Fransa səfirliyi yayın gəlişi münasibətilə musiqi bayramı təşkil edib.
ANN.Az xəbər verir ki, açılışda çıxış edən Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez musiqi bayramının keçirilməsinə ilk dəfə 30 il bundan əvvəl başlanıldığını deyib.
Səfirin sözlərinə görə, musiqi bayramı bütün musiqiçilərə açıq olan bayramdır və məqsəd gənclərə öz istedadlarını nümayiş etdirmək imkanının verilməsi, musiqini gənc auditoriyaya sevdirməkdir: "Bu bayram canlı musiqini sevdirir, musiqi janrlarını insanlara tanıdır. Ötən il 120-dən çox ölkədə musiqi bayramı keçirilib. Musiqi bayramı bir sıra ölkələrdə, o cümlədən, Lüksemburq, İtaliya, Yunanıstan, Böyük Britaniya, Peru, Kolumbiya kimi ölkələrdə milli tədbirə çevrilib. Nyu York, Mexiko, Berlin kimi şəhərlərdə qeyd edilərək geniş vüsət alıb. Bakı da həmişə dəbdə olan tədbirləri həyata keçirməkdə birinci sıradadır. Ona görə də musiqi bayramı artıq bir neçə ildir ki, keçirilir”.
"Bu tip tədbirlərin keçirilməsi multikulturalizmin də yüksək formada təqdim edilməsinə xidmət edir. Ümid edirəm, gələn il bu tədbiri daha geniş qeyd edəcəyik və Bakının bütün küçələrində keçirilsin. İstəyirik ki, Azərbaycan Avropa Musiqi Xartiyasını imzalasını” - deyə səfir əlavə edib.
Daha sonra tədbir Araz Hümbətov, Milan Məmmədov, Fransa liseyinin solistləri və SubHe qrupunun ifaları ilə davam etdirilib.
Orxan Aslanlı
Bizi sosial şəbəkələrdə izləyin !