Moderator.az olaraq Şəhidlərimizlə bağlı silsilə yazılarımıza davam edir. Bu gün Şəhid əsgərimizin ailəsi ilə görüşmək üçün Mehdiabad qəsəbəsindəki məcburi köçkünlərin yaşadığı "Qarant yaşayış kompleksi”nə yollandıq. Burada ancaq öz dədə-baba torpaqlarından didərgin düşmüş soydaşlarımız yaşayır. Şuşa, Laçın, Füzuli, Cəbrayıl və başqa işğal olunmuş rayonlarımızın sakinləri burada məskunlaşıb. Şəhərciyə daxil olarkən ilk diqqətimizi çəkən "Qarabağ" marketi oldu. Burada vətənpərvər sakinlər Qarabağı unutmamaq üçün elə "Qarabağ" adında market açaraq sakinlərin alış-verişini burada təşkil ediblər...
Bizi Şəhidimizin atası Azər müəllim qarşılayaraq evə dəvət etdi. Evdə bizi Şəhimizin anası Gülbəniz ana qarşıladı. Evdə Mahmudun fotolarından yaradılmış lövhə və üçrəngli bayrağımız olan otaqda əyləşdik. Məlum oldu ki, Şəhimizin anası Mahmudun Şəhid olmasından sonra çox ağır xəstəliyə tutulub. Müalicə olunur. Elə ona görə də Şəhidimizin anası söhbət edə bilməyəcəyini bildirdi. Amma söhbətimiz boyu o, bizi yalnız qoymadı, elə yanımızda oturdu.
İbrahimovlar ailəsi Cəbrayılın Sarıcallı kəndindəndirlər. Cəbrayılın işğalından sonra bir çox soydaşlarımız kimi onlar da öz torpaqlarından didərgin düşüblər. Ailənin üç oğlan övladı var. İlk oğlu İlkin 1990-cı ildə, ailənin ikinci övladı Aqil 1993-cü ildə və Mahmud 1997-ci ildə anadan olub. Ailə Cəbrayıldan qaçqın düşərkən Adil qırx günlük körpə olub. Şəhidimiz Mahmud isə Bayıl qəsəbəsində dünyaya göz açıb.
Söhbətimizə Şəhidimizin atası Azər İbrahimovla başladıq:
Şəhidimizin atası Azər:
"Dedi ki, ana, haqqını halal elə...”
"Mahmud Bayıl qəsəbəsində yerləşən 40 saylı Laçın orta məktəbini bitirib. Bununla bərabər o, həm də idmanın güləş növü ilə məşğul olurdu. Bir çox yarışlarda qalib olub. 2015-ci ilin oktyabr ayında Mahmud hərbi xidmətə yollandı. Gəncə şəhərində üç ay gənc əsgər kimi xidmət etdi. Andiçmə mərasimində yanına da getmişdik. Sonra Mahmudu Tərtərin Marquşevan kəndinə yolladılar. Orda xidmət etməyə başladı. Həmişə telefonla danışırdıq. Martın 13-də anasıyla birlikdə ona dəyməyə getdik. Çox kökəlmişdi. Orda da idmanla məşğul olurdu. Aprel ayında Bakıda keçiriləcək hərbçilərin güləş yarışına hazırlaşırdı.
Axırıncı dəfə bizimlə martın 29-da telefon əlaqəsi saxladı. Evdə anasıyla, qardaşıyla və mənimlə xeyli danışdı. Dedi ki, ana, haqqını halal elə. Ola bilsin nələrinsə baş verəcəyini bilirdi və elə ona görə də elə deyirdi. Bir də dedi ki, bizə dua edin.
"Bu xəbərdən sonra nə hala düşdüm...”
Aprel döyüşləri zamanı hamı kimi biz də Mahmuddan nigaran qaldıq. Xəbər yox idi. Hara gedirdik bir söz deyən yox idi. Dayıları ilə yığışıb Tərtərə getdik. Orda da Mahmuddan bir xəbər öyrənə bilmədik. Amma mənim ürəyimə dammışdı ki, Mahmuda nəsə olub. Hər yerə qudamın əlaqə nömrəsini verirdim ki, Mahmudla bağlı nə xəbər olsa, ona zəng vurub desinlər. Sarsıntı keçirəcəyimdən ehtiyat edib öz mobil nömrəmi heç kimə vermirdim. Aprelin 7-ə kimi Mahmuddan xəbər çıxmadı. Aprelin 8-də gördüm qudam bizə gəlib. Amma rəngi sapsarı olmuşdu. Dedim ki, nə olub? Cavab vermədi. Sonra məni evdən bayıra çıxardıb dedi ki, Mahmud Şəhid olub. Bu xəbərdən sonra nə hala düşdüyümü təsəvvür edirsiniz də. Aprelin 9-da səhər tezdən Mahmudun tabutunu gətirdilər. Çox böyük insan izdihamı var idi. Bakının hər yerindən gəlmişdilər. Mən hamıya minnətdarlıq edirəm. Çox sağ olsunlar həmin gün məni tək qoymadılar.
Aprelin 9-da saat 11:00 radələrində Mahmudu ikinci Zabratdakı qəbiristanlıqda anamın məzarının yanında dəfn etdik.
"Mahmud məni Azərbaycana tanıtdı...”
Tək istəyim Mahmudun adının əbədiləşdirilməsidir. Heç kimdən narazı deyiləm. Mahmud məni Azərbaycana tanıtdı. Düzdür, bir ata kimi içim yanır, bu mənim üçün çox çətindi. Amma fəxr edirəm ki, mən Şəhid atasıyam. Bu şəhərciyə 2014-cü ildə köçürülmüşük. Mahmud bu şəhərciyin ilk Şəhididir. Mənim arzum odur ki, Mahmudun adı bu Şəhərciyə verilsin və mən də bir ata kimi təsəlli tapım. Həyat yoldaşım Mahmuddan sonra çox ağır xəstəliyə tutuldu. İndi kimyaterapiya qəbul edir. Bir neçə dəfə əməliyyat olunub”.
"Şəhidin feysbukda yazdığı statusu...”
Mahmudun bir gün Şəhid olacağından elə özünün də xəbəri olub. Mahmudun 2013-cü il aprel ayının 18-də öz feysbuk səhifəsində yazdığı statusu hamını təəcübləndirib. Mahmud statusunda bunları yazıb:
Bizə bunu Şəhidimizin ailəsi təqdim etdi. Sonda Şəhidimizin ailəsinə başsağlığı verib getmək üçün izn istədik. Bizi Şəhidimizin atası dayanacağa qədər gətirərək yola saldı. Şəhid atası onları yada saldığımız üçün bizə minnətdarlıq etdi.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
Vasif Əlihüseyn
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !