"Fotoqrafiyada gender bölgüsü aparmaq düzgün deyil" - Günel Sultanova - MÜSAHİBƏ

11:14 | 25.10.2016

"Fotoqrafiyada gender bölgüsü aparmaq düzgün deyil" - Günel Sultanova - MÜSAHİBƏ

Müsahibimiz başlanğıcda sadəcə şəkillərlə fəaliyyət göstərən azərbaycandilli "fotoqrafiyablog.wordpress.com” bloqunu yaradan gənc, bakılı proqramçı Günel Sultanovadır. Bu müsbət auralı , gülərüz qızla müsahibəni oxuculara təqdim edirik:
 
- Günel, bir qədər özünüzdən bəhs edin.

- 2008-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat fakültəsini bitirmişəm. Tədris zamanı ixtisasım üzrə işləməyə başladım. Universiteti bitirdikdən sonra Bakıda məşhur şirkətlərin birində programçı kimi çalışmağa başladım. Hazırda məzuniyyətdəyəm və uşaqlarıma vaxt ayırıram. 3 və 5 yaşında 2 övladım var. Baxmayaraq ki, karyeramı inkişaf etdirə bilərdim, amma bilərək ev xanımlığını seçdim. Uşaqlarımı özüm tərbiyə etmək istəyirəm. Uşaq baxmaq işinə də yardadıcı yanaşıram. Uşaq tərbiyəsi və psixologiyası haqqında kitablar oxuyuram ki, uşaqları düzgün tərbiyə edə bilim. Bu cür yanaşmanın müsbət təsirlərini görməyə başlayıram və bu, məni çəx məmnun edir. Artıq uşaqlarım bağçaya gedir və mən yenidən çalışmağa başlayacağam. 

- Bəs sizdə foto sənətinə maraq necə yarandı?

- Daha ilk işimdə aldığım məvacibi toplayaraq, ilk foto kameram olan «Sony” aparatımı aldım. Texniki cəhətdən çəkməyə başlasam da, gələcəkdə peşakar kameramın arzusu ilə yaşayırdım. Və budur, üç il bundan əvvəl həyat yoldaşım ad günümdə mənə gözəl bir hədiyyə - peşəkar "Canon” bağışladı. Təbii ki, mən ilk iş olaraq, uşaqlarımı çəkmişəm. Daha sonra həyətdəki çiçəkləri çəkməyə başladım, rayonlara səfərimiz zamanı təbiəti, insanları çəkirdim. İndi vaxtım olduğu üçün onu səmərəli keçirmək qərarına gəldim. Peşakar foto sənətini araşdıraraq, xeyli sayda ədabiyyat oxumağa başladım. Bu yay xüsusi kurslara da getmək istəyirdim, sadəcə vaxt ayıra bilmədim. Amma istənilən halda, mənim foto işi ilə məşğuliyyətim gündəlik qayğı və problemlərdən də uzaqlaşmağıma kömək edir. 

- Buna baxmayaraq, siz "fotoqrafiyablog.wordpress.com” bloqu yaratmısınız. Bunu qeyri-ciddi hesab etmək olmaz.

- Doğrusu, bloq hələlik, texniki baxımdan tam hazır deyil, amma yaxın zamanda bloqu təkmilləşdirməyi düşünürəm. Bloq yaratmaq fikri isə internetdə Azərbaycan dilində şəkillərl' informasiyanın azlığını gördükdən sonra yarandı. Bloq bu sahədə problemlə qarşılaşan gənc fotoqrafların rahat informasiya əldə etməsinə şərait yaradacaq. Dərslərlə yanaşı, orada yerli və xarici məzmunda foto sənəti haqqında məlumatlar var. Bəzi bölmələri isə özüm hazırlayıram. Bloqda "Azərbaycan fotoları” bölməsini yaratmışam. Bu bölmədə olan fotolar müxtəlif gənc müəlliflərin razılığı ilə istifadə olunub. 

- Prinsipcə, bloqunuz azərbaycanlı gənc fotoraflar üçün özünəməxsus sənət meydanı ola bilər? 

- Ümid edirəm ki, belə olacaq. Bilirsiniz, mən bu layihə ilə ciddi məşğul olmazdan əvvəl ağlıma da gəlməzdi ki, Azərbaycanda xeyli sayda peşəkar fotoqraflar var. Çox istəyirəm ki, başqalarının da bloqda olan gənc müəlliflər haqqında məlumatı olsun (www.facebook.com/fotoqrafiya). Əsas məqsədim o idi ki, gənclər öz üzərində daha çox çalışıb, təkmilləşsin. Bundan başqa, bu sahədə Azərbaycan dilində informasiya çatışmazlığını doldurmaq istəyirəm.

- Günel, hansı azərbaycanlı fotoqrafın yaradıcılığını bəyənirsiniz?

- Azərbaycanlı sənətkar Bahadur Cəfərov və Sənan Ələsgərovun foto sənətinə heyranam. Bundan başqa, Eldar Əkbərovun, İlkin Kəngərlinin, İradə Qədirova və  başqalarının da işlərini bəyənirəm. Ümumiyyətlə, başqalarının uğuruna ürəkdən sevinirəm və Azərbaycanın hər bir yeni istedadlı foto rəssamı mənə sevindirir.

- Sizcə, fotoşəkillərdə "kişi - qadın baxışı” anlayışı varmı?

- Hesab edirəm ki, xeyr. Fotoqrafiyada gender bölgüsü aparmaq düzgün deyil. Əsas odur ki, öz işinə sevgi və peşakarlıqla yanaşmaqdır. 
 
- Son zamanlar bloqda dərc olunan məqalələr barədə danışardınız.

- Məsələn, bu yaxınlarda xarici fotoqrafların çəkdikləri köhnə Bakının fotoşəkillərini toplamışam. Onların arasında fransız Pol Nadar, Anri Karte-Bresson, sovet fotoqrafı Maks Alpert, Amerikalı Frank Yiton Fetter kimi peşəkar fotoqraflar var. Həmin fotoqrafların fotoşəkillərini tapanda çox sevindim. Məhz bu material bloq ziyarətçiləri arasında çox populyar idi. Odur ki, bu mövzunu davam etdirəcəyəm. Həmçinin, sentyabrda bloqda dərc olunan materiallar arasında İ. Rubenkukunun Bakının möhtəşəm əllə çəkilmiş fotosunu görmək mümkündür. Materialın məhz sentyabrda yayımlanması Rubenkukunun 95 illik yubleyi ilə eyni vaxta düşüb. Düşünürəm ki, belə materiallar foto sənəti ilə məşğul olan gənclərə motivasiya verməklə yanaşı, Bakının fotolarını çəkən insanlara hörməti artırır. Eyni zamanda, istənilən şəhərə fotoqrafın fərqli baxışı ilə nəzər salmaq ayrı zövq verir. 

- Günel, fotoqrafiya ilə məşğul olmağınız proqramlaşdırma sahəsindəki karyeranıza mane olur?

- Əlbəttə, peşəmdən geri çəkilməyi düşünmürəm. Çünki proqramlaşdırmanı çox sevirəm, amma foto mənim üçün maraqlı hobbidir. Hər iki peşə bir-birini tamamlayır. Belə ki, müasir kompüter texnikası və proqramlaşdırma bilikləri, onun emalı və təkmilləşdirilməsi, kadrlar üzərində tam yerinə düşür. Bu cür bilik və vərdişlər bloqum üzərində işləməyimə kömək edir. Eyni zamanda, foto sənəti və bloqla məşğul olmaqla, dincəlirəm, həyatdan zövq alıram. Sadəcə olaraq, əldə etdiklərimlə kifayətlənmək fikrində deyiləm.

- Bakının hansı ərazisində vaxt keçirmək istəyirsiniz?

- Əlbəttə, Bakını çox sevirəm, amma hər halda dincəlmək üçün şəhərdən kənarı, təbiəti seçirəm. Azərbaycan təbiəti öz müxtəlifliyi ilə seçilir. Belə ki, bizim fotoqraflar oralara çox gedib fotossesiya edirlər, Bu kadrları nəzərdən keçirərək, başa düşürsən ki, biz heç nə ilə xarici ölkələrə inkişaf etmiş turizmdən geri qalmırıq. Ən çox İsmayıllı, Qəbələ və cənub rayonlarını sevirəm. Göy-gölə getməyi çox istəyirəm. Uşaqlıqda valideynlərimlə orada olmuşam, İndi isə xatirələrimi təzələmək üçün ailəm və uşaqlarımla getmək istəyirəm. 

- Bakıda sizi narahat edən nələr var?

- Şəhərdə yaşıllıqların az olması məni narahat etmir. Bu məqam xüsusilə, rayonlardan səfərdən qayıdandan sonra daha çox hiss olunur. İnsan özünü sahilə çırpılan balıq kimi hiss edir. Şəhərdə təmiz havanın çatışmaması tam olaraq hiss olunur. Şəhər çox dəyişib, gözəlləşib, Ancaq bu gözəllik mənə çox süni gəlir. Bakı qədim şəhərdir, amma tarixi binalar, məhəllələr çox az qalıb. Anamın doğulduğu, nənəmin, dayımın ailəsilə birgə yaşadığı "Sovetski” artıq sökülüb. Buna görə, "Sovetski” söküləndə biz çox pis olduq. Bu yaxınlarda atamla anam oranı gəzməyə getmişdilər və onlar söküntülər arasında "dalan” yazlan lövhə tapıb evə gətirdilər. Bu, onlar üçün böyük xatirə, həyatın bir hissəsi deməkdir. Bununla yanaşı, "Basin” küçəsi dağılan zaman da bir çox tarixi binalar da söküldü. Onların yerində indi "Qış bulvarı” yerləşir. Həmin sökülən evlərdə çox mühüm memarlıq inciləri var idi. Əlbəttə, yenilik qaçılmazdır, həyat yerində dayanmır. Məgər, köhnə və yeni əl-ələ gedə bilmir? Axı, bütün dünyada bunu tətbiq etmir? Bu binalar tariximiz, yaddaşımızdır. İndi biz belə qızğın və ürək ağrısı ilə bu problemlər barədə danışırıq, çünki Bakını sevirik və istəyirik ki, uşaqlarımız İçərişəhərin qədim, gözəl binalarını görsün, küçələrində gəzsin.
 
- Hazırda həllini gözləyən problemləriniz var?

- Var, hətta buna plan yox, arzu demək olar. Bütün dünyanı gəzərək maraqlı yerlərin fotolarını çəkmək istəyirəm. Digər planlara gəldikdə isə həyat öz axarı ilə gedir və bir ideya, arzu, istəklərimizin bir-birini əvəzləməsi tamamilə təbiidir. Bunun üçün sadəcə arzu ilə kifayyətlənmək lazım deyil. İdeyanı həyata keçirmək üçün səy göstərmək lazımdır və şükürlər olsun ki, bu gün arzuladığım bir çox ideyam gercəkləşib. Ümid edirəm ki, gələcəkdə məni daha gözəl və ruhlandıran hadisələr gözləyir. 

- Günel, söhbətə görə sağ olun, İşlərinizdə uğurlar arzulayırıq. Son olaraq, gənc fotoqraflara arzularınızı dinləyək.

- Bütün gənc fotoqraflara, o cümlədən də, özümə çox oxumaq, öyrənmək və əsl peşəkar olmaq üçün isə öz üzərində yorulmadan işləməyi arzu edirəm. Fotoqraf çəkdiyi kadrda reklam və qazancdan əvvəl fotonun bədii dəyərini düşünməlidir. Bunu da, tarixdə iz qoyan əsl sənatkarlardan öyrənmək lazımdır. Əlbəttə ki, bloquma bütün foto fanatları baxmağa dəvət edirəm. Əminəm ki, onlar özlərinə faydalı və maraqlı məlumatlar tapacaqlar.

Materialı təqdim etdi: Bəhram Bağırzadə. 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM