Fotodükandan Xətai Sənət Mərkəzinə gedən yol - MÜSAHİBƏ

12:52 | 14.09.2016
Fotodükandan Xətai Sənət Mərkəzinə gedən yol - MÜSAHİBƏ

Fotodükandan Xətai Sənət Mərkəzinə gedən yol - MÜSAHİBƏ

Bu gün bizim müsahibimiz söhbət zamanı bizə Azərbaycan bazarında sahibkarlıq fəaliyyətinin başlanması, Xətai Sənət Mərkəzinin açılmasının məqsədləri və qarşısına hansı hədəflər qoyduğunu danışan Xətai Sənət Mərkəzinin direktoru Zahid Avazov oldu. Avazov həm də rəhbərlik etdiyi Mərkəzdə keçirilən tədbirlər haqqında məlumatlar və gələcək planlarla bölüşdü.


- Zahid müəllm, həyatınızı incəsənətə bağlamağı qərara aldığınız zaman necə bizneslə məşğul olmağa başladınız?


- Mən onunla başlamaq istərdim ki, mənim peşəm incəsənətlə bağlı deyil. Həyatın ironiyası idi ki, biz kiçik fotodükan açdıq və foto aksessuarlar, albomlar, çərçivələr, fotolentlər, fotoaparatlar və digərlərini satmağa başladıq. İş böyüdü və biz yerli bazarda özümüzü peşəkar və ixtisaslaşmış fotodükan kimi təsdiq etdik. Ancaq bir müddət sonra daha çox tələb olunan çərçivələrin yaradılmasına vaxt ayırmağa başladıq.

Məhz bunun sayəsində biz yeni mərhələyə qədəm qoyduq və nə ilə məşğul olmaq istədiyimizi anladıq.


- Çərçivələrin yaradılması Xətai Sənət Mərkəzinin açılmasına təkan verib?


- Bəli! Çərçivələrin yaradılması incəsənətlə təmasda olmağa və gələcəkdə fəaliyyətimizi bütövlükdə ona bağlamağa imkan verdi. Bizim hal-hazırda olduğumuz Xətai Sənət Mərkəzi 2008-ci ildə fəaliyyətə başlayıb. O dövrdə əcnəbi adlar vermək dəbdə idi, ancaq biz milli identikliyimizi seçdik, çünki özümüzün olan, Azərbaycana məxusu nəsə yaratmaq arzusunda idik. Xətai metrostansiyasına yaxınlığımız Mərkəzin adını müəyyən etdi. Nəzərə alsaq ki, Şah İsmayıl Xətai təkcə cəsarətli və uzaqgörən sərkərdə yox, həm də gözəl şair və incəsənəti sevən şəxs, Təbriz miniatürlər məktəbinin banısı olub v məhz onun hakimiyyəti dövründə mədəniyyət öz parlaq inkişafını yaşayıb, Mərkəzimizə bu tarixi şəxsiyyətin adını verərkən əlavə məsuliyyət hiss edirdik. Bir il sonra biz anladıq ki, düzgün qərar almışıq, çünki qısa müddət ərzində Mərkəz paytaxtımızın mədəniyyət ocağına çevrildi.

 


 

- Mərkəzi açarkən qarşınıza hansı məqsədləri qoyurdunuz və zamanla onları reallaşdırırdınızmı?


- Əvvəla qeyd etmək istərdim ki, bu gün ölkə rəhbərliyi uşaq və gənclərdə vətənpərvərlik hissi, bəddi zövqün formalaşdırılması, intellektual səviyyənin yüksəldilməsi, idmana və incəsənətə sevginin aşılanması istiqamətində sistemli tədbirlər həyata keçirir. Şübhəsiz ki, bu təşəbbüs ölkənin intellektual və fiziki baxımdan qabaqcıl gənc nəslini, əsl vətənpərvər və layiqli vətəndaşlarını tərbiyə etmək üçün hesablanıb. Müstəqillik əldə olunandan sonra Azərbaycanda təlim-tərbiyə müəssisələri ilə yanaşı, həm də qalereya, incəsənət evləri, yaradıcılıq Mərkəzlərinin formalaşdırılması prosesi başlandı.

Bütün bunları nəzərə alaraq, biz də özündə xalqımızın adət və ənənələrini, ən əsası isə milli kimliyimizi, bizi millət olaraq formalaşdıran genetik kodumuzu özündə ehtiva edən zəngin mədəniyyətimizə töhfə vermək qərarına gəldik. Hesab edirəm ki, məhz mədəniyyət xalqın imicini formalaşdırır, axı bizim üçün bu sadəcə biznes yox, sevimli işdir! Bizim məqsədimiz mədəniyyətimizin inkişafına düzgün kömək etmək və Azərbaycana səfər edən digər xalqların nümayəndələrinə düzgün təqdim etməkdir. Hər bir vətəndaş ruhuna yaxın sahəni seçərək, Vətəni naminə çalışır. Bizim üçün bu incəsənətdir! Düşünürəm ki, biz düz yoldayıq və prioritetləri doğru düzmüş və indi də sadiq qaldığımız kursu seçmişik. Biz Mərkəzimizi qalereya kimi formalaşdırmağa və insanlarda incəsənətə sevgi aşılamaq istəyirik!


- Sizin Mərkəzdə hansı incəsənət nümunələri təqdim olunub?


- Xətai Sənət Mərkəzi üç mərtəbədən ibarətdir. Bu bina sırf incəsənət və mədəniyyətin təbliği üçün tikilib. Bizim Mərkəz müxtəlif sahələr üzrə ixtisaslaşır. Birincisi, bu, baqet çərçivələrin hazırlanmasıdır. Biz işimizə məhz çərçivələrdən başladıq, buna görə sözügedən fəaliyyəti bütöv yaradıcılıq sistemindən keçən şah damar adlandırmaq olar. Ərsəyə gətirilən işin keyfiyyəti bizim üçün birinci növbədə dayanır və bu səbəbdən çərçivələrin hazırlanması üçün Koreyadan yüksək keyfiyyətə malik və nömrə bir hesab edilən materiallar sifariş edirik. Mərkəzdə baqet ramkalar geniş şəkildə təqdim edilib və hər kəs zövqünə uyğun seçim edə bilər. Birinci mərtəbədə qədim silahlar, müxtəlif naxışlarla bəzədilmiş mütəkkələr, milli musiqi alətləri və geyimlərin yer aldığı milli güşə yaratmışıq. Bu güşə milli üslübda yaradıcı iş ortaya qoymaq istəyən fotoqraflar, klipmeykerlər üçün arendaya da verilir.

 



İkinci sahə - xalq tətbiqi sənət nümunələri, daha dəqiq desək, milli suvenirlər. Bizdə geniş şəkildə metaldan olan işlər, milli azərbaycan koloriti olan şüşələr, Bakının rəsmi ilə bəzənən boşqablar, insan və heyvan fiqurları, qadın bəzəkləri, qab-qacaqlar və s təqdim olunub. Azərbaycanın görməli yerlərinə həsr olunmuş və taxtadan hazırlanmış işlər xüsusi diqqətə layiqdir. Turistlər arasında xüsusilə populyar olan hədiyyəlik armudu stəkanlar dəstini vurğulamaya bilmərəm.


Üçüncü sahə - UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilən milli azərbaycan kəlağayılarıdır. Təmiz kətandan olan bu kəlağayılar Şəkidə hazırlanır və Mərkəzimizdə təqdim olunur.

Dördüncü sahə - incəsənətə dair müxtəlif aksesuarlar: boyalar, həlledicilər, hazır çərçivələr, kətanlar və son zamanlar müstəqil şəkildə hazırlamağa başladığımız molbertlər.


Beşinci sahə - Mərkəzdə məşhur rəssamların reproduksiya olunmuş əsərlərini əldə etmək mümkündür. Əvvəllər biz hazır posterləri alırdıq, ancaq kursumuzu nəzərə alaraq, yerli bazara yeni – milli posterlər çıxarmağı seçdik. Məsələn, əgər bir şəxs Toğrul Nərimanbəyovun yaradıcılığını sevir, ancaq onun əsərini ala bilmirsə, bizdən eyni incəsənət nümunəsinin keyfiyyətli reproduksiya edilmiş versiyasını əldə edə və sənətkarın bir parçasını evində saxlaya bilər. Sözügedən reproduksiyalar adi posterdən yüksək keyfiyyətinə görə seçilir.


- Rəsmlərə gəlincə, kimin əsərlərini sizin qalereyada görmək mümkündür?


- Mərkəzin qalereyası ikinci və üçüncü mərtəbələrdə yerləşir. Məsələ burasındadır ki, bizim qalereyada həm gənc, həm də məşhur rəssamların işləri təqdim edilib. Bu səbəbdən ekspozisiyaların yerləşdirilməsi məsələsinə olduqca həssas yanaşdıq və mərkəzdə təmsil olunan rəssamların səviyyəsi və fərdi xüsusiyyətlərini nəzərə aldıq. Qeyd edim ki, bizdə görkəmli azərbaycan rəssamlarının əsərləri o qədər də çox deyil, çünki bizim Mərkəzin əsas məqsədi məhz gənc və ümid verən rəssamlara yardım göstərməkdir. İlk gündən gənc rəssamlar üçün etibarlı platforma yaratdıq və bu onlar üçün mükəmməl stimul mənbəyi oldu. Bizim qalereyada yüzdən çox rəssamın işləri yer alıb.


- Bu cür bahalı məhsulun assortimenti necə təmin edilir?


- Müxtəlif cür. Biz rəssamlara işlərini reallaşdırmağa kömək edərək, sıx əməkdaşlıq edirik. Elə hallar olur ki, növbəti sifariş gələndə biz özümüz rəssamlara müraciət edirik. Digər hallrda isə rəssamlar Mərkəzimizə gələrək, əsərlərini təqdim edirlər.


- Əsərləri kim dəyərləndirir?

 

- Əsəri onu hazırlayan rəssam özü dəyərləndirir və ortaya qoyduğu işin qiymətini, ona sərf olunan zamanı, çətinliyi və digər faktorları nəzərə alır. Əsərin dəyərləndirilməsində rəssamın imzası da böyük rol oynayır. Hər kəsə məlumdur ki, rəssam nə qədər məşhurdursa, onun əsəri bir o qədər bahadır. Qeyd edim ki, bəzən biz özümüz rəsmləri alırıq və müəllif dərhal öz qonorarını alır. Digər hallarda rəssam əsər satılana qədər gözləməli olur.


- Xətai Sənət Mərkəzində taxta rəsm çərçivələrini əldə etmək mümkündürmü?


- Əlbəttə! Ancaq, onlar adi çərçivələrdən daha bahadır, çünki onların istehsalı üçün yüksək keyfiyyətə malik italyan taxtasından istifadə edilir.

 

 


- PR-a nə dərəcədə diqqət ayırırsınız?


- Əlbəttə, reklam vacibdir, amma biz əsas gücümüzü Mərkəzdə aparılan işin səviyyəsi və keyfiyyətinə sərf edirik. Etiraf etməliyik ki, güclü platformanın yaradılmasına təsir edən başladılan işin uğuru məhz sistemin uzunömürlülüyünü təmin edəcək apardığımız fəaliyyətin səviyyəsindən asılıdır. İldən-ilə bizim haqqımızda daha çox adam bilir. Heç olmasa bir dəfə də olsun bizim xidmətlərimizdən yararlanan və Mərkəzimizi ziyarət edən və dos-tanışları ilə məlumatları paylaşan, tövsiyə edən şəxslər xüsusi rol oynayırlar. Yaradıcılıq siyasətimizdə "Feysbuk” və "İnstaqram” kimi sosial şəbəkələrin köməyindən istifadə edirik. Orada bizim rəsmi səhifələrimizi minlərlə incəsənət həvəskarları izləyir. Sözügedən sosial şəbəkələrdə qarşıdan gələn tədbirlər haqqında elanlar yerləşdirilir. Bu gün sosial media incəsənətin təbliğində böyük rol oynayır, bu isə dostları ilə birlikdə qalereyalara səfər edən insanları maraqlandırmağa imkan verir. Hətta, əgər ilkin mərhələdə onlar rəsmləri almasa da, zövqün formalaşdırılması və insanlar incəsənət arasında rabitənin qurulması prosesi gedir. Bu, çox vacibdir! Xətai Sənət Mərkəzində insanları görmək mənə sevinc bəxş edir, anlayıram ki, əməyim boşuna getməyib...


- Xətai Sənət Mərkəzinin əsas müştəriləri kimlərdir?


- Əslində mərkəzimizə gələn insanları müştəri yox, qonaq adlandırmaq doğru olardı. Çünki, əgər biz bu işə biznes kimi yanaşsaq, incəsənət insanları ilə sıx əlaqə yarada bilmərik. Bizim mərkəzi incəsənətə sevginin birləşdirdiyi müxtəlif peşə nümayəndələri ziyarət edirlər. Məsələn, millət vəkilləri, iş adamları, otel və restoran sahibləri, şairlər və sadə incəsənət həvəskarları.


- Tələbat nə dərəcədə yüksəkdir?


- İncəsənət sahəsi onunla fərqlənir ki, burada məhsulun satılması ilə bağlı hər-hansı proqnozlar vermək çətindir, axı biz ərzaq məhsullarının satışı ilə məşğul olmuruq.


Bu, evini bəzəməyə çalışan, orada xoş ab-hava yaratmağa çalışan və ya yaxınlarına, dostlarına dəyərli, məsələn rəsm, hədiyyə etmək istəyən, gözəlliyi sevən estetlərin maraqlandığı fərqli sahədir. Mənim fikrimcə, rəsm – qiyməti olmayan hədiyyədir və mən onu Mərkəzimizdə qonaq olan ziyarətçilərə tövsiyə edirəm. Qeyd edim ki, bizim əsas amalımız pul qazanmaq yox, cəmiyyətimizə fayda verəcək incəsənət güşəsini yaratmaqdır. Əsas olan pul arxasıyca qaçmaq deyil, işini sevmək və ona ruhunu verməkdir. Bizim komanda məhz bu prinsipə sadiqdir.


- Razılaşın ki, bu gün rəsm əsərlərini daha tez almağa başlayıblar?


- Əlbəttə, son zamanlar dünyada baş verənlər cəmiyyətimizə təsir edir. Məsələ burasındadır ki, cəmiyyətimiz və mədəniyyətimizin inkişafı ona gətirib çıxarıb ki, bu gün insanlar incəsənətlə maraqlanmağa və ona dəyər verməyə başlayıblar. Bu gün rəsmləri hər yerdə görmək mümkündür: dükanlar, otellər, kabinetlər, ofislər və s. Axı rəsmlər, heykəllər və digər incəsənət nümunələri xoş ab-hava yaradır, bu isə pozitivliyə tələbatı artırır. Bu sahədə işləyərək biz anlayırıq ki, incəsənət həyatımıza məna qatır...


- Xətai Sənət Mərkəzində hansı tədbirlər keçirilir?


- Birincisi, bu, Azərbaycan Respublikası Dövlət Rəsm Qalereyası ilə birlikdə keçirdiyimiz rəsm sərgiləridir. Öncə də qeyd etdiyim kimi, bizim məqsədimiz gənc istedadlara yardım etmək və ölkə gəncliyinin incəsənətə marağını yüksəltməkdir. Bu səbəbdən bizim sərgilər və keçirdiyimiz tədbirlər müsabiqə əsasında keçirilir və gənc rəssamlara motivasiya verməyə hesablanıb. İlk sərgimiz üçün ekspozisiyanı rəsmi "Feysbuk” səhifəmiz sayəsində hazırladıq. Belə ki, rəssamlar öz işlərini göndərir, səsvermə nəticəsində isə sərginin qalibləri müəyyən edilirdi.

İkinci tədbirimiz portretlər müsabiqəsi oldu. Eyn anda qalereyamızda 40 rəssam Mərkəzimizdə yaradıcılığı canlı izləmək üçün gələn şəxslərin portretlərini çəkirdi.


Bu il biz Azərbaycan Respublikası Dövlət Rəsm Qalereyası ilə birgə Xocalı faciəsinə həsr olunmş sərgi, daha sonra isə Novruz Bayramı ilə əlaqədar tədbir keçirmişdik. Ancaq bu vernisaja qədər biz "Vətən buradan başlayır” sərgisi üçün müsabiqə elan etmişdik. Təsəvvür edin ki, ümumillikdə bizə 1000-dən çox rəsm göndərildi və biz onlardan 70-ni seçdik. Biz bu adı təsadüfi seçməmişdik. Biz istəyirdik ki, hər bir rəssam, yaşından asılı olmayaraq, onun üçün Vətənin haradan başladığını nümayiş etdirə bilsin.


Beləliklə, biz maraqlı rəsmlər seriyasını əldə etdik. Sərginin əsas məqsədi rəssamla tamaşaçı arasında rabitə qurmaq idi. Qalibin səsvermə ilə müəyyən olunduğu sözügedən sərgi tamaşaçının hansı rəsmlərə rəğbət bəslədiyini göstərdi. Bundan əlavə, tamaşaçılar üçün biz kiçik lotereya təşkil etdik və onlar xatirə üçün suvenirlər qazana bildilər.

 



- Orijinal ad daşıyan "Mənim düşüncəm” sərgisi haqqında danışın...


- Uşaqlardakı sərgiyə, diplomla təltif olunmaya və s. marağı görüncə, bu cür tədbirləri tez-tez keçirməyi qərara aldıq. Bu sərgi Heydər Əliyevə həsr olunmuşdu. Vernisajın mövzusu sərbəst idi. Biz pedoqoqlardan xahiş etdik ki, rəsmlər uşaqların özləri tərəfindən, heç bir kənar müdaxilə olmadan hazırlansın. Əsas olan gənc rəssamlara öz düşüncə və hislərini kətan üzərində ifadə etmələri üçün imkan yaratmaqdır. Nəticədə sərgidə 200-ə yaxın rəssam iştirak etmək istədi. Ümumillikdə 700 iş göndərildi və onlardan 70-i seçildi.


- Mərkəzdə nümayiş olunan rəsmləri necə seçirsiniz? Bu işdə sizə kim kömək edir?


- Müsabiqəni şəffaf və ədalətli keçirmək istəyimiz və rəssam, sənətşünas olmadığımızı nəzərə alaraq, biz müstəqil ekspertlərə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarına müraciət edərək, onlardan xüsusi komissiya formalaşdırırıq. Qeyd edim ki, şəffaflıq naminə komissiya rəssamların ad və soyadlarını bilmir. Bu, qeyri-obyektivlikdən qaçmağa imkan verir.


- Mərkəzdə incəsənəti öyrənmək istəyən uşaqlar üçün kurslar fəaliyyət göstərirmi? Qalereyada məktəbli ekskursiyaları təşkil olunurmu?


- Bəli! Xətai Sənət Mərkəzimizdə qalereya müəllimlərinin dərs dediyi rəsm dərnəyi fəaliyyət göstərir. Biz heç bir yaş məhdudiyyəti qoymuruq. 7-dən 77-ə hər kəs rəsmlə məşğul ola bilər. Bizim işdən ən önəmli olan istəkdir. Uşaqları müşahidə etmək olduqca maraqlıdır. Onların çoxu qalereyada çəkmək istədikləri rəsmin axtarışında gəzirlər və elə yerindəcə molberti qoyub, işə başlayırlar. Əvvəllər biz bunu yalnız filmlərdə görə bilirdik, indi isə sözügeedən proses bizim üçün reallığa çevrilib. Düşünürəm ki, uşaqları hərtərəfli inkişaf etdirmək və onlara potensiallarını açmaq üçün lazımi imkanlar yaratmaq lazımdır. Axı heç kim Tanrının ona hansı istedad bəxş etdiyini gücünü bu və ya digər sahədə yoxlamayana qədər öyrənə bilməz. Ola bilsin ki, məhz bizim sərgilər gələcəkdə Azərbaycanın dünyaya çoxlu sayda yüksək səviyyəli rəssamları bəxş etməsinə və onların ölkəmizi ən nüfuzlu sərgilərkə təmsil etməsinə təkan verir.


- Heyətiniz barədə bir az danışın.


- Mən çox şadam ki, bizim mehriban, ən əsası isə məsuliyyətli və öz işini sevən kollektivimiz formalaşıb. Bizim bir çox ustalarımız on illik təcrübəyə malikdirlər, bəziləri isə daha çox. Əməkdaşlarımı işi tapşıranda mən tamamilə əmin oluram ki, o, maksimal dərəcədə qısa müddətdə və ən əsası yüksək keyfiyyətdə, sevgi ilə ərsəyə gətiriləcək. Çərçivələrin hazırlanması məsuliyyətli prosesdir, axı yaradıcı təbiətə sahib olan şəxsin – rəssamın zövqünü oxşamaq olducaq çətindir. Hazırda biz müxtəlif cür qutular, molbertlər və s. hazırlamağa başladıq. Bu isə komandamızı tam şəkildə saxlamağa imkan verdi. Buna görə bizdə hər bir işçi öz işi ilə məşğul olur və müəyyən sahə üzrə ixtisaslaşır.


- Və sonda, bizimlə gələcək planlarınızı bölüşərsinizmi?


- Biz, kifayət qədər geniş və hətta sərhədsiz mövzu seçimi ilə xarakterizə edilən "Mənim düşüncəm” adlı sərgini respublika səviyyəsinə çıxarmaq istərdik. Çünki bu gün bizim sərgilər Bakı və ətraf qəsəbələri əhatə edir. Axı bizim bölgələrdə özləri haqqında bəyan etmək üçün şans gözləyən çoxlu sayda istedadlı uşaqlarımız var. Ola bilsin ki, sərgidə iştirak onların yaradıcılığı üçün lazımi stimul rolunu oynayacaq.


- Zahid müəllim, maraqlı söhbətə görə böyük təşəkkür edirəm. Biz sizə uğurlar və Xətai Sənət Mərkəzində yeni tədbirlər keçirməyi arzu edirik.


- Təşəkkür!


Material Bəhram Bağırzadə tərəfindən təqdim olunub.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM