I Avropa Oyunları – müsbət tərəfləri bəlli, mənfi cəhətləri nələrdir? - AÇIQLAMALAR

15:39 | 29.06.2015
I Avropa Oyunları – müsbət tərəfləri bəlli, mənfi cəhətləri nələrdir? - AÇIQLAMALAR

I Avropa Oyunları – müsbət tərəfləri bəlli, mənfi cəhətləri nələrdir? - AÇIQLAMALAR

Azərbaycan Avropanın bir parçası olduğunu sübuta yetirmiş oldu; Azərbaycan bu məhsuliyyətin öhdəsindən gələ bildi; Bu oyunların keçirilməsinin iqtisadiyyatımızın zəifləməsinə heç bir aidiyyatı yoxdur; Bu tədbirin keçirilməsi nəticəsində dövlətimiz öz dostlarını və düşmənlərini müəyyən edə bildi; Bu oyunların mənfi cəhətləri barəsində hansısa bir fikir söyləmək üçün sadəcə deletant olmaq lazımdır.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə, YAP-dan olan parlament üzvü Aydın Mirzəzadə, iqtisadçı ekspert Oqtay Haqverdiyev, deputat Zahid Oruc və "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin müsbət və mənfi tərəfləri haqqında ANN.Az-a açıqlama veriblər.



A.Mollazadə bu oyunların Azərbaycanda keçirilməsini gənclik və idman bayramı kimi dəyərləndirib: "İdmançılarımızın qazandıqları medallar da bu bayramı iki qata çatdırdı. Gənclər könüllü işləməklə bu cür dünya səviyyəli tədbirdə həm iştirakçı oldular, həm də özləri üçün gözəl təcrübə qazandılar. Azərbaycan öz mədəniyyətini, qonaqpərvərliyini Avropaya, dünyaya bir daha nümayiş etdirdi. Və bu cür yüksək səviyyəli oyunların ölkəmizdə keçirməyə qadir olduğunu subüt etdi. Fikrimcə, bu uğurlu bir tarixi hadisədir. Azərbaycan Avropanın bir parçası olduğunu sübuta yetirmiş oldu.” 

Avropa Oyunlarının Azərbaycnda baş tutmasının mənfi baxımdan iqtisadi təsirinə gəlincə, partiya sədri qeyd edib ki, bu haqda danışmaq düzgün deyil: "Əksinə, turizmin inkişafına səbəb oldu. Əminəm ki, Azərbaycana gəlmiş turistlər bundan sonra bir daha bura gələcəklər”.  



Milli Məclisin üzvü Aydın Mirzəzadə də Avropa Oyunlarının Azərbaycanda keçirilməsini böyük uğur kimi qiymətləndirib: "İki il yarıma dünya səviyyəli belə tədbir təşkil etmək həm məhsuliyyətli, həm də çox ağır iş idi. Azərbaycan bu məhsuliyyətin öhdəsindən gələ bildi. Bir tərəfdən Avropa Oyunlarının Azərbaycanda keçirilməsi üçün şərtlərin bir çoxu ölkəmizdə var idi. Olimpia Komitəsinin irəli sürdüyü digər şərtləri də ölkəmiz üzərinə götürdü və bunun öhdəsindən layiqincə gəldi. Avropa Oyunlarının yekunlarına əsaslanıb demək olar ki, Azərbaycan dünyaya bir Avropa standartları təqdim etdi. Bu standartlar üzərinə götürdüyü məsuliyyətli işi yerinə yetirmək, idmanın rahat və yüksək səviyyədə keçirilməsi üçün şərait yaratmaq kimi məsələlər idi. Eyni zamanda bu tədbirin keçirilməsinin müsbət tərəfi ondan ibarət oldu ki, dünya bir daha Azərbaycanı tanıdı. Özü üçün kəşf etdi. Artıq Azərbaycan deyəndə kimlərsə bizləri xəritədə axtarmayacaqlar”. 

Avropa Oyunlarının ölkəmizdə baş tutuması üçün yeni arenaların tikilməsini mənfi hal kimi deyil, yüksək amil olaraq dəyərləndirib: "Bu tədbirlərin keçirilməsi artıq dünya ölkələrindən Azərbaycana yeni-yeni təkliflərin gəlməsinə səbəb oldu. Bundan başqa Avropa Oyunlarının keçirilməsi xaricdən Azərbaycan geniş miqyaslı investisiyalar yatırılmasına şərait yaratdı. Uzun müddətdir dünya Azərbaycanı neft  ölkəsi kimi tanıyırdı, indi isə ölkəmizin dünyaya inteqrasiya etməsi kimi uğurlu nəticələrlə də tanına bildik”.



İqtisadçı ekspert Oqtay Haqvediyev ANN.Az-a açıqlamasında bildirib ki, bu tikilən infrastruktur, arenalar, idman zalları bu oyunlar keçirilməsə belə ölkəmiz üçün lazımlı idi: "Son 5-6 ilə nəzər salsaq görərik ki, Azərbaycanda idman sahəsinə maraq necə artıb. Cəmiyyət arasında deyənlər odu ki, tədbirə niyə bu qədər pul xərclənib? Bu çox səhv fikirdi. Azərbaycanın valyuta ehtiyatları hər adam başı üçün 9.000 min dollardı. Rusiyada bu rəqəm 2.500 dollardı. MDB dövlətləri arasında demək olar ki, adam başına düşən valyuta ehtiyatı Azərbaycandakı qədər deyil. Bu cür göstəriciləri nəzərə almaq lazımdır. Və hər yerindən duranın sözlərinə inanmaq lazım deyil. Çünki bu tədbirlərin Azərbaycanda keçirilməsi çox böyük hadisədir. Artıq dünya ölkələri bildi ki, ölkəmizdə belə şərait, avandılıq. imkanlar var və biz bu cür tədbirləri keçirməyə layiqik.  Həmin fikirdə olan insanlara bildirmək istəyirəm ki, bu tikilən arenalarda minlərlə iş yerləri açılıb, minlərlə insan özləri iş tapa biliblər. Həmin şəxslər bu oyunlardan sonra da həmin arenalarda işləyə biləcəklər. Bunun nəyi pisdi? İşsizliyin sayı azalıb. Bu oyunların keçirilməsinin iqtisadiyyatımızın zəifləməsinə heç bir aidiyyatı yoxdur”. 



Milli Məslis üzvü Zahid Oruc Avropa Oyunlarının keçirilməsinin Qarabağ probleminə hansı təsirlər edəcəyi məsələsinə aydınlıq gətirib. Deputat bildirib ki, I Avropa Oyunlarının Azərbaycanda baş tutması ölkəmizin sabit bir məkan olduğunu sübut etdi: "Azərbaycanda bu tədbirlərin keçirməsi ilə o, həm özünü, həm də bölgəni qoruyur. Bu, çox önəmli məsələdir. Nəzərə almalıyıq ki, klassik mənada  ölkələr arasında müharibə təkcə səngərdə getmir, yəni tək hərbiçilər vuruşmur, mübarizə həmçinin belə tədbirlərdə də davam etdirilir. Diplomatiya da, siyasətçilər də, idmançılar da, mədəniyyət sektorunun təmsilçiləri də eyni dərəcədə bu müharibənin subyektləridi. Yəni müasir dövrün savaşı hər sahə aparılır. Paytaxt Bakıda bu oyunların keçirilməsi Azərbaycan haqqında formalaşmış bəzi stereotipləri aradan qaldırdı. Yəni ölkəmiz haqqında düşünülən uydurma fikirlərin puç olduğu bir daha dünya ölkələrinə sübut olundu”. 

Z,Oruc onu da qeyd edib ki, bu tədbirin keçirilməsi nəticəsində dövlətimiz öz dostlarını və düşmənlərini müəyyən edə bilib: "Yəni bunu bir daha yaxından görmək imkanımız oldu. Avropa Oyunlarının keçirilməsi bu və ya digər formada Ermənistanın daxilinə təsir edirdi. Oyunlar ərəfəsində Ermənistanda etiraz aksiyalarının, mitinqlərin keçirilməsinin əsas səbəbi fikrimcə, erməni xalqının bu oyunları izləməsi oldu. Çünki onlar da artıq bildilər ki, bütün Avropa ölkələrinin nümayəndələri, üzvləri, idmançılar, vətəndaşları bu cür yüksək səviyyəli tədbirə gəliblər. Buna görə də erməni xalqı aşağı səviyyəli yaşam tərzinə və yaşayış səviyyəsinə dözməyib etiraz etdilər. Bundan başqa deyə bilərəm ki, təsəvvür edin ki, bu oyunlar Ermənistanda keçirilir və onların etdikləri ancaq bu olacaqdı: Qarabağın "guya” erməni torpağı olmasını sübut edəcək səhnələrin hazırlanması, Qarabağda yaşayan ermənilər, bir sözlə ancaq öz xeyirlərinə olan siyasi işlər yəni idmana aid heç bir görüntü,səhnələr olmayacaqdı. Onlar məqsədi yalnız öz əsassız siyasətlərini yürütmək olacaqdı. Amma biz də keçirilən oyunların açılış və bağlanış mərasiminin şahidi bütün dünya oldu. Fikrimcə, bundan sonra artıq şərhə ehtiyac yoxdu. Hər şey göz qabağında baş verdi. 

Qarabağ uğrunda savaşda bir kəndi azad edəcəyimiz təqdirdə, məsələn Zəngilandan, Qubadlıdan ümumiyyətlə işğal altında olan rayonlardan birindən hansı qəsəbə, kənd azad olunacaqsa və biz hansı sevinc hissini yaşayacayıqsa, biz bu oyunlar zamanı o duyğunu yaşadıq və gördük. Bu bizim üçün bir sınaq oldu”. 



İqtisadçı alim Fikrət Yusufov ən böyük uğur kimi Azərbaycanın bu oyunlar vasitəsilə bütün dünyaya daha yaxından tanıdılması olduğunu deyib: "Təsəvvür edin 17 gün ərzində I Avropa Oyunlarını bir milyarda qədər insan izləyə bildi. Bu, çox böyük bir auditoriyadır. Oyunların belə geniş bir auditoriyaya yayımlanması vasitəsilə biz Azərbaycanın bu günkü uğurlu iqtisadi, sosial durumunu hər kəsə göstərə bildik. Bu oyunların mənfi cəhətləri barəsində hansısa bir fikir söyləmək üçün sadəcə deletant olmaq lazımdır. Burada mənfi cəhət yoxdur və birmənalı şəkildə deyirəm, ola bilməz.

Son iki yay Olimpiya Oyunlarına ev sahibliyi etmiş Çin və İngiltərə buna əyani misaldır. Uzun illər dövlətçilik təcrübəsi olan Çin və İngiltərə Olimpiya Oyunlarına ev sahibliyinə yiyələnmək və bu yolla ölkələrini dünyaya daha geniş təbliğ etmək üçün mübarizəyə baş vurub istədiklərinə nail oldular. Azərbaycan isə Çin və İngiltərə ilə müqayisədə çox gəncdir, dünyada o qədər tanınmır. Bir dövlət olaraq iqtisadi, siyasi uğurlarımıza təzə-təzə imzalar atırıq. Odur ki, Avropa Oyunları kimi qitə yarışlarına ev sahibliyi etmək Azərbaycanın tarixi nailiyyətidir”.

Ekspert bildirib ki, ölkəmizin təbliğatına çəkilən xərclər heç kimi narahat etməməlidir, çünkü bundan ancaq xeyir görüləcək: "Təbliğata çəkilən xərc heç vaxt səmərəsiz olmur. Bu xərclər ölkəyə uzun müddət ərzində iqtisadi səmərə verəcəkdir”.

F.Yusufova I Avropa Oyunlarının xarakterinə və statusuna görə yay Olimpiya Oyunları səviyyəsində olduğunu vurğulayıb: "Bu oyunlarda 2008-ci ilin Pekin və 2012-ci ilin London olimpiadalarının hər birində iştirak etmiş atletlərin 2/3-i qədər idmançı iştirak etdi. Pekin Olimpiadasının təşkilinə 42 milyard ABŞ dolları sərf olunub. London Olimpiadasında isə xərclər 18 milyard dollar təşkil edib. Olimpiya xarakterli I Avropa Oyunlarının təşkilinə biz nə qədər vəsait xərcləmişik? Bu oyunların keçirilməsinə Azərbaycan hökumətinin çəkdiyi xərclər barədə mətbuatda müxtəlif rəqəmlər səsləndirilib. Əvvəlcə bəzi "ekspertlər” xərclərin 8 milyard manat təşkil etdiyini yazdılar. Sonra bu rəqəmi 2 dəfə azaldaraq 4 milyard manata endirdilər və nəhayət sonda bunun 3,5 milyard manat olduğunu bildirdilər. Təbii ki, sonuncu rəqəm də özündən əvvəlkilər kimi real deyil. Xərclərin faktiki həcmı bu günlərdə rəsmi şəkildə açıqlandı və hər kəsə bir də əyan oldu ki, bu rəqəm bir milyard ABŞ dollarından bir qədər artıqdır”.
 
Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM