İlham Əliyev: “Korrupsiyaya qarşı çox ciddi mübarizə aparılacaq”

10:08 | 25.12.2013
İlham Əliyev: “Korrupsiyaya qarşı çox ciddi mübarizə aparılacaq”

İlham Əliyev: “Korrupsiyaya qarşı çox ciddi mübarizə aparılacaq”

“Bəzi hallarda ədalət pozulur. Ədalət pozulduqda insanların inamı itir. Çünki ən böyük problem odur ki, beynəlxalq əlaqələrdə, ölkələr arasındakı münasibətlərdə və istənilən sahədə ədalət pozulur. Ona görə hər yerdə ədalət olmalıdır”. APA-nın məlumatına görə, bu barədə  Azərbaycan prezidenti İlham Əliyev dekabrın 24-də Bakının Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılış mərasimində sağlamlıq imkanları məhdud gənclərlə görüşündə deyib. Prezident İlham Əliyev ölkədə həyata keçirilən sosial islahatların davamlı olacağını vurğulayaraq ədalət prinsipinin cəmiyyətdə mühüm meyarlardan biri olduğunu qeyd edib: “Mən bilirəm, yəqin ki, siz də, ictimaiyyət də bilir, ünvanlı sosial yardım ilə bağlı problemlər var idi. Onlar aradan qaldırılacaq. Ədalətsizliyə yol verilirdi. Yardıma ehtiyacı olanlar yardım ala bilmirdilər. Ehtiyacı olmayanlara müəyyən şərtlərlə yardımlar verilirdi. Mən dəfələrlə vətəndaşlara müraciət etmişəm ki, xoşagəlməz hallar haqqında, ədalət pozulduqda məlumat versinlər”. Dövlət başçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün xoşagəlməz halları yaxın zamanda aradan götürəcəyinə əmin olduğunu deyib: “Artıq işlər başlanıb. Ciddi təmizlik işləri aparılır, rüşvətə, korrupsiyaya bulaşmış məmurlar işdən çıxarılır. Mən bunu alqışlayıram. Hər bir yerdə belə olmalıdır. Ədalət və eyni münasibət hamıya olmalıdır və olacaq”. Ölkə başçısı Dağlıq Qarabağ probleminə toxunaraq beynəlxalq əlaqələrdə də, beynəlxalq məsələlərdə də ədalətin pozulduğunu qeyd edib: “Bizim Qarabağ kimi problemimiz ona görə həll edilmir ki, ədalət yoxdur. Beynəlxalq hüquq, ədalət, tarixi ədalət pozulur. Ancaq bəzi ermənipərəst qüvvələr bunu görmək istəmirlər. Ədaləti bərpa edəcəyik, həm ölkə daxilində, həm beynəlxalq müstəvidə”. Prezident İlham Əliyev çıxışında korrupsiyaya qarşı mübarizə məsələsinə toxunaraq, növbəti dəfə məmurlara ciddi xəbərdarlıq edib: “Ona görə istəyirəm ki, bu gün məni bütün məmurlar bir daha eşitsinlər. Mən bu barədə dəfələrlə demişəm. Azərbaycan dövləti korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi və güzəştsiz, amansız mübarizə aparacaq. Ədalət prinsipləri hər yerdə bərqərar olmalıdır. Həyatda, ailədə və cəmiyyətdə ədalət həmişə zəfər çalmalıdır. Ulu öndər Heydər Əliyev bunu hələ 1970-ci illərdə demişdi”. “Dahi Nizaminin kəlamıdır “Qoy ədalət zəfər çalsın”. Bu gün də aktualdır. Hər bir ölkə üçün aktualdır, təkcə Azərbaycan üçün yox. Amma biz Azərbaycanda nümunəvi cəmiyyət formalaşdırırıq. Ona görə burada xoşagəlməz hallara yer olmamalıdır”, deyə prezident İlham Əliyev vurğulayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti