"Təəssüf ki, püşkün nəticəsi bizim üçün çox da uğurlu olmadı. Burada güclü komandalar var. İtaliya kimi komanda ilə oynayacağımız üçün çox şadam. Təbii ki, Xorvatiya millisini də böyük komanda saymaq olar".
Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts UEFA-nın rəsmi saytına açıqlamasında deyib.
Almaniyalı mütəxəssis favorit komandaların yığmamızla görüşlərinin çətin keçəcəyinə əmin olduğunu bildirib: "İtaliya və Xorvatiya qarşıdakı dünya çempionatının iştirakçılarıdır. Bu səbəbdən həmin yığmalarla oyunlar Azərbaycanda bayrama çevriləcək. Artıq bizim komandanın da gücləndiyini söyləmək olar. Ötən seçmə mərhələdə biz yalnız üç görüşdə məğlub olduq. Portuqaliya hər iki oyunda və Rusiya ilə səfər matçında meydanı xalsız tərk etdik. Əminəm ki, qrupun favoritlərinə bizimlə oyun asan olmayacaq".
Foqts millimizin qrupu üçüncü pillədə başa vurmaq şansının olduğunu bildirib: "Qrupda üçün olmaq yuxu kimi görünə bilər, ancaq futbolda hər şey mümkündür. Proqnoz verməyi xoşlamıram. Nə qədər xal toplayacağımızı deyə bilmərəm. Amma hər matçda yaxşı oynamalı və bütün rəqiblərə qarşı layiqli mübarizə aparmalıyıq. Azərbaycan yığması Almaniya, İngiltərə və İsveçrə kimi sürətli oynamır. Buna görə biz rəqibləri başqa komponentlərdə təəccübləndirməliyik. Öyrəndiklərimizi meydanda nümayiş etdirsək və konsentrasiyamızı itirməsək, qrupda üçüncü olmaq şansımız var".
Qeyd edək ki, "Avro-2016"nın H qrupunda qərarlaşan millimiz İtaliya, Xorvatiya, Norveç, Bolqarıstan və Malta yığmaları ilə mübarizə aparacaq.
ANN.Az