Yanvarın 29-da Xəzər Universitetinin, “Vienna Art Center”in və “Yves Rocher” Fransa şirkətinin birgə dəstəyi ilə 2 fevral-Azərbaycan Gəncləri Günü ilə əlaqədar “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə Xəzər Universitetinin “Neftçilər” korpusunda Azərbaycan gənc rəssamlarının əsərlərindən ibarət “Kompromis” adlı sərgi açılacaq.Mərkəzdən AzərTAc-a verilən xəbərə görə, sərgidə 16 rəssamın 64 əl işi nümayiş etdiriləcək. Onlardan Safranda Abdullayevanın “Gül-Drakon”, Aysel Qaralovanın “Milli Fantaziya”, Nigar Gurbanovanın “Düşüncə”, Bəhruz Quliyevin “Zeynəddin mənzərəsi”, Tural Həsənlinin “Çiçəkli Batabat”, Çinarə Rüstəmlinin “Narlar”, Sabit Zamanovun “Ailə yükü”, Günay Bəylərovanın “Keçmişin izləri”, Nərmin Şərifovanın “Fantaziya”, İnarə Əliyevanın “Dekor-obstrakt”, Neman Abdullayevin “Kəpənəklər”, Bəhriyyə Əliyevanın “Qəfəs”, Leyla Babayevanın “Balerina”, Samidə Haciyevanın “Ekibana”, Azər Əliyevin “Həvvanın doğulması” və Azər Əsədovun “Azərbaycanın döyünən ürəyi” adlı əsərləri xüsusilə qeyd etmək olar.Nümayiş olunacaq əsərlər rəngkarlıq və qrafikanın müxtəlif istiqamətlərini əhatə edir.Sərgi gənc rəssamlarımızın yaradıcılığı haqqında geniş məlumat almağa imkan yaradacaq.Məqsəd Azərbaycanın gənc rəssamlarının istedadını nümayiş etdirmək, onların yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaratmaq və mədəniyyətlərarası dialoqun inteqrasiya üçün vacibliyini vurğulamaq, eyni zamanda, Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xalqa müraciətindən irəli gələn vəzifələrə bir daha diqqəti cəlb etməkdir.
Sərginin açılış mərasimində iştirakçı rəssamlara sertifikatlar, molbertlər, sərginin kataloqu və Fransanın “Yves Rocher” şirkətinin hədiyyələri təqdim olunacaq.
Eyni zamanda, 2012-ci il fevralın 5-dən 12-dək Azərbaycanın gənc rəssamlarının Vyana şəhərində keçirilmiş sərgisinə verdiyi dəstəyə görə Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən sertifikat-plaketlə mükafatlandırılacaq.Üç gün davam edəcək sərgiyə Xalq Rəssamı Hüseynqulu Əliyev, Tatyana Kesar, Sakit Məmmədov, Mahizər Şabanbəyov, Aynur Həşimova və digərləri dəstək veriblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !