Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə - Arazdəyəndə iri metallurgiya zavodunun inşasının ekoloji standartlara əməl edilməməsi ilə bağlı iradlarını rədd edib. Bu barədə Ermənistanın Ətraf Mühit Nazirliyinin bəyanatında deyilir.
İyulun 20-də Azərbaycan hökuməti Ermənistandan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə - Arazdəyəndə iri metallurgiya zavodunun inşasının dayandırılmasını tələb edib.
"Ermənistan hakimiyyəti "Yerasxda" tikilməkdə olan metallurgiya zavodu ilə bağlı Azərbaycanın məktubuna cavab verib. Ermənistan Azərbaycanın tikinti zamanı ekoloji standartlara əməl edilməməsi ilə bağlı ittihamlarını rədd edib. Təklif olunan fəaliyyət Konvensiyanın I Əlavəsində sadalanan fəaliyyətlərdən biri olmayan, yalnız elektrik induksiya sobasından istifadə etməklə kiçik həcmli dəmir qırıntılarının emalıdır. Azərbaycanın Espoo konvensiyasına uyğun olaraq zavodun tikinti işlərinin dərhal dayandırılması tələbinin heç bir əsası yoxdur”, - Ermənistanın Ətraf Mühit Nazirliyinin bəyanatında deyilir.
Ermənistan Naxçıvan və Türkiyə ilə yaxın ərazidə - tarixi Azərbaycan torpağı olan Arazdəyəndə ABŞ sərmayəsi ilə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşasına başlayıb. 16 500 kvadratmetr ərazini əhatə edəcək zavodun illik istehsal gücü 180 000 ton olacaq.
Zavodun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxara bilər. Bu da Naxçıvan, o cümlədən Sədərək sakinlərinin narazılığına səbəb olub.
Zavodun inşası Sədərəkdə mal-qaranın və əkinlərin məhvinə, insanların ciddi xəstəliklərlə üzləşməsinə gətirib çıxara bilər. Çünki təsərrüfatlarda Ermənistandan gələn "Şir Arxı”nın suyundan istifadə edilir.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !