Hökumət 2024-cü il dövlət büdcəsi layihəsi üzərində işə başlayıb

23:13 | 02.02.2023
Hökumət 2024-cü il dövlət büdcəsi layihəsi üzərində işə başlayıb

Hökumət 2024-cü il dövlət büdcəsi layihəsi üzərində işə başlayıb

Azərbaycan Nazirlər Kabineti Maliyyə Nazirliyinə 2024-cü il və 2025-2027-ci illər üzrə dövlət büdcəsi layihəsini sentyabrın 15-dək hökumətə təqdim etməyi tapşırıb.

Hökumətin sərəncamına əsasən, Maliyyə Nazirliyinə 2023-cü il aprelin 5-dək İqtisadi Şuraya, 2023-cü il aprelin 15-dək Nazirlər Kabinetinə 2024-cü il dövlət büdcəsinin ilkin layihəsini, icmal layihəsinin ilkin göstəricilərini təqdim etmək tapşırılıb. 2024 və 2025-2027-ci illər üçün büdcə, habelə 2024 və 2025-2027-ci illər üçün Ortamüddətli Xərclər Çərçivəsi çərçivəsində layihənin ilkin variantı təqdim etmək tapşırılıb.

İqtisadiyyat Nazirliyinə Dövlət İnvestisiya Proqramının ilkin layihəsini aprelin 5-dək İqtisadi Şuraya, aprelin 15-dək isə Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Bundan əlavə, Maliyyə Nazirliyi 2024-cü il dövlət büdcəsi layihəsinin yekun variantını, habelə 2028-ci ilə qədər hesablanmış müxtəlif sənədlər paketini sentyabrın 1-dək İqtisadi Şuraya, sentyabrın 15-dək isə Nazirlər Kabinetinə təqdim etməlidir.
 
İqtisadiyyat Nazirliyi sentyabrın 1-dək 2024-cü il və 2025-2027-ci illər üzrə sosial-iqtisadi inkişaf proqnozlarını İqtisadiyyat Şurasına, sentyabrın 15-dək isə Nazirlər Kabinetinə təqdim etməlidir.

Dövlət Statistika Komitəsinə Azərbaycanın 2022-ci ilin sosial-iqtisadi inkişafına dair ilkin statistik məlumatları 2023-cü il fevralın 5-dək Maliyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə təqdim etmək tapşırılıb. Bundan əlavə, Dövlət Statistika Komitəsi dövlət büdcəsi layihəsinin və sosial-iqtisadi inkişaf proqnozlarının hazırlanmasında istifadə oluna biləcək bütün zəruri statistik məlumatları Maliyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.

Maliyyə Nazirliyinə 2024-cü il və 2025-2027-ci illər üzrə dövlət büdcəsinin və icmal büdcənin parametrləri üzrə ilkin göstəriciləri aprelin 1-dək İqtisadiyyat Nazirliyinə təqdim etmək tapşırılıb. Yenilənmiş məlumatlar avqustun 25-dək İqtisadiyyat Nazirliyinə təqdim edilməlidir. Bundan əlavə, Maliyyə Nazirliyi aprelin 1-dək 2024-cü il və növbəti üç il üçün dövlət əsaslı vəsait qoyuluşlarının həcminə dair ilkin proqnozu, dəqiqləşdirilmiş proqnozları iyulun 20-dək İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.

İqtisadiyyat Nazirliyi də öz növbəsində martın 1-dək 2024-cü il üçün sosial-iqtisadi inkişaf konsepsiyasının (əsas makroiqtisadi göstəricilər üzrə proqnozlar da daxil olmaqla), habelə 2025-2027-ci illər üzrə yenilənmiş konsepsiyasının ilkin variantını Maliyyə Nazirliyinə təqdim etməlidir. 

Bundan əlavə, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə birlikdə müvafiq sazişlər çərçivəsində neft-qaz sektoruna investisiyaların planlarını avqustun 1-dək Nazirlər Kabinetinə təqdim etməlidir.

İqtisadiyyat Nazirliyinə 2023-cü il iyulun 1-dək 2024-cü ildə özəlləşdirməyə çıxarılacaq müəssisələrin siyahısını, habelə növbəti il ​​üçün özəlləşdirmədən əldə edilən gəlirlərə dair təkliflərini Maliyyə Nazirliyinə təqdim etmək tapşırılıb.

Bundan başqa, Dövlət Gömrük Komitəsinə avqustun 15-dək Maliyyə Nazirliyi ilə 2024-cü və 2025-2027-ci illər üçün gömrük rüsumları və vergiləri ilə bağlı proqnozların müzakirəsini başa çatdırmaq tapşırılıb.

İri dövlət şirkətləri, o cümlədən Azərbaycan İnvestisiya Holdinqinin idarə etdiyi şirkətlər gəlir və xərclər, habelə dövlət büdcəsinə dividendlərin ödənilməsi ilə bağlı proqnozlarını avqustun 15-dək Maliyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər.

Dövlət strukturları fevralın 20-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə "İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın birinci Dövlət Proqramı”nın maliyyələşdirilməsi və bu məqsədlər üçün tələb olunan vəsaitlə bağlı təkliflərini təqdim etməlidirlər.

Nazirlər Kabineti də Mərkəzi Banka bir sıra tövsiyələr verib. O cümlədən, AMB-yə tövsiyə edilib ki, fevralın 5-dək pul siyasəti və tədiyə balansı ilə bağlı statistik məlumatı Nazirlər Kabinetinə təqdim etsin; aprelin 15-dək tədiyə balansının proqnozuna dair rəyi İqtisadiyyat Nazirliyinə təqdim etsin.

Bundan başqa, hökumətin sərəncamında 2024-cü il və 2025-2027-ci illər üzrə dövlət büdcəsi layihəsinin keyfiyyətli hazırlanmasını təmin etmək üçün dövlət orqanlarına bir sıra digər tapşırıqlar da nəzərdə tutulub.
 
İSTİQAMƏT: 5.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM