Bir müddət əvvəl nüfuzlu internet resursu "euroactiv.com”-da Azərbaycanın radikalizm, dini ekstremizm və fanatizmlə çox effektlə mübarizə apardığı barədə məqalə dərc olunub. Məqalənin müəllifi deputat Ceyhun Osmanlıdır. Yazını diqqətinizə təqdim edirik:
"Müəyyən mənada İslami terror və radikalizm Azərbaycan üçün təhlükə yaratsa da, qabaqlayıcı tədbirlər şübhəsiz ki, çox effektiv olub, - Ceyhun Osmanlı yazır.
Ceyhun Osmanlı 2010-cu ildən bəri Azərbaycan parlamentinin üzvüdür. O, Dünya Bankının idarə heyətinin, BVF - Parlamentar Şəbəkəsinin üzvüdür, o həmçinin Avronest Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətində təmsil olunur. Osmanlı Şərq Tərəfdaşlığı çərçivəsində Mədəniyyət və qarşılıqlı mədəni dialoq üzrə də həmməruzəçidir.
Avropanın şərq və cənub qonşuluğunda radikalizm fenomeninin təbiəti və yayılması hal-hazırda qlobal şəkildə diqqət mərkəzindədir. Bir müddət öncə Tunis, Fransa və Küveytdə İslam adına baş verənlərin artıq təəccübli bir şey sayılmadığı faktdır.
Hazırda müsəlman dünyasında baş verənlərə baxmayaraq, Azərbaycan sekulyarizmin məşəli olmaqda davam edir. Əhalisi müsəlman çoxluqdan ibarət olan Azərbaycanın küçələrində gəzən bir kimsə burada insanların tolerantlığından heyrətlənməyə bilməz. Hətta müqəddəs Ramazan günlərində Bakının əksər restoranları və kafeləri adamla dolu olur. Bəziləri müasir paltarlar geyinirlər, bəziləri ənənəvi geyimlərə üstünlük verir.
Bəziləri alkoqollu içkilər qəbul edirlər, kimlərsə yüngül sərinləşdirici içkilər içirlər. Qınaq və təzyiq etmək anlayışı burada mövcud deyil.
Azərbaycan xalqının belə fərqliliklərə irsi tolerantlığı var. Digər bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanda yəhudi icması müsəlman və xristian qardaşlarıyla sülh içərisində yaşayırlar. Onlar özlərinə şəhər və kəndlər yaratmaq kimi hər cür hüquqlarla təmin olunublar. Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal etsə də, Azərbaycan özünün tolerantlıq ənənələrində sadiqdir, Bakının mərkəzindəki erməni kilsəsi qorunur.
16-cı əsrdə Azərbaycan Səfəvi Dövləti İslam inancına çox böyük əhəmiyyət verirdi, ancaq Zərdüşt icması öz mövcudluğunu qoruya bildi və öz ibadətlərini azad şəkildə yerinə yetirirlər. Hətta bu gün ən əhəmiyyətli Zərdüşt məbədi Bakıdadır. Çox yaxşı qorunmuş bu məkan Zərdüşt irsini yenidən kəşf etmək istəyən ziyarətçilərin axınına məruz qalır.
Məhz bu səbəbdən Azərbaycan digər İslam ölkələrindən belə kəskin şəkildə fərqlənir. Tunis, Misir, Livan, İraq və Suriya kimi ölkələrdə radikalizm genişləndiyi halda, Azərbaycanda isə bu fenomen zəifləyir.
Bütün bunlar təsadüfən yox, Azərbaycan dövlətinin atdığı ciddi addımlar nəticəsində mümkün olub. Azərbaycan hüquq mühafizə orqanlarının vaxtında apardığı anti-terror əməliyyatları nəticəsində bütün bunlar mümkün olub. İŞİD-in üzvü və potensial üzvlərinin fəaliyyətini cilovlamaqla, radikalizmlə mübarizə öz töhfəsini verib. Bu çərçivədə görülən işlərlə yanaşı, həmçinin İŞİD-ə rekruit cəlb edilməsinə nəzarət radikalizmin vaxtında aşkarlanmasına yardım edib. 9.5 milyon əhalisi olan Azərbaycanda radikallığın hətta Avropadan da aşağı səviyyədə olmasında əsas səbəblərdən biri budur.
Yox, bu o demək deyil ki, Azərbaycanda başqa yerlərdən fərqli olaraq, radikalizm təhlükəsi yoxdur, yaxud Sovet İttifaqının dağılmasından sonra müstəqillik qazanan ölkədə 24 il ərzində radikallıq artmayıb. Ancaq əsas məsələ budur ki, İslami terror və radikalizm təhlükəsinin müəyyən mənada Azərbaycan üçün təhlükə yaratdığına baxmayaraq, qabaqlayıcı addımlar çox effektli olub.
Gəlib bir daha xatırlayaq ki, Azərbaycan əhalinin əksəriyyəti müsəlmanlardan ibarət olan sekulyar ölkədir, ancaq bizim bu coğrafiyadakı uğurumuz xristian və müsəlmanların, sünni və şiyələrin sülh içərisində birlikdə yaşamasıdır. Məsələn, Bakıda sünni və şiyə məzhəblərindən olan bəzi insanlar hətta eyni məscidlərdə ibadət edirlər. Fikrimcə, bu unikal bir şeydir və Azərbaycanın sekulyar sisteminin multiikultural modeli adlandırılan məfhumun pozitiv təsiridir.
Azərbaycanın keçmişdə Müsəlman dünyasında model rolu oynadığı faktdır. Ancaq bu, digər qonşu ölkələrdə olduğu kimi Azərbaycanda da radikal elementlərin baş qaldırdığı 1990-cı illərin əvvəlində, Sovet imperiyasının çöküşündən daha əvvəl olmuşdu.
Ancaq buna baxmayaraq, Azərbaycanın əks-radikalizm sayəsində atdığı addımlar ölkədə radikallığın cilovlanmasında effektiv rol oynadı və bu, Azərbaycanın dini harmoniya məsələsində Cənubi Qafqazın digər ölkələri üçün rol-model ola biləcəyini göstərdi.
Mən həqiqətən inanıram ki, bu, Cənubi Qafqazda sülhün yayılması və barışığın əldə olunmasına yardım edə bilər, o cümlədən digər müsəlman ölkələrində töhfə verə bilər. Çünki İŞİD və digər terrorçu qruplaşmaların hədələrinə qarşı tədbirlər indi heç olmadığ qədər vacibdir.
Dövlətin radikalizmin yayılmasına qarşı atdığı ən vacib addımlardan biri dövlətin Azərbaycanı inkişafa yönləndirməyə fokuslanmasıdır, bir milyondan çox iş yerlərinin yaradılması gənclərin radikal cərəayanlara qoşulmamasında əhəmiyyətli rol oynayıb.
Mən praqmatikəm və radikalizm təhlükəsinin Azərbaycanda hələ də mövcud oluğunu dərk edirəm, ancaq onlar siyasi İslama iddia edən kiçik, marjinal qruplardır. Bu marjinal qruplar Azərbaycan cəmiyyəti tərəfindən dəstəklənmir və onların dövlətə iddia etmək üçün kifayət edəcək qədər güclü resursları yoxdur.
Multi-etnik ölkə kimi Azərbaycan dini və irqi harmoniya üçün özünün modelini artıq müəyyənləşdirib. Və bu modeli təbliğ etməyə dəyər.
Ən vacibi yəqin, ölkənin Qərb və ərəb ölkələri arasında körpü rolunu oynamasıdır. Bu, gənc ölkədir, ancaq 24 illik müstəqillik dövrü ərzində bizim inkişafımızı və modernləşdirməmizi etiraf etmək lazımdır.
Angela Merkel, Fransua Olland və Toni Bleyer kimi dünya liderləri multikultiralizmin sona çatdığını açıq şəkildə bəyan etdikləri halda, Azərbaycan multikulturalizm nümunəsi olmaqda davam edir. Hər il Beynəlxalq Multikultiralizm forumları keçirməklə Bakı özünün multukulturalizm məsələsində inadkar olduğunu göstərir.
Heydər Əliyev Fondunun Vatikandakı katakombaların, Strasburq katedralının rekonstruksiyasına dəstək verməsi, açıqlığın və digər xalqlara, mədəniyyətlərə və dinlərə verilən hörmətin göstəricisidir.
1918-ci ildə ilk dəfə müstəqillik əldə edən Azərbaycan müsəlman dünyasında parlamentdə bütün azlıqlara təmsil olunmaq hüququ verən ilk ölkə idi. Belə azlıqlar hələ də ölkənin demokratik həyatında iştirak edirlər və onun bir hissəsidirlər. Bu, ölkədəki plüralizmin göstəricisidir və qanunvericilikdə də özünü göstərir.
Gələcəldə də Azərbaycan həm dini, həm etnik azlıqlara harmonik yanaşmanı sərgilməkdə davam edəcək. Bizim ölkəmiz başqa xalqlara və dinlərə həmişə hörmət edib. Tolerantlıq bizim irsi seçimimizdir, ancaq biz mürəkkəbliklərin anlaşılmasında, regionumuzun və xalqımızın ehtiyacları məsələsində Avropa Birliyindən və Qərbdən daha çox dəstək almağa çalışırıq".
Tərcümə: Emin
Mənbə: www.euractiv.com/sections/europes-east/azerbaijan-was-effective-countering-radicalisation-316595
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !