İlham Əliyev: “Ölkə sürətlə inkişaf edir"

09:26 | 26.02.2014
İlham Əliyev: “Ölkə sürətlə inkişaf edir"

İlham Əliyev: “Ölkə sürətlə inkişaf edir"

“Sumqayıt şəhərində üç zavodun fəaliyyətə başlaması Azərbaycanda sənayenin inkişafının təzahürüdür. Sənayenin inkişafı bizim üçün prioritetdir və təsadüfi deyil ki, bu il Azərbaycanda “Sənaye ili” elan edilib”.APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev   fevralın 25-də "Azərsun Sənaye Parkı"nın nəzdində yaradılan Sumqayıt yağ fabrikinin açılışındakı çıxışı zamanı deyib.Dövlət başçısı Azərbaycanda qeyri-neft sənayesinin inkişafının yüksək sürətlə getməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıb: “Əslində, bu islahatlar artıq uzun illərdir ki, aparılır. Bu islahatlar nəticəsində bu gün Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafı, neft amilindən asılılığımızın azaldılması idi. Biz demək olar ki, buna nail ola bilmişik. Hazırda bizim ümumi iqtisadi potensialımızın 55 faizi qeyri-neft sektorunda formalaşır. Əlbəttə, biz gələcəkdə çalışmalıyıq ki, qeyri-neft sənayesinin inkişafı daha da sürətlə getsin. Belə böyük zavodların fəaliyyətə başlaması əlbəttə ki, bu istiqamətdə aparılan siyasətin nəticəsidir”. Prezident İlham Əliyev burada istehsal olunan məhsulların rəqabətqabiliyyətli məhsullar olduğunu qeyd edib: “Bu da əsas məsələdir. Biz çalışmalıyıq ki, Azərbaycanda yaranmaqda olan, yaxud da ki, yaradılacaq bütün zavodların məhsulları rəqabətqabiliyyətli olsun, dünyanın istənilən ölkəsinə ixrac edilə bilsin və beləliklə, biz xarici bazarlara keyfiyyətli hazır məhsullarla daha da böyük həcmdə çıxa bilək”. Ölkə başçısı bu gün iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artdığını qeyd edərək, beynəlxalq qurumların da bunu qeyd etdiyini vurğulayıb: “Belə zavodların fəaliyyətə başlaması bizim potensialımızı daha da artıracaq. Bu zavodlarda yüzlərlə iş yerləri açılır, yüksək maaş verilir. Gələcəkdə sənayenin inkişafı daha da sürətlə gedəcək”.Dövlət başçısı Sumqayıt şəhərinin Azərbaycanın sənaye mərkəzi, Bakıdan sonra Cənubi Qafqazda ikinci böyük sənaye şəhər olduğunu qeyd edib.  Sumqayıt sənaye şəhəri kimi yaradılıb: “Hazırda Sumqayıt müasir sənaye şəhərinə çevrilir. Burada onlarla zavod, fabrik fəaliyyət göstərir. Sumqayıt Texnologiyalar Parkı neçə ildir ki, fəaliyyət göstərir. Texnologiyalar Parkında 13 zavod fəaliyyət göstərir, 5 zavod tikilir. Keçən il Sumqayıtda Kimya Sənaye Parkının təməl daşı qoyulub. 200 hektara yaxın ərazidə yaxın illərdə böyük bir sənaye şəhəri yaradılacaq. O zavodların fəaliyyəti genişlənəcək. Bir sözlə, Sumqayıt müasir sənaye şəhəri kimi bu gün ölkəmizin sənaye potensialının inkişafında mühüm rol oynayır. Demək olar ki, işsizlik aradan qaldırılıb. Sumqayıtda sosial infrastrukturun yaranmasına diqqət göstərilir. İnfrastruktur layihələri icra edilir, şəhər abadlaşır, yeni xiyabanlar salınır, binalar bərpa edilir. Sumqayıt parklar şəhərinə çevrilir. Əlbəttə ki, sənayenin inkişafı sosial sahənin inkişafı ilə də birbaşa bağlı olmalıdır”. Azərbaycan prezidenti ətraf mühitin qorunmasına böyük diqqət göstərildiyini bildirərək bu gün Sumqayıtda fəaliyyətə başlayan bütün sənaye müəssisələrinin ən yüksək ekoloji standartlara cavab verməli olduğunu qeyd edib: “Qarşıya bu məqsəd qoyulub, nəinki Sumqayıtda, bütün Azərbaycanda fəaliyyət göstərən zavodlarda ekoloji standartlar ən yüksək səviyyədə olmalıdır. Çünki vaxtilə Sumqayıtın ekoloji vəziyyəti ilə bağlı problemlər olub. Bu problemlər demək olar ki, aradan qaldırılıb. Bir sözlə, bu gün “Sənaye ili”ndə əlamətdar bir gündür. Bu zavodların fəaliyyətinə dəstək olan bütün vətəndaşlara öz minnətdarlığımı bildirmək istəyirəm. Burada əlbəttə ki, investorlar əsas rol oynayıb, böyük investisiyalar qoyulub. Hər iki zavoda 90 milyon manat investisiya qoyulub. Bu, investorların Azərbaycan iqtisadiyyatına verdikləri dəstəkdir, Azərbaycanın uğurlu gələcəyinə onların inamının təzahürüdür. Çünki ölkəmiz sürətlə inkişaf edir, bütün məsələlər uğurla həll edilir. Biz çalışmalıyıq ki, daxili və xarici investorları Azərbaycana daha da çox cəlb edək. Burada biznes mühiti də yaxşıdır. Gəlirli sahələr yaradılır. Yəni, həm sahibkarlar, həm burada işləyənlər, həm də dövlət bundan fayda götürür və götürməlidir. Bax, bu müştərək fayda əsasında Azərbaycan iqtisadiyyatı inkişaf edir”. “Bu gün özəl sektor iqtisadiyyatımızın əsas hissəsini təşkil edir. Biznes üçün gözəl şərait yaradılıb. İş adamları ilə mənim mütəmadi görüşlərimdə daim onlara öz dəstəyimi göstərirəm. Dövlət öz xətti ilə maliyyə resurslarını da cəlb edir, hər iki zavodda Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti də nəzərdə tutulub. Yəni burada dövlət və özəl sektor bir məqsədi güdür ki, ölkə inkişaf etsin, sənaye potensialı möhkəmlənsin, güclənsin, insanlar işlə təmin olunsunlar. Bax biz bundan sonra da bu yolla gedəcəyik. Bu zavodların uğurlu fəaliyyəti ölkəmizin ümumi inkişaf strategiyasını əks etdirir”, deyə prezident bildirib. Prezident İlham Əliyev bildirib ki, kağız və karton istehsalat kombinatının fəaliyyəti sayəsində nəinki Sumqayıtda, bütün respublikada məntəqələr açılacaq, orada da iş yerləri yaradılacaq: “O köhnə kağızları yığmaq üçün məntəqələr yaranacaq və biz, eyni zamanda, ekoloji problemlərin həllinə də töhfəmizi vermiş oluruq. Çünki hazırda köhnə kağızlar, qəzetlər, sıradan çıxmış digər əşyalar yandırılır və havanı çirkləndirir. İndi bütün kağız tullantıları burada yığılacaq və beləliklə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına da biz dəstək olacağıq. Bu iki müəssisənin xüsusiyyəti ondan ibarətdir ki, onların fəaliyyəti nəticəsində biz karton, kağız və bitki yağları sahəsində özümüzü 100 faiz təmin edəcəyik. Yəni, qarşıya bu hədəf də qoyulub. Mən dəfələrlə demişəm ki, Azərbaycanda tələb olunan bütün məhsullar istehsal edilməlidir. İxrac potensialı da yaradılır. Həm bitki yağları, həm kağız-karton məhsulları xaricə ixrac ediləcək”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM