Mayın 19-da Binəqədi rayonu Azadlıq prospekti 200 ünvanında baş verən yanğın zamanı sakinlərin mənzilləri ilə yanaşı şəxsi avtomobilləri də yanıb. Yanğın zamanı avtomobilinə daha çox zərər dəyən bina sakini İlahə Allahverdi redaksiyamiza müraciət edib. İlahə Allahverdi "Kia Sorento” markalı maşınını, 2013-cü ildə kreditlə alıb, kreditin müddəti isə 2017-ci ildə başa çatır. Avtomobil "Atəşgah” şirkətində kasqo siğorta olunub.
ANN.Az –a açıqlamasında İlahə xanım avtomobilinin motor hissəsinin, maşının sağ hissəsinin və digər hissələrinin yanaraq yarasız vəziyyətə düşdüyünü bildirib. Məsələ ilə əlaqədar İlahə xanım "Atəşgah” siğorta şirkətinə, yanğın zamanı yaradılan qərargaha, Respublika Prokurorluğuna müraciət edib. Yanğından 3 həftə keçməsinə baxmayaraq, heç bir iş görülməyib. İlahə xanım bildirir ki, hazırda durumu onsuz da çətindir, evi yandığına görə kirayədə yaşayır, maddi sıxıntıda olması maşınla bağlı onun durumunu daha da çətinləşdirib. İlahə xanım bildirib ki, mən yanmış maşına görə hər ay necə kredit ödəməliyəm: "Bu işlə daha yaxından maraqlanan olacaqmı?”
Qeyd edək ki, yanğın zamanı avtomobillər arasında ən çox ziyan dəyən sadəcə İlahə xanımın avtomobilidir. Digər 7-8 avtomobillə də ziyan dəyib, amma onlar arasında kasqo siğorta olunmayanı da var. Digər şəxslərin də avtomobilləri barədə hələ tam iş görülməyib.
Məsələ ilə əlaqədar İlahə xanım "Atəşkəs” siğorta şirkətinə müraciət etdiyini bildirib. Şirkətdən "Yanğın Aktı” sənədinin təqdim edilməsindən sonra məsələnin araşdırılacağı deyilib. İlahə xanım buna görə aiddiyatı orqanlara müraciət etsə də bu aktı ala bilməyib. Şikayətçinin sözlərinə görə, çox mübahisədən sonra siğorta şirkəti gələrək maşının şəkillərini çəkib və avtomobilin yanmış hissələrini qiymətləndirmək üçün texniki servisə aparıblar. Ekspertizanın cavabı bir müddətdən sonra veriləcək.
Sığorta şirkətinin nümayəndəsi Elçin Rəhimov bildirib ki, bu iş yalnız ekspertizanın qiymətləndirilməsindən sonra həyata keçiriləcək. Yəni onların maşının hansı hissəsinin yaralı vəziyyətdə olduğunu qiymətləndirəcəklər və bundan sonra iş prosesi davam edəcək.
Respublika prokurorluğundan şikayətçi xanıma belə cavab verilib ki, yalnız yanğınla bağlı qaldırılmış cinayət işi yekunlaşdıqdan və məhkəmənin hökmü verildikdən sonra dəymiş ziyan ödənilə bilər.
Şikayətçi hadisə ilə bağlı yaradılmış komissiyadan da cavab alıb. Komissiyanın Bakı şəhər İcra Hakimiyyəti nümayəndəsi olan Zülfəli İsmayılov bildirib ki, dövlət tərəfindən avtomobillərə dəymiş ziyanı ödəmək üçün vəsait ayrılmadığına görə şikayətçinin tələbinə baxılmır.
Bu problemin hüquqi həlli necə olmalıdır? Vəkil Cavid Rzazadə ANN.Az-a açıqlamasında bildirib ki, sığorta şirkətindən yeni avtomobil tələb etmək qanuni deyil: "Çünki siğorta hadisəsi baş verməzdən əvvəlki günlə müqayisədə avtomobilin təzə alındığı gün arasındakı dəyər fərqləri müxtəlifdir. Amma əgər siğorta şirkəti yeni avtomobil verməkdən imtina edirsə, o zaman ilk öncə sənədlərə baxılmalı, daha sonra siğorta şirkəti rəsmi imtina sənədi verməlidir. Məhz bundan sonra həmin şəxs siğorta şirkətini əsaslı sürətdə məhkəməyə verə bilər. Siğorta şirkəti avtomobilə ilk öncə qiymətləndirmə prosesi həyata keçirməlidir. Bundan sonra əgər avtomobil tam yararsız hesab olunarsa, siğorta şirkəti xanımın avtomobilinin banka olan kreditini ödəməlidir”.
Vəkil bildirib ki, əgər siğorta şirkəti ilə vətəndaş arasında narazılıq varsa, bu mübahisə məhkəmə yolu ilə həll olunmalıdır: "Məhkəmə ekspertiza təyin etməli, avtomobilin qiymətləndirilməsi həyata keçirilməlidir. Əgər avtomobil 70 faiz tam yararsız vəziyyətə düşübsə, o zaman pul həmin şəxsə ödənilməlidir. Yox, əgər dəymiş ziyan 70 faizdən azdırsa, o zaman zərər dəymiş hissənin bərpa olunması üçün maddi vəsait ayrılır və yaxud da avtomobil siğorta şirkəti tərəfindən təmir edilir”.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov ANN.Az-a açıqlamasında bildirib ki, bu kimi problemlərin həlli Mülki Məcəllədə öz əksini tapıb: "Dəymiş ziyanın zərəri 3 variantda ödənilir:
1) Əmlak tam yararsız vəziyyətə düşdükdə
2) Əmlak qismən sıradan çıxdıqda
3) Əmlak yenidən bəpa olunacaq dərəcədə olduqda
Buna görə də siğortaçı ilə siğorta etdirən şəxs arasında müqavilədə bu bəndlər yer almalıdır. Siğorta şirkətləri hər zaman öz mənafeləri, öz xeyirləri üçün iş görürlər. Buna görə də əgər siğorta şirkəti siğorta hadisəsi zamanı pulu ödəməkdən imtina edirsə, bu zaman həmin şirkəti məhkəməyə verib, təzminat alınmalıdır. Siğorta şirkəti ilə siğortaçı arasında mübahisə yaranarsa o zaman, yanğın baş verən binanın təqsirkarı tutulduqdan sonra həmin şəxsin əşyalarının müsadirə olunması ilə maddi yardım əldə edilə bilər”.
Orxan Aslanlı
Bizi sosial şəbəkələrdə izləyin !