapı və pəncərələri, eyvanı, tüstü bacası var. Qalanları isə yarıuçuq vəziyyətdədir, pəncərələr, qapılar, dam örtüyü, döşəmə, tüstü bacası - bir sözlə, evdə ələ gələn nə varsa, daşınıb, talan edilib.
Ermənilər işğal illəri ərzində bu yerləri öz adlarına çıxarsalar da, Zəngilanda, demək olar ki, yaşamayıblar. Bu ərazilər talan edilmək üçün ələ keçirilib. Əsasən, 3-5 yüksək rütbəli erməni hərbçi hektarlarla torpağı icarəyə verməklə, qoyunçuluq, maldarlıq, donuzçuluq, şərabçılıqla məşğul olmaqla bu yerləri nəzarətdə saxlayıblar.
İşğala qədər rayonda 50 min nəfərə yaxın əhali yaşayıb. Zəngilan şəhəri daxil olmaqla rayonun ərazisində 5 qəsəbə, 79 kənd olub. İşğal dövründə Zəngilanda evlər yandırılıb, talan edilib.
Bələdçilərimizdən birinin sözlərinə görə, Zəngilan işğal edildikdən sonra erməni generalın idarəçiliyi altında olub. Məmmədbəyli kəndində onun evini nişan verən bələdçi dedi ki, bu general 44 günlük müharibə zamanı ərazini qoyub qaçan ilk erməni hərbçilərdən olub. Müharibəyə qədər isə Zəngilandan torpaq icarələmək istəyən ermənilər, hətta İran vətəndaşları həmin generalı görməli, onunla müqavilə bağlamalı imiş. Müharibə bitəndən sonra bir İran vətəndaşı Xudafərin körpüsünə nəzarət edən hərbçilərimizə yaxınlaşıb, bir müqavilə göstərib.
Hərbçilərimizdən Zəngilanda icarəyə götürdüyü 10 hektarlıq əraziyə getmək üçün izn istəyib. Araşdırarkən məlum olub ki, müqavilə həmin qaçağan erməni generalla bağlanıbmış. İran vətəndaşına işğalın bitdiyini, müqavilənin, əslində, cinayət işi üçün əsas olduğunu başa salıblar.
Zəngilanda ələ gələn nə varsa, talan edilib. Bunu hər addımda görmək olur. Küçələrdəki beton işıq dirəklərinin əksəriyyəti yoxdur, çıxarılıb aparılıb. Aparılması mümkün olmayanların isə dəmir dayaqları, dəmirdən olan hissələri sökülüb. Ermənistan işğalı dövründə "Vejnəli” qızıl-kvars-porfir, "Zəngilan” əhəng xammalı, "Şərifan” qum-çınqıl, "Xaçınçay dərəsi” və "Həkəriçay dərəsi” yeraltı şirin su yataqları istismar edilib. Xüsusən "Vejnəli” qızıl-kvars-porfir yatağı ermənilər tərəfindən talan olunub və burada müəssisə qurulmaqla qızılın ilkin emalı həyata keçirilib. Filizin bir hissəsi isə birbaşa Ermənistan ərazisinə daşınıb. Emal müəssisəsinin qeyri-standart fəaliyyəti nəticəsində zərərli tullantılar, xüsusilə sionit turşusu birbaşa Vejnəli çayına axıdılıb. Təbii ki, bu turşular çaydakı canlıların məhv edib.
Bəsitçay və Oxçuçaylarında da ekoloji fəlakətin mənbəyi mənfur qonşularımızdır. Başlanğıcını Ermənistan ərazisindən götürən Bəsitçayın uzunluğu 44 kilometrdir. Çayın 17 kilometri Zəngilan rayonu ərazisindən keçir. Su toplayıcı sahəsi 354 km2-dir, 156 km2-i Azərbaycan ərazisinə düşür. Çay Ermənistan ərazisində çirklənməyə məruz qalır.
Oxçuçay isə Araz çayının sol qoludur. Çay başlanğıcını Zəngəzur silsiləsinin Qapıçıq dağından götürür. Uzunluğu 83 km, su toplayıcı sahəsi 1175 km2-dir. Çay Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalır. Belə ki, "Qaçaran Mis-Molibden” və "Qafan Filiz Saflaşdırma” kombinatlarında formalaşan istehsalat tullantı suları təmizlənmədən birbaşa Oxçuçaya axıdılır. Bu səbəbdən mart ayında çaydakı qızıl balıq növlərinin kütləvi qırılması qeydə alınıb.
Azərbaycanın digər rayonlarında olduğu kimi Zəngilanda da işğal dövründə ermənilər goreşənliklə məşğul olublar. Şahidlər deyirlər ki, bu gün Zəngilan qəbiristanlıqlarında mərmərdən olan başdaşıları yoxdur, ermənilər söküb aparıblar. Gülbaxt daşından olan qəbirlərin əksəriyyətinin sinə daşının alt hissəsi baş tərəfdən qazılıb, birbaşa meyitin olduğu hissəyə dəlik açılıb. Həmin dəlikdən qəbirin içinə metal axtaran cihaz ötürülüb, yoxlama aparılıb. Əgər cihaz məzarda metal olduğu işarəsini veribsə, göreşənlər qəbri tam açıblar. Mərhumun ağzındakı qızıl dişləri çıxarıblar.
Erməni vəhşiliyi işğal olunmuş ərazilərimizdə sərhəd tanımayıb. Bu gün əzəli sakinlərin geri qayıtması üçün Zəngilanda tədbirlər görülür, eyni zamanda Mehri dəhlizinin yenidən işlək duruma gətirilməsi məqsədilə hazırlıq gedir.
Ermənilər Zəngilanı işğal etdikdən 2 il sonra Ermənistandan keçməklə rayon ərazisindən Naxçıvana doğru uzanan dəmiryol xəttini də söküb aparıblar. Bu dəhlizin bərpası Azərbaycan üçün olduqca vacibdir, Ermənistanın özünün də işğaldan dolayı düşdüyü kor dalandan qurtulmasına gətirib çıxaracaq.
ANAMA mütəxəssisləri Zəngilanda gecə-gündüz işləyir, minaları, partlamamış döyüş sursatlarını zərərsizləşdirirlər. 44 günlük mürahibəyə qədər ermənilər düşünürmüş ki, müharibə olsa belə, Ohanyan səddini keçmək bizə nəsib olmayacaq. Füzuli rayonunun ərazisində qurulan bu sədd dəmir beton konstruksiyalı istehkamlardan və 7-8 cərgə döşənmiş mina sahələrindən ibarət olub. Müzəffər Ordumuz həmin səddi 1 günün içində keçib, erməni ordusunu darmadağın edib. Ermənilər xəyallarına belə gətirməyiblər ki, bu sədd, əslində, söyləndiyi qədər etibarlı deyilmiş. Odur ki, Zəngilanda mina döşənməsi işinə o qədər də vaxt sərf etməyiblər. Buna baxmayaraq, mina təhlükəsi qalmaqdadır. Yol kənarlarında üzərində "Yoldan kənara çıxmayın, mina təhlükəsi var” yazılmış lövhələr diqqət çəkir.
Hazırda rayonda yaşayış üçün şərait yaradılır, infrastrukturun qurulmasına hazırlıq işləri görülür. Artıq Zəngilana fiberoptik magistral internet xətti də çəkilib. Rayonunun Üçüncü Ağalı kəndində icra olunacaq "ağıllı kənd” layihəsinin reallaşmasına hazırlıq görülür. "Ağıllı kənd”, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.
Zəngilanda gördüklərimiz, eşitdiklərimiz onu deməyə əsas verir ki, rayona qayıdışın başlayacağı gün uzaqda deyil. Ümid edirik ki, "Yaşıl Marafon” çərçivəsində Zəngilanda əkilən ağaclar qollu-budaqlı olacaq. 27 il öncə doğma yurdundan köçkün düşmüş həmvətənlərimiz həmin ağacların kölgəsinə sığınıb, xoş günlər yaşayacaqlar.
Xankəndidə "Yaşıl Marafon”a qatılmaq ümidilə Zəngilandan reportajımızı yekunlaşdırırıq.
Elşən BALAXANILI, Elçin Əkbərov,
"Yeni Müsavat”
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !