"Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM"-a sədrlik Moldovaya keçib. Bu qərar Kiyevdə keçirilən qurumun XİN rəhbərlərinin XXII iclasının gedişində qəbul edilib. Bu barədə GUAM-ın yaydığı xəbərdə deyilir.
ATƏT nazirlərinin növbəti görüşü çərçivəsində GUAM XİNŞ-in XXII iclası keçirilib.
Məlumatda deyildiyi kimi, GUAM Xarici İşlər Nazirləri Şurası "GUAM+" formatında qarşılıqlı siyasi fəaliyyət, əməkdaşlıq məsələlərinə baxıb, eləcə də BMT Baş Assambleyasının 67-ci sessiyasının gündəliyinin 34-cü bəndi - "GUAM məkanında həlli yubanan münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri" üzrə fikir mübadiləsini davam etdirib, eləcə də 2013-cü il dekabrın 2-3-də Tbilisidə keçirilən GUAM PA-nın VI plenar iclasının nəticələrini alqışlayıb.
Məlumatda deyilir ki, XİNŞ GUAM xarici işlər nazirlərinin və Litva XİN rəhbərinin birgə görüşündə qəbul edilən kommünikenin əhəmiyyətini qeyd edib və GUAM üzvü olan dövlətlərin Vilnüs sammitindən sonrakı mərhələdə Avropa İttifaqı ilə aktiv əməkdaşlığına tərəfdar olduğunu bildirib, eləcə də bu istiqamətdə fikir mübadiləsini davam etdirmək barədə razılığa gəlib.
GUAM Xarici İşlər Nazirləri Şurası, həmçinin təşkilatın sahələr üzrə, xüsusilə iqtisadiyyat və ticarət, energetika sahəsində əməkdaşlıq məsələlərinin kompleksini müzakirə edib, həmçinin GUAM-ın başqa dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərinə baxıb.
Xəbərdə qeyd edilir ki, XİNŞ-nin növbəti iclasının keçirilməsinin yeri və tarixi diplomatik kanallarla razılaşdırılacaq.
Trend